Ekspress marşrutların fəaliyyəti nə vaxt dayandırılacaq? - AÇIQLAMA

Ekspress marşrutların fəaliyyəti nə vaxt dayandırılacaq?  - AÇIQLAMA

Xüsusi karantin rejimi yumşaldıldıqdan sonra insanlar kiçik davranış qaydalarına belə əməl etməməyə başlayıb. Belə ki, nəqliyyat vasitələrində əksəriyyət maska taxmır, sosial məsafəyə isə ümumiyyətlə, riayət edən yoxdur. Hətta insanlar oturacaqlarda yazılan “sosial məsafəni qoruyun” sözlərini görməzdən gəlirlər. Digər bir narahatlıq isə ekspress xətt avtobuslarının fəaliyyəti ilə bağlıdır.

Məlumdur ki, bir neçə gün əvvəl iyunun 4-dən etibarən ekspress marşrutları üzrə sərnişin daşımaların dayandırılacağı bildirildi. Lakin ötən gün belə bir şey baş vermədi. Əgər bu baş versə, avtobuslarda sərnişin sıxlığın yaranacağı qaçılmazdır. Maraqlıdır, təkrar ekspress marşrutları üzrə sərnişin daşımaların dayandılması ilə bağlı qərar verilə bilərmi?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev bildirib ki, hazırda da bu marşrutların yığılması gözləniləndir: “Ekspress xətlər bu gün də fəaliyyət göstərir. Ötən gün üçün fəaliyyətinin dayandırılması nəzərdə tutulmuşdu, lakin bu, tətbiq edilmədi. Bildirim ki, ekspress marşrutların fəaliyyətinin dayandırılması gözlənilir və bununla bağlı əvvəlcədən məlumat veriləcək. Avtobuslarda sosial məsafənin qorunması və maska taxmaq isə birbaşa sərnişinlərin özlərinin sosial məsuliyyəti ilə bağlıdır. BNA tərəfindən bütün zəruri tədbirlər görülür. O mənada ki, səhər və axşam saatlarında əlavə sayda həm ekspreslərə, həm müntəzəm marşrutlara avtobuslar buraxılır. Eyni zamanda sosial məsafə, maska, infeksiyanın profilaktikası ilə bağlı metodik göstəricilər var. Həmin qaydalara əməl olunması üçün maarifləndirmə tədbirləri həyata keçirilir”.

Mənbə: yenisabah.az