Kürdəmirdə reyd zamanı 4 iaşə obyektinin fəaliyyəti dayandırılıb

Kürdəmirdə reyd zamanı 4 iaşə obyektinin fəaliyyəti dayandırılıb

Kürdəmirdə dövlət strukturlarının rəhbərləri tərəfindən koronavirus pandemiyası təhlükəsinə qarşı tətbiq olunan karantin rejimi qaydalarına əhali və sahibkarlar tərəfindən əməl olunması vəziyyəti ilə yerindəcə tanış olmaq məqsədilə reyd keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, reyd zamanı ticarət obyektlərində satıcı və alıcılarla maarifləndirici söhbətlər aparılıb, dünyanı narahat edən pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr izah edilib. Vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına ciddi riayət olunması, o cümlədən tibbi maskalardan istifadə və sosial məsafənin qorunması zərurəti ilə əlaqədar tapşırıqlar verilib.

Reyd zamanı karantin rejimi şəraitində işlərində ciddi nöqsanlar aşkar edilən 4 iaşə obyektinin fəaliyyəti dayandırılıb. 3 iaşə obyektinin sahibi isə xəbərdarlıq edilməklə cərimə olunub. Daha 2 obyektin sahibinə xəbərdarlıq edilib.

Mənbə: azertag.az