Fiziki qüsurlu orta məktəb müəllimi: Bu, həyatda öz yerini tapmağa əngəl deyil

Fiziki qüsurlu orta məktəb müəllimi: Bu, həyatda öz yerini tapmağa əngəl deyil

Aysel Məmmədova219 nömrəli evdə təhsil tam orta məktəbin müəllimidir.“Friderich ataksiyası” xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, deyir ki, fiziki məhdudiyyətlər uğur qazanmağa, cəmiyyətə fayda verməyə, həyatda öz yerini tapmağa əngəl deyil.

Aysel Sadıq qızı Məmmədova 21 noyabr 1986-cı ildə Goranboyda anadan olub. 2008-ci ildə Bakı Slavyan Universitetinin filologiya fakültəsini, 2010-cu ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistratura pilləsini bitirib. 2011-ci ilin sentyabrın 30-dan 219 nömrəli evdə təhsil tam orta məktəbində çalışır. Diaqnostik qiymətləndirmədə ixtisası üzrə 31 bal toplayıb.

Onun sözlərinə görə, 24 yaşında, gənc, gözəl,gələcəkdən ümidləri, arzuları, karyerası ilə bağlı geniş planları olan bir “qızcığaz” ikən, taleyin gözlənilməz sürprizi ilə həyatında birdən-birə hər şey dəyişib:

“Ömrüm boyu heç bir neqativliklə qarşılaşmamışdım. Yəni, elə də böyüdüləcək qədər çətin, ağır uşaqlığım, sıxıntılarım, “acı tale”yim, “silinməz xatirələr”im olmayıb. Əksinə, həyat mənə çox əliaçıq davranmışdı (Sən demə, mən elə zənn edirmişəm). Qayğıkeş, savadlı anam, çoxlarının qibtə etdiyi, ailəcanlı atam, ağıllı bacım, sakit, firavan mühit. İnsana başqa nə lazımdır ki? Bircə, cansağlığı...

Həmişə cəld yeriyən, sürətlə addımlayan, liftdən istifadə etməyən mən. Bir gün adicə günlərdən birində “28 may” metrosundan çıxıb universitetə doğru həmişəki kimi cəld, çevik yeriyərkən yeriyə bilmədiyimi, sanki addımlarımın ağırlaşdığını, müvazinətimin itdiyini, yorulduğumu hiss etdim. Özümü toplayıb universitetə çatdım. Filologiya fakültəsinə ayrılan otaq III mərtəbədə yerləşir - pilləkənləri qalxa bilmirəm, “Mənə noldu belə? Bu diplom müdafiəsi lap haldan saldı məni! Tezçıxışımı alım gedim daha bir az dincəlim, magistr tələbəsiyəm artıq daha” dedim öz-özümə”.

A.Məmmədova bildirib ki, dəhlizdə yerişinin və bütün hərəkətlərinin koordinasiyasını itirdiyini hiss edib:

“Şokdaydım, əllərim, ayaqlarım hamısı sağlamdır, yerindədir, görürəm, amma sanki mənə tabe deyillər daha, bədənim əsir, ürəyim sanki ayaqlarımda döyünür... Mütləq hardansa tutub müvazinətimi tarazlayıb yeriməliyəm. Yeriyə bilmirəm.

İlk vaxtlar insan qəbul etmək istəmir bunu. Qəribə bir inkar mexanizmi işə düşür. Uzun, cansıxıcı, ağır araşdırmalar, analizlər, heç vaxt görmədiyim tibbi avadanlıqlar, nəhayət ki, diaqnozum qoyuldu, ölkəmizdən xaricdə mümkün oldu bu.

“Friderich ataksiyası” bu iki kəlmə ömrümün bundan sonrakı fəslinin adına çevrildi”.

O əlavə edib ki, bu qeyri-adi, nadir və irsi xəstəliyin heç bir müalicəsi yoxdur.

“Nadir xəstəlikdir, “deməli mən də nadir rast gəlinən insanam”. Qəribədir, diaqnozu eşidəndə ilk reaksiyam bu oldu. Ən əsası isə ağlamadım, ona görə yox ki, güclüyəm, əyilmədim və sairə. Sadəcə vaxtım olmadı. Çünki, artıq qəbul etmiş, həqiqətlə barışmışdım. “Mən əliləm və həyat tərzimi, gələcək planlarımı buna uyğun dəyişməliyəm”. Yuxusuz keçirtdiyim o gecənin nəticəsi bu oldu. Səhər açılanda sanki o gənc, idealist düşüncəli, ərköyün qız getmiş, 50-60 yaşlı müdrik, realist, soyuqqanlı bir insan əvəz etmişdi məni. Böyüdüm. Elə bil, bədənim xəstələnmiş, zəifləmiş, xarakterim isə əvvəlkindən ikiqat artıq sağlamlaşmışdı. Həyata baxış prizmam dəyişdi. Artıq dinamik gənclik, aktiv həyat geridə qalmışdı.

