Yeni düşüncə modelimiz necə olmalı?!

Yeni düşüncə modelimiz necə olmalı?!

Ramin Allahverdi,
Filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı-yazar

Çox vaxt həyatımızda qazandığımız nəticələr heç də ürəyimizcə olmur. Çox vaxt da bunu düzgün araşdırmırıq. Bəs əslində bizim nəticələrimizə təsir göstərən amil nədir?! Təbii ki, ürəyimizcə olmayan Nəticənin necə baş verdiyini anlamaq üçün hər şeydən əvvəl bunu yarada biləcək mənbəni axtarmalıyıq. Araşdırmalar gğstərir ki, öz düşüncə tərzimiz qazandığımız sinuca təsir edir. Məsələ bundadır ki, düşüncə tərzimiz, başqa cür desək, fikirlərimiz bizim duyğularımıza və davranışlarımıza təsir edir. Davranışlarımız isə müəyyən hərəkətlər etməyimizə zəmin olur və Nəticə ortaya çıxır.

Sadə bir misal bunu sübut edə biləcək. Tutaq ki, universitetə təzə qəbul olunmuş 3 nəfərik; bir-birimizi indiyədək tanımayan və təzəcə tanış olan şəxslər, yəni Mən, Sən və O, yataqxanada bir otağı müvəqqəti yaşamaq üçün icarəyə götürdük. Açarı alıb gəldik, otağın qapısını açıb mənzilə daxil olduq. Məlum oldu ki, otaq səliqəsizdir, ortalıq tör-töküntüdür, zibil dizəcəndir. Təbii ki, otaq təmizlənməlidir. Amma kim təmizləsin? Necə təmizləsin?! Sual budur. Təsəvür edək ki, biz 3 yoldaş, yəni, Mən, Sən və O, eyni düşüncədəyik. Düşüncəmizə hakim olan fikir isə bu cürdür: “Başqası etsin, mən də edərəm”. Bu fikir (tezis) cəmiyyətdə insanlar arasında ən çox yayılmış bir düşüncə modelidir (düsturudur). İndiki vəziyyətimiz həmin modelə görə belə təsbitlənir: “Başqası yığışdırsın, mən də yığışdıraram”. Yəni mən düşünürəm: “Başqası yığışdırsın, mən də yığışdıraram”, sən də düşünürsən:, “Başqası yığışdırsın, mən də yığışdırım”, o da düşünür: “Başqası yığışdırsın, mən də yığışdırım”. Bu düşüncə modelinə uyğun hərəkət edirik. Hər üşümüz eyni vaxtda düşünürük ki, əvvəlcə başqası yığışdırsın. Otaq təmizlənəcəkmi?! Təbii, yox. Yəni həmin yanlış fikir davranışımıza təsir etdi. Nəticədə otaq zibilli qaldı.

İndi isə, gəlin, düşüncə tərzimizdə dəyişiklik edək. Belə düşünək: ““Mən edim, başqası da edər”. Bu tezis (model), təəssüf ki, insanların az müraciət etdiyi modeldir. Bizim indiki vəziyyətimizə görə, model bu cür olacaq: “Mən yığışdırım, başqası da yığışdırar”. Bu zaman nə baş verir?! Hər üçümüz eyni vaxtda: “Mən yığışdırım, başqası da yığışdıracaq” deyə düşünürük. O zaman hər üçümüz başqasını gözləmədən bu işi görməyə başlayacağıq və nəticədə otaq təmizlənəcək. Düşüncə tərzimizi dəyişəndən sonra davranışımız da dəyişəcək və tamamilə fərqli – müsbət nəticə alınacaq.

Beləliklə, xoşumuza gəlməyən, bizi qane etməyən Nəticələrimizi dəyişdirmək üçün əvvəlcə düşüncə tərzimizi sorğulamalı, ilkin mənbəyə baxaraq, istədiyimiz Nəticəni ala bilməyimizə mane olacaq fikrləri yenisi ilə əvəz edəcəyik. Yəni istədiyimiz Nəticəni əldə etməyimiz üçün zəmin olacaq fikirləri tapıb dərhal hərəkətə keçməliyik. Bəli, “Mən edim, başqası da edər” tezisi üzərində qurulan düşüncə modeli çox vacibdir; istənilən məsələ ilə bağlı tətbiq edə bilərik.

Mənbə: www.bizimyol.info