İndoneziya koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətləri yumşaldacaq

İndoneziya koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətləri yumşaldacaq

Tokio, 5 iyun, AZƏRTAC

İndoneziyanın paytaxtı Cakartanın hakimiyyət orqanları koronavirus pandemiyasına görə burada tətbiq edilən məhdudiyyətləri mərhələlərlə yumşaldacaq.

AZƏRTAC xəbər verir ki, Cakarta hökuməti bu barədə qərarı paytaxtda virusa yoluxma hallarının azalması ilə bağlı qəbul edib.

Bildirilir ki, iyunun 5-də məscidlərə və digər dini obyektlərə qapılarını açmaq icazəsi verilib. Yerli biznes, restoranlar və ictimai nəqliyyat isə fəaliyyətini iyunun 8-də bərpa edəcək.

Virusun yayılmasının qarşısını almaq məqsədilə ofis əməkdaşlarından əvvəllər olduğu kimi, tibbi maska taxmaları və ən azı bir metr sosial məsafəni gözləmələri xahiş olunur.

Qeyd edilir ki, koronavirus pandemiyası İndoneziya iqtisadiyyatına böyük zərbə vurub, təqribən 3 milyon nəfər iş yerini itirib. Artıq bir sıra əyalətlərdə yerli biznesin fəaliyyətinin bərpasına icazə verilib.

Bununla yanaşı, bəzi mütəxəssislər hər gün təqribən 600 nəfərin koronavirusa yoluxması faktını nəzərə alaraq, yumşaldılmaların əleyhinə çıxış edirlər.

Əlavə olaraq bildirək ki, son məlumatlara görə İndoneziyada 28 min 818 nəfər koronavirusa yoluxub, 1721 nəfər həyatını itirib. Bu rəqəmlər Cənub-Şərqi Asiya ölkələri arasında ən yüksək göstəricilərdir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Mənbə: azertag.az