Təəssüf ki, cəmiyyətdə hər şey birmənalı qarşılanmır. Fiziki məhdudiyyətlər sanki insanın digərlərindən fərqi, əksikliyi, ayıbı, ya da hansısa günahının cəzası kimi qiymətləndirilir. İlk vaxtlar ağır gəlir acıyan baxışlar, gizli pıçıltılar, acı təbəssüm və gülüşlər, “heyif”, “getdi daha onun taleyi”, “ailə də qura bilmədi”, “harda işləyəcək ki, bu?” kimi ifadələr. Amma qısa vaxtda özümə söz verdim:

“Təslim olmayacam, ayağa qalxacam, bu xəstəliyi məni seçdiyinə peşman edəcəm. Həyatın məndən əsirgəməyə cəhd etdiyi hər şeyi bircə-bircə ondan döyüşə-döyüşə alıb yerinə qoyacam. Üstümə yapışmaq istəyən “yazıq uşaq” etiketini cırıb atacam. “Güclü qadın” olacam. Ailə də quracam, ana da olacam, sevdiyim, parlaq, şərəfli bir peşəm də olacaq”. Hamısını elədim!”, - müəllim qeyd edib.

A.Məmmədova deyir ki, müəllim olmaq arzusu2011-ci ilin oktyabr ayındaonui gətirib 219 nömrəli evdə təhsil məktəbinin Distant Təhsil Mərkəzinə çıxardı:

“İkinci həyatımın dönüm nöqtəsi. Bura başqa bir aləm idi. Tamamilə mənə, vəziyyətimə, fiziki məhdudiyyətimə uyğun bir iş şəraiti, belə insanlarla rəftar qaydalarına mükəmməl bələd olan iş yoldaşları. Sadəcə otururam və çox sevdiyim Azərbaycan dili və ədəbiyyatı tədris edirəm. Bundan böyük xoşbəxtlik ola bilərmi? Var. Bəli, ən böyük xoşbəxtliyim, sevincim, şansım, uğurum, həyatımın mənası - şagirdlərim. Düz 9 ildir ki, hər dəfə şagirdlərimin gözündə yaranan ən kiçik bir sevinc parıltısı, simalarındakı təbəssüm uğrunda az qala bütün varlığım, bilik və bacarığımla çalışıram. Xüsusi qayğıya ehtiyacı olan əziz balalarım- sevimli şagirdlərim ömrümün ikinci hissəsinin aparıcı obrazlarına çevrilib. Əminəm ki, onlar da məni sevir, ən çox mənə güvənirlər. Monitordan hər birinin gözlərindən oxuyuram bunu. Çünki vəziyyətimdən, əlilliyimdən xəbərdar edirəm onları, əyani şəkildə şəxsi təcrübəmlə göstərirəm ki, əsas şikəstlik mənəvi şikəstlikdir”.

Onun sözlərinə görə, şagirdlərinə hər fürsətdə güclü olduğunu, istəyib əldə edə bilməyəcəkləri heç nə olmadığını başa salır:

“Mən o uşaqlara təkcə dilimizi və ədəbiyyatımızı öyrətmirəm, onlara həm də canlı şəkildə həyat dərsi verirəm. Xüsusən qız şagirdlərimin gələcəyin güclü anaları, uğur qazanmış xanımları olması üçün əlimdən gələni əsirgəmirəm. Məsafədən təhsil mənim üçün təkcə “iş” deyil, mübarizə əzmim, qələbə simvolumdur. Hər dəfə kompüterin qarşısında əyləşib dərsə başlayanda, özümü fiziki cəhətdən o qədər güclü hiss edirəm ki, necə deyərlər, “Dağı dağ üstə qoyaram”.

Bu, işini sevmək deyil, tamam başqa məfhumdur, işiylə var olmaqdır, həyata işiylə bağlanmaqdır. Uğura aparan yoldur. Məsafədən tədris mənim şagirdlərimin gələcəyə ümididir. Dəfələrlə, müxtəlif vaxtlarda, müxtəlif şagirdlərimin ağzından çıxan “Müəllim, mən də böyüyəndə sizin kimi müəllim olacam, çalışacam, özüm kimi uşaqlara dərs keçəcəm” ifadələri bunun sübutudur. Məsafədən tədris təkcə xüsusi qayğıya ehtiyacı olan uşaqlara yox, bu günün və gələcəyin saysız-hesabsız fiziki məhdudiyyətli müəlliminə əvəzolunmaz bir hədiyyədir”.

Mənbə: www.oxu.az