Tanınmışlardan xalqa çağırış: “Bu boyda yalan olar?”

Tanınmışlardan xalqa çağırış: “Bu boyda yalan olar?”

Azərbaycanda pandemiya ilə əlaqədar tətbiq edilmiş sərt karantin rejiminin mərhələli yumşaldılması koronavirusa yoluxmaların sayını kəskin artırıb. Restoranların, parkların, ticarət mərkəzlərinin fəaliyyətə başlaması, sosial məsafənin gözlənməməsi, maska taxmaq tövsiyəsinə məsuliyyətsiz yanaşma qorxunc vəziyyət yaradıb.

Lakin bəzi vətəndaşlar sərt karantin rejiminin əleyhinə çıxırlar, maska taxmırlar, sosial təcrid qaydalarına riayət etmirlər. Hətta polisin maska taxmaq tələbinə əməl etməyib qarşıdurmaya gedən vətəndaşlar var ki, barəsində cinayət işi açılıb.

Ancaq insanlar qəbul etmək istəmirlər ki, dövlətin atdığı bütün addımlar ona görədir ki, Azərbaycanda koronavirusa yoluxma artmasın, ölkə İtaliya, İspaniya, Fransanın vəziyyətinə düşməsin.

Çox təəssüf ki, bunu görməzdən gələnlər olur, hökumətin pandemiya ilə mübarizədə verdiyi qərarlara şəxsi müstəvidən yanaşanlara rast gəlinir.

Halbuki dövlətin qərarları yalnız bir hədəfə külüng vurur – koronavirusun Azərbaycandan tamamilə yox olub getməsi…

Lakin görünür, bu məsələdə xalqın özünün də həmrəy olmasına, dəstək verməsinə, qoyulan qadağalara riayət etməsinə ciddi şəkildə ehtiyac var.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, vəziyyət təhlükəli səviyyəyə gəlib çatıb.

Onun sözlərinə görə, karantinin yumşalması nəticəsində ehtiyatsız davranan bəzi vətəndaşlar vəziyyəti ağırlaşdırdılar: “Son günlərdə yoluxma həddindən artıq çoxalıb.

Asim Mollazadə: “İnsanları məsuliyyətli olmağa çağırıram”

Asim Mollazadə

İnsanlar karantinin yumşalmasından sonra nə maska, nə əlcək taxdılar, nə sosial məsafə saxladılar. O baxımdan sərt karantin rejiminə qayıtmağa ehtiyac var. Bu da vətəndaşlarımızın sağlamlığını qorumaq üçündür”.

A.Mollazadə insanları məsuliyyətli olmağa çağırdı: “Xəstəlik sürətlə yayılır və yoluxma artır. Ona görə hesab edirəm ki, sərt addımlar atılmalıdır. İnsanlar məsuliyyətli davranmalı, sosial təcridə riayət etməli, özlərini və yaxınlarını qorumalıdırlar”.

Qulamhüseyn Əlibəyli: “Sosial təcrid qaydalarına ciddi yanaşılmalıdır”

Qulamhüseyn Əlibəyli

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirdi ki, pandemiya ümumi bir bəladır. Onun fikrincə, dövlətin virusa qarşı mübarizədə atdığı addımlarda başqa amillər axtarmaq yersizdir.

Partiya sədri hesab edir ki, karantinin sərt dövründə vətəndaşlar sosial izolyasiya qaydalarına ciddi şəkildə riayət etdiyi üçün yoluxma azalmışdı.

“Lakin karantinin yumşalması yoluxmaların sayının kəskin artımına səbəb oldu. Bunu Operativ Qərargah da təsdiqləyir, gələn xəbərlər də göstərir.

