Gənclərin iştirakı ilə keçirilən növbəti onlayn tədbir qaçqın və məcburi köçkünlərin hüquqlarına həsr edilib (FOTO)

Gənclərin iştirakı ilə keçirilən növbəti onlayn tədbir qaçqın və məcburi köçkünlərin hüquqlarına həsr edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə elan olunmuş İnsan Hüquqları Aylığı ilə əlaqədar Gənclər və İdman Nazirliyi ilə birgə onlayn formada “Gənclərin hüquqları” adlı silsilə maarifləndirmə tədbirləri keçirilir.

Ombudsman Aparatından Trend-ə bildirilib ki, bu formatda 18 iyun – İnsan Hüquqları Günü və 20 iyun – Beynəlxalq Qaçqınlar Günü ərəfəsində Ombudsman Aparatının əməkdaşlarının, Laçın, Füzuli, Ağdam, Xocalı, Şuşa, Xocavənd, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Zəngilan və Tərtər rayonlarının Gənclər və İdman İdarələrinin rəhbərlərinin və fəal gənclərin iştirakı ilə keçirilmiş növbəti görüş “Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli sahəsində görülən işlər və qarşıda duran vəzifələr” mövzusuna həsr edilib.

Tədbiri giriş sözü ilə açan Laçın Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Mustafayev iştirakçıları salamlayıb, məcburi köçkün gənclərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sıx məskunlaşdıqları məkanlarda sosial infrastrukturun təkmilləşdirilməsi, yeni iş yerlərinin yaradılması, mikrokreditlərin verilməsi, peşə təlimlərinə cəlb edilməsi yolu ilə məşğulluq imkanlarının artırılması və digər bu kimi aktual məsələlərin daim dövlətimizin diqqət mərkəzində olduğunu bildirib.

“Qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunmasında Ombudsmanın yanaşması:müasir təcrübə və perspektivlər” adlı məruzə ilə çıxış edən Ombudsman Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova ölkəmizdə qaçqın və məcburi köçkün probleminin xüsusiyyətləri və ictimaiyyətin diqqәtinin onların hüquqlarının daha səmərəli müdafiəsinə yönәldilmәsinin vacibliyi barədə məlumat verib, bu kateqoriyadan olan insanların pozulmuş hüquqlarının bərpası məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan əhalisinin on faizini təşkil edən qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarını Ermənistanın etnik təmizləmə siyasəti, hərbi təcavüzü və ərazilərimizin işğalı nəticəsində tərk etməyə məcbur olduğu, nəticədə onların demək olar ki, bütün fundamental insan hüquq və azadlıqlarının pozulduğu diqqətə çatdırılıb.

Qaçqın və məcburi köçkünlərin sosial ehtiyaclarının ödənilməsi, hüquqlarının təmini ilə bağlı Müvəkkilə ünvanlanan müraciətlərin operativ şəkildə araşdırıldığı, bununla əlaqədar aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar, təklif və tövsiyələr verildiyi, görülmüş birgə tədbirlər nəticəsində onların təhsil, sağlamlıq, məşğulluq, sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün güzəştli kreditlərin əldə olunması,özünüməşğulluq proqramına cəlb edilməsi, bəzi yerlərdə əkin üçün torpaq sahəsinin ayrılması, kommunal sahədə müəyyən edilmiş problemlərinin aradan qaldırılması istiqamətində zəruri addımların atıldığı bildirilib.

 

Tədbirdə çıxış edən Ombudsman Aparatının şöbə müdirinin müavini - Beynəlxalq əlaqələr sektorunun müdiri Zaur Vəliməmmədli yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə görülən işlərə toxunaraq bu çətin dövrdə əhalinin həssas quruplarının hüquqlarının müdafiəsinin prioritet məsələlərdən biri olduğunu, buna görə də cari ilin 24 mart tarixində ölkədə xüsusi karantin rejimi elan olunması ilə əlaqədar Müvəkkilin xüsusilə əhalinin sosial cəhətdən həssas qruplarının, o cümlədən əlilliyi olan şəxslərin, miqrantların və uşaqların hüquqlarının səmərəli təmini ilə bağlı aidiyyəti dövlət qurumlarına ünvanlanmış müraciətlərində mövcud şəraitdə bu qəbildən olan şəxslərin ehtiyaclarının təxirəsalınmaz şəkildə qarşılanması, hüquqlarının tam şəkildə təminatı üzrə bir sıra təklif və tövsiyələrin də öz əksini tapdığını bildirib.
Müvəkkilin pandemiya dövründə Ermənistan silahlı qüvvələrinin bölmələrinin beynəlxalq çağrışlara məhəl qoymadan cəbhənin müxtəlif istiqamətlərində Azərbaycanın mövqelərini, eləcə də dinc əhalinin yaşayış yerlərini davamlı olaraq atəşə tutaraq atəşkəs rejimini pozmasını qınayan bəyanat verdiyi barədə də tədbir iştirakçılarına məlumat verilib.

Sözügedən bəyanatda BMT-nin məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Sesilia Jimenez-Damarinin dünya dövlətlərinə ünvanlanan COVID-19-la bağlı 1 Aprel 2020-ci il tarixli bəyanatına istinad edilərək münaqişə zonasına yaxın yaşayış məntəqələrində pandemiya səbəbindən həyat şərtlərinin daha da ağırlaşdığının qeyd olunduğu bildirilib. Vurğulanıb ki, həmin ərazilərdə yaşayan insanların təmiz su ilə təmin olunması, onların gigiyena və sanitar xidmətlərə əlçatanlığı infeksiya ilə mübarizədə olduqca böyük əhəmiyyət daşıyır, lakin Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin mütəmadi şəkildə pozulması mövcud vəziyyəti daha da ağırlaşdırır.

Müvəkkilin davamlı olaraq beynəlxalq qurumlara Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə layiqli hüquqi qiymətin verilməsi və beynəlxalq hüquq normalarının pozulmasının qarşısının alınması ilə əlaqədar bəyanatlar ünvanladığı qeyd olunub.
Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov da Müvəkkilin təşəbbüsü ilə hər il ənənəvi olaraq, mayın 18-dən iyunun 18-dək respublikamızda elan olunan İnsan Hüquqları Aylığının əhəmiyyətindən danışıb.
“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Gülməmməd Məmmədov isə öz çıxışında qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli sahəsində icma səviyyəsində görülən işlər və gələcək perspektivlərdən danışıb. O, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması, işğal nəticəsində Azərbaycanın təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması faktının dünya ictimaiyyətinə çatdırılması və onlara dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədilə beynəlxalq təşkilatlarda işin davam etdirilməsinin aktual bir problem kimi vacib olduğunu bildirib.

Tədbirdə çıxış edən Gənclər və İdman İdarələrinin rəhbərləri təmsil etdikləri rayonlarda məcburi köçkün gənclərin hüquqlarının müdafiəsi və sosial problemlərinin həlli istiqamətində həyata keçirilən fəaliyyət barədə məlumat veriblər.
Qaçqın və məcburi köçkünlərin hüquqları ilə bağlı aparılan interaktiv müzakirələrdə gənclərin sualları ətraflı cavablandırılıb.

Mənbə: az.trend.az