Jurnalistlərin müalicəsində müsbət nəticələr var - Açıqlama

Jurnalistlərin müalicəsində müsbət nəticələr var - Açıqlama

1 saylı Klinik Mərkəzdə koronavirusdan müalicə alan jurnalistlərin müalicəsi yekunlaşmaq üzrədir.

Teleqraf.com-a açıqlamasında Cebhe.info xəbər portalı, "Cümhuriyət" qəzetinin müxbiri Müşfiq Abdulla bildirib ki, həkimlər müalicə kursu yaxın günlərdə başa çatacaq:

“Müəyyən proseduralar davam etdirilir. Müalicənin ilkin mərhələsində virus əleyhinə, immuniteti gücləndirən, temperaturu normallaşdıran dərmanlar, sistemlər, antibiotiklərin sayı azaldılıb. Artıq həkimlər buna ehtiyacımızın olmadığın deyir. Demək olar ki, temperatur, öskürək yoxdur, analizlərin də cavabı yaxşı çıxıb. Mən tələsmək istəməzdim, amma həkimlər bir az optimist danışırlar. Onlar artıq sağaldığımızı və yaxın 2-3 gün ərzində evə buraxıla biləcəyimizi deyirlər.

Sonra evdə həkimlərin müəyyən etdiyi müddətdə müalicə kursu yazılacaq. Evdə müalicə kursunu davam etdirdikdən sonra tam sağalmış olacağıq”.

Müşfiq Abdulla onunla birlikdə koronavirusdan müalicə alan bacısının və həyat yoldaşının da səhhətlərinin normal olduğunu deyib: “Onların da temperaturları normaldır, öskürəkləri yoxdur. Ağırlaşdırıcı heç bir hal yoxdur. Hesab edirəm ki, buna səbəb ilk növbədə bizim peşəkar həkimlər əlinə düşməyimiz oldu. Bunu kiməsə xoş gəlsin deyə demirəm, sözün həqiqi mənasında peşəkar həkimlər vaxtında profilaktik tədbirləri görüb virusu tam nəzarətə götürdülər. Artıq biz ağır mərhələni arxada qoymuşuq”.

Müşfiq Abdulla onun və ailə üzvlərinin müalicəsinin vaxtında təşkil etdirən insanlara təşəkkürünü çatdırıb: “Xüsusi göstərdikləri qayğıya görə, ilk növbədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya, Mətbuat Şurasının sədri Əflatun Amaşova, çalışdığım saytın baş redaktoru Rafail Becanova, deputatlar Soltan Məmmədov və Bəhruz Məmmədova, o cümlədən jurnalist həmkarlarıma, səsimizi ictimaiyyətə çatdıran hər kəsə öz təşəkkürümü bildirirəm. Bu gün mənim və ailəmin həyata qalmasına və yaşamasına səbəb onlardır. Əgər onlar vaxtında müdaxilə etməsəydilər, bəlkə də mən artıq həyatda yox idim.

Burada şahidi oluram, hamı sağalmır, dünyasını dəyişən nə qədər insan görürəm. Hətta həkimlər, tibb bacıları da virusa yoluxurlar. Onlar sözün həqiqi mənasında bu gün qəhrəmanlıq edirlər, hamısı həyatını riskə atıb. Onların bu fədakarlığına görə həkimlərə də minnətdaram. Bütün bu insanlara can borcum var”.

Səhhətinin normal olmasına baxmayaraq, jurnalist deyir ki, tam arxayınlaşmaq olmaz: “Sağalsaq belə, bu xəstəliyə qarşı immunitet yaransa belə, biz yenə də özümüzü qorumalıyıq. Bütün insanlara, xüsusilə virusa yoluxmayanları məsuliyyətli olmağa, bu təhlükənin nə qədər real və gerçək olduğuna inanmağa, özlərini qorumağa, maskadan istifadə etməyə, kütləvi yerlərə getməməyə, daha çox sosial izolyasiyadan istifadə etməyə çağırıram. Bunun necə bir təhlükə olduğunu real həyatımda yaşadım. Bu, baş verəndən sonra insan üçün sanki geriyə dönüş çox çətin olur. Buna görə insanlar xüsusilə ehtiyatlı olmalıdırlar”.

Qeyd edək ki, jurnalist Müşfiq Abdulla, həyat yoldaşı və bacısı, “Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayevanın koronavirus testləri iyunun 22-də pozitiv çıxıb. Onlar iyunun 24-də 1 saylı Klinik Tibbi Mərkəzə köçürülüblər və hazırda orada müalicələri davam etdirilir.

 

Mənbə: teleqraf.com