Odur ki, sosial təcrid qaydalarına ciddi şəkildə yanaşılmalıdır. Xalqımızın sağlamlığı naminə atılan bu addımlar ölkənin daha böyük fəlakətlə üzbəüz qalmamasına hesablanıb. İnsanlarımızı məsuliyyətli olmağa çağırıram, maska taxsınlar, bu sahə üzrə həkimlərin tövsiyələrinə əməl eləsinlər ki, koronavirus bəlası millətimizin üstündən tezliklə sovuşsun, az itki ilə pandemiyadan çıxaq”.

Q.Əlibəylinin sözlərinə görə, sərt qərarlar və qadağalar insanlarda narazılq yarada bilər: “Amma vətəndaşlarımız nəzərə almalıdır ki, həftə sonu karantinin sərtləşdirilməsi gözləntisi məhz son günlər yoluxmanın üçqat artmasıdır. Ümumilikdə, görülən tədbirlər pandemiyanın gedişatına uyğun olmalıdır”.

Rasim Balayev: “Qəribə millətik, bu boyda yalan olar?”

Xalq artisti Rasim Balayev

Xalq artisti Rasim Balayev “Yeni Müsavat”a insanların koronavirusa inanmamasından giley-güzar etdi: “Deyirlər ki, pandemiya yoxdur, yalandır. Qəribə millətik. Bu boyda yalan olar? Bütün dünyanı virus sarıyıb, bizimkilər inanmaq istəmirlər.

Camaata deyirsən ki, maska tax, qorun, elə bil acığa əleyhinə gedir. Mən bu mənasız lovğalığı başa düşmürəm. Dövlət sənin yaxşılığın üçün çağırış edir ki, sabah yoluxanlardan biri də olmayasan.

Əlbəttə ki, ölüm haqdır, hamımız bu dünyadan gedəcəyik. Di gəl, infeksiyadan özünü qorumayıb öləsən?!”

R.Balayev hesab edir ki, sosial təcridə riayət olunmalı, maska taxılmalı, tövsiyələrə həssaslıq göstərilməlidir: “Bir dünyanı izləyin, görün epidemiya hansı fəsadlar yaradır. Başa düşmək olmur ki, maska taxmaq nə çətin işdir? Adamın dostu vəfat edir, görün hansı vəziyyət yaranıb ki, qoyulan rəsmi qaydalara görə yasa gedə bilmirsən. İnsanlar fikirləşməlidir ki, riayət edək, bu bəla tez qurtarsın. Ancaq baxırsan ki, əməl eləmirlər. O gün metroda adamları tutublar. Polis deyib maska tax, onlar da söz eşitməyib, qarışıqlıq olub. Bu insanlar niyə adi maska taxmağı problem edir?

Prezident özü maska taxır, bunlar məhəl qoymurlar. Mən bir daha xalqımıza çağırış edirəm ki, atılan addımlar onların sağlamlığı naminədir, narazılıq eləməsinlər, müvəqqəti çətinliyə dözsünlər, riayət etsinlər”.

Professor Adil Qeybulla

Professor Adil Qeybulla Axar.az-a bildirib ki, karantinin yumşaldılması dövründən sonra xeyli yoluxma var: “Bu, onunla əlaqədardır ki, insanlar artıq heç bir qoruyucu tədbir görmədən, mövcud situasiyanı birmənalı şəkildə iqnor edərək kütləvi şəkildə təmaslarda olublar.

Yumşaldılmalardan sonra restoranlara, şəhərin mərkəzinə, parklara kütləvi axın oldu. Açıq şəkildə toplaşmalar, yığıncaqlarla bağlı fotolar paylaşılırdı sosial şəbəkələrdə.

Əksər yaşayış yerlərinin qarşısında, həyətində indi də insanların toplaşdığını görürük. Bununla hansı infeksiyaya qalib gəlmək olar?

Qoyulacaq heç bir qadağa, sərtləşdirmə məsələnin həlli deyil. Həftə sonu məhdudiyyət tətbiq edib, yenidən həftə içi həyat normal davam edəcəksə, bu, yoluxma sayını azaltmayacaq”.

Mənbə: reportyor.info