İranda klinika açmış Azərbaycan naziri

İranda klinika açmış Azərbaycan naziri

1919-cu il dekabrın 24-də Nəsib bəy Yusifli beşinci hökumət kabinetini formalaşdıranda Musa bəy Rəfiyev Azərbaycan Cümhuriyyətinin səhiyyə naziri təyin olundu.

Gəncəli həkim hələ bundan ilyarım əvvəl Fətəli xan Xoyskinin kabinetində portfelsiz nazir kimi tanınmışdı.

Musa bəy Rəfiyev

Bizimyol.info xəbər verir ki, Musa bəy 1888-ci ildə ölkənin ikinci böyük şəhərində doğulub. Rəfiyev ilk təhsilini Şah Abbas məscidinin nəzdindəki mədrəsədə almış, sonradan isə klassik gimnaziyada oxumuşdu. 23 yaşında Xarkov Universitetinin tibb fakültəsini bitirəndən sonra həkim işləməyə başlamışdı. Musa bəy həmin dövrdə Gəncədə çox tanınırdı. O, Həsən bəy Ağayevlə birlikdə Gəncədə ilk səhiyyə cəmiyyətinin əsasını qoyub.

Musa bəy Rəfiyev Azərbaycan Cümhuriyyəti hökumətində müxtəlif istiqamətlərdə təmsil olunub. O, hətta Himayədarlıq Nazirliyinə də rəhbərlik edib. Aprel işğalından sonra 1920-ci il Gəncə üsyanının fəallarından olub. Üsyan amansızlıqla yatırılandan sonra Türkiyəyə mühacirət edib. Bir neçə ildən sonra Musa bəy İrana köçüb. Təbrizdə klinika açaraq, öz sənəti ilə məşğul olmağa başlayıb.

Təəssüf ki, ailəsi ilə bağlı geniş məlumat yoxdur. Musa bəy Rəfiyevin 1938-ci ildə Təbrizdə vəfat etdiyi bilinir.

Mənbə: www.bizimyol.info