Operativ Qərargah koronavirusla bağlı ən son məlumatları açıqladı və özəl xəstəxanalara həmrəylik çağırışı edildi

Operativ Qərargah koronavirusla bağlı ən son məlumatları açıqladı və özəl xəstəxanalara həmrəylik çağırışı edildi

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirib.

Trend-in məlumatına görə, brifinqdə Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov, Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı jurnalistləri maraqlandıran suallara cavab verib.

Virusa qalib gələ bilərik - sosial məsafə saxlamaq, maska taxmaq, gigyenik qaydalara əməl etməklə...

“İlk gündən etibarən pandemiyanın qarşısının alınması üçün lazımi adımlar atıldı və göstərişlər verildi. İqtisadi sahədə, cənab Prezidentin fərmanına uyğun olaraq 4 işçi qrup yaradıldı, tədbirlər planı hazırlandı. Bu tədbirlər planı makroiqtisadi sahənin, həm də sosial sahənin inkişafına, dayanıqlılığına yönəlmişdir” – deyən Şahmar Mövsümovun sözlərinə görə, bu gün yoluxma sayı yüksək həddə qalır. Karantin rejiminin sərtliyi onun həyata keçirilmə formasından asılıdır: "Biz bütün dünyanın üzləşdiyi problemlə qarşı-qarşılaşmışıq. Azərbaycanın bu problemə qalib gəlməsi üçün cəmiyyətin səfərbər olması vacibdir. Vacib odur ki, mən nə etmişəm. Çünki bu, ümumxalq problemidir və gərək hamımız səfərbər olaq. Elə bilin ki, müharibədə, ön cəbhədəyik, digər tərəfdə isə koronavirusdur. Bu mübariəzədə birgə iştirak etməklə virusa qalib gələ bilərik. Bu iş çətin deyil, sadə yollarla - sosial məsafə saxlamaq, maska taxmaq və gigyenik qaydalara əməl etməklə koronavirusa qalib gələ bilərik".

Virusa yoluxmuş insanlar evdən çıxaraq başqalarını yoluxdurursa...

Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi deyib ki, virusa yoluxmuş insanlar evdən çıxaraq başqalarını yoluxdurduqda cinayət məsuliyyəti daşıyır. Onun