AzTV: Şirkətdə həftədə ən azı 1-2 dəfə dezinfeksiya işləri aparılır

 

“Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin iki əməkdaşının ard-arda baş verən ölüm hallarından sonra bəzi şəxslərin, sosial şəbəkə istifadəçilərinin QSC rəhbərliyini qınamasına, dezinfeksiya tədbirləri görməklə bağlı çağırışlarına cavab olaraq bir neçə vacib məqamı qeyd etmək istəyirik”.

APA-nın məlumatına görə, bu barədə “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətdən bildirilib.

Məlumatda qeyd olunur ki, QSC-nin həyəti və iş otaqları, studiyalar həftədə ən azı 1-2 dəfə xüsusi maşınlar, aparatlarla dezinfeksiya olunur, polis əməkdaşları qapıdan QSC ərazisinə daxil olan işçilərin hərarətini ölçür və hərarəti yüksək olan əməkdaşlar dərhal geri qaytarılır. Şirkət daxilində hər kəs maskadan istifadə edir, maarifləndirmə işləri aparılır: “QSC-nin nəzdində üç televiziya kanalı fəaliyyət göstərir və onların işini minimal şərtlər daxilində belə təmin etmək üçün kənar çəkilişlər, qonaqların dəvət olunması mütləqdir. Bu səbəbdən hazırda 3000 əməkdaşdan yalnız 1000 nəfəri iş başındadır. Lakin Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə bağlı 02.07.2020-ci il tarixli qərarından sonra işçi sayı bir qədər də azaldılıb. Bir sözlə, əməkdaşların QSC daxilində virusdan qorunması üçün lazım olan bütün tədbirlər həyata keçirilir, bundan sonra da ediləcək”.

Məlumatda vurğulanır ki, koronavirus tək Azərbaycanın və ya AzTV-nin bəlası deyil: “Bu, dünyanı bürüyən qlobal bəladır. Hər gün virusa yoluxan 600-ə yaxın vətəndaşımız və ya vəfat edən 10-a yaxın soydaşımız da hansısa idarənin, qurumun əməkdaşıdır. Bu səbəbdən belə həssas mövzu ilə bağlı hansısa quruma və ya idarəyə qarşı “koronavirus ittihamı” irəli sürənlərin qərəzli olduğunu hesab edirik. AzTV olaraq bütün vətəndaşlarımızdan xahiş edirik ki, indiki məqamda həmrəylik və məsuliyyət sərgiləyək, koronavirusdan həyatını itirmiş bütün vətəndaşlarımızın ruhuna hörmətlə yanaşaq və yaşananları oyun bilməyək”.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

DTX Xarici İşlər Nazirliyində əməliyyat keçirir - RƏSMİ

SONRAKI XƏBƏR

Çılpaq fotosessiya edib məşhur jurnalın üz qabığına düşdü - FOTO