Hande Harmancı: Tətbiq olunan sərt karantin qaydaları 10-14 gün ərzində yoluxma sayında azalmaya səbəb olacaq

Hande Harmancı: Tətbiq olunan sərt karantin qaydaları 10-14 gün ərzində yoluxma sayında azalmaya səbəb olacaq

Bakı, 4 iyun, AZƏRTAC

Avropada 2 milyondan çox insan COVID-19-a yoluxub, onlardan 180 mindən çoxu vəfat edib. Son vaxtlar qitədə yoluxanların sayı azalıb.

AZƏRTAC-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

Hande Harmancı bildirib ki, hazırda dünya pandemiyanın birinci mərhələsindədir və hər bir ölkə koronavirusla mübarizədə hansı addımların səmərəli olacağını bilir.

Onun sözlərinə görə ölkəmizdə son günlər qeydə alınan mənfi tendensiya qaydaların sərtləşdirilməsini zəruri edir. Tətbiq olunan sərt karantin qaydaları 10-14 gün ərzində yoluxma sayında azalmaya səbəb olacaq.

“Dünyanın dörd bir yanında peyvəndin hazırlanması üzərində iş gedir. Peyvənd hazırlanandan sonra onun hamıya əlçatan olması təmin ediləcək. Lakin həmin vaxtadək özümüzü virusdan qorumaq üçün maksimum diqqətli olmalı, qaydalara əməl etməliyik. Bunu təkcə özümüzü deyil, yaxınlarımızı da düşünüb etməli və virusla yaşamağa öyəşməliyik”, - deyə ÜST rəsmisi qeyd edib.

Mənbə: azertag.az