Qubanın səkkiz ucqar kəndində modul tipli məktəb binaları quraşdırılır

Qubanın səkkiz ucqar kəndində modul tipli məktəb binaları quraşdırılır

Quba, 30 iyun, Elxan Yusifli, AZƏRTAC

Quba rayonunun Utuq, Gömürdəhnə, Künxırt, Xaspolad, Haput, Muçu, Ördüc və Kardaş kəndlərində modul tipli məktəb binaları quraşdırılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şagird sayı 100-dək olan 8 məktəbin hamısı rayonun ucqar yaşayış məntəqələrində yerləşir.

Künxırt kənd ibtidai məktəbinin rəhbər müəllimi Məhəmməd Gülbabayev bildirib ki, köhnə binada şagirdlərin keyfiyyətli təhsil alması üçün şərait olmayıb. “İndi bizim kənddə 20 şagird yerlik modul məktəb binası quraşdırılır. May ayından başlanılan işlər yekunlaşmaq üzrədir. Bizim kənd ucqar ərazidə yerləşdiyindən qış aylarında çox soyuq olur. Yeni məktəbdə müasir istilik sistemi də quraşdırılıb”, - deyə Məhəmməd Gülbabayev söyləyib.

Quba Rayon Təhsil Şöbəsinin müdir müavini Pərviz Nurməmmədov bildirib ki, hazırda 5 kənddə modul məktəblərin quraşdırılması davam etdirilir. Yeni tədris ilinədək səkkiz kəndin hamısında məktəblər istifadəyə veriləcək. Bununla da Qubada quraşdırılan modul məktəblərin ümumi sayı 24-ə çatacaq.

Bu məktəblərin üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır.

Modul məktəblərdən başqa, hazırda Quba rayonunda daha üç böyük təhsil ocağı tikilməkdədir. Zərdabi qəsəbəsində 960, Birinci Nügədi kəndində 792 şagird yerlik və Digah kəndində inşa olunan yeni məktəblər də ilin sonuna kimi şagirdlərin istifadəsinə veriləcək.

Mənbə: azertag.az