Bu gün Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Bu gün Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

7 iyun Ümumdünya Qida Təhlükəsizliyi Günüdür.

APA bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının 2018–ci il 20 dekabr tarixli qərarında qeyd edilir. Bu qərar ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, dünyada ərzaq istehsalat-təchizat zəncirinin daha da mürəkkəbləşdiyi, qida məhsullarının təhlükəsizliyi ilə bağlı istənilən xoşagəlməz hadisələrin insanların sağlamlığına, ticarətə, ümumilikdə bütün dünya iqtisadiyyatına mənfi təsiri nəzərə alınaraq təsis edilib.

Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada hər il müxtəlif kimyəvi, bakteriya, virus, parazit və toksin kimi maddələrlə çirklənmiş qidaların istehlak edilməsi nəticəsində təxminən milyonlarla insanda qida zəhərlənmələri baş verir. Nəticədə Yer kürəsinin hər 10 sakinindən biri tibbi müayinəyə ehtiyac duyur. Təhlükəsiz qida ilə qidalanmadıqda mədə-bağırsaq infeksiyalarından tutmuş xərçəngə qədər 200-dən artıq xəstəliyə yoluxma halı baş verir.

Ümumdünya Qida Təhlükəsizliyi Günü həmin təhlükələrə diqqət çəkmək üçün Kodeks Alimentarius Komissiyasının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Dünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə qeyd edilir.

Qeyd edək ki, Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması məqsədilə Prezident İlham Əliyevin 2017-ci il 10 fevral tarixli “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılıb.

Mənbə: apa.az