Karantin rejimi ilə əlaqədar Özbəkistanda qalan vətəndaşlarımızla görüş keçirilib

Karantin rejimi ilə əlaqədar Özbəkistanda qalan vətəndaşlarımızla görüş keçirilib

Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov bu ölkədə qalan vətəndaşlarımızın bir qrupu ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Samir Abbasov pandemiya ilə əlaqədar yaranmış vəziyyət, ölkəmizdə həyata keçirilən tədbirlər, habelə xarici ölkələrdə qalmış vətəndaşlarımızın təxliyəsi ilə bağlı görülən işlərdən danışıb. O, Azərbaycan dövlətinin vətəndaşlarımızın yanında olduğunu, onların problemlərinin birbaşa dövlət başçısının nəzarətində olduğunu vurğulayıb.

S.Abbasov deyib ki, Diasporla İş üzrə Dövlət Komitəsi bir neçə dəfə burada qalan vətəndaşlarımıza yardım edib. Onların problemlərinin həlli həm səfirlik, həm də AMM tərəfindən daim diqqət mərkəzindədir.

Görüşdə iştirak edən İlkin Cəfərov diqqət və qayğı göstərildiyi üçün Azərbaycan dövlətinə, səfirliyimizə və Mədəniyyət Mərkəzinə minnətdarlıq edib. O deyib ki, koronavirusla bağlı Karşi şəhərində çalışdıqları iş yeri bağlandığı üçün Vətənə qayıtmalı idilər, lakin yollar bağlı olduğu üçün hələ ki, burada qalmağa məcburdular.

Digər vətəndaşlarımızdan Vaqif Heydərov, Mənsur Cəfərli, Qahir Qarayev də onların problemlərinə göstərilən diqqətə görə razılıqlarını bildiriblər.

Samir Abbasov vətəndaşlarımızın təxliyəsi ilə əlaqədar ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev tərəfindən müvafiq qurumlarla iş aparıldığını, aidiyyəti strukturlara müraciət edildiyini bildirib. O, yaxın zamanlarda bununla əlaqədar müvafiq işlərin həyata keçirələcəyini söyləyib.

Sonra Azərbaycan dövlətinin adından Mədəniyyət Mərkəzi tərəfindən vətəndaşlarımıza ərzaq yardımı paylanılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Mənbə: azertag.az