Azərbaycanda "Özün Yarat" adlı platforma istifadəyə verilir

Azərbaycanda "Özün Yarat" adlı platforma istifadəyə verilir

Bakı - Trend:

5 iyun Beynəlxalq Ətraf Mühit günündə yeni bir layihə reallaşdırılıb.

Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, bu gün dünya əhalisinin diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək, ekoloji şüurun yüksəldilməsi məqsədilə 1972-ci ildən başlayaraq hər il qeyd olunur:

"Ətraf mühitə qayğı yaşından, ixtisasından, vəzifəsindən, milliyətindən, dinindən asılı olmayaraq hər kəsi birləşdirən bir dəyərdir. Çox sevindiricidir ki, ölkəmizdə könüllü təbiətsevərlərin sayı artır, ətraf mühit problemlərinə qarşı ictima qınaq formalaşır, insanlar artıq laqeyd mövqe tutmadan problemlərin həlli istiqamətində öz köməklərini əsirgəmirlər. Bu gün ekokönüllü komandamızın üzvləri artmaqdadır, gənc nəsillə birgə yaşlı nəsil də böyük həvəslə bu komandanın bir parçasına çevrilirlər.

Bu il pandemiya şəraitinə uyğun olaraq kütləvi tədbirləri keçirə bilməsək də, həm KİV, sosial şəbəkələr vasitəsilə, həm də onlayn görüşlər formatında müxtəlif maarifləndirici məlumatlar verilir, çağırışlar səslənir".

S.Məmmədova məhz bu gün – Beynəlxalq Ətraf Mühit günündə Azərbaycanda "Özün Yarat" adlı platformanın istifadəyə verildiyini və platformanın Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində hazırlandığını bildirib, platformanın nədən ibarət olduğunu açıqlayıb:

“Tullantılar ətraf mühiti çirkləndirən başlıca problem olduğundan onların düzgün idarə edilməsi hər zaman diqqət mərkəzindədir. Ölkəmizdə dövlət səviyyəsində görülən tədbirlərlə yanaşı, insanların ekoloji maarifləndirilməsi, onlarda tullantıları düzgün çeşidləmə vərdişlərinin yaradılması ön plandadır. “Özün Yarat” hərəkatı ətraf mühit tullantılarının azaldılması üçün bir təbliğat vasitəsidir. İnsanlar plastik, şüşə, kağız tullantılara yeni həyat verərək, onları tullamadan yeni əşya kimi istifadəyə qaytaracaqlar və hazırladıqları işlərlə müsabiqəyə qatılacaqlar. Sonda ilk 10 yerin müəllifi mükafatlandırılacaq".

Mənbə: az.trend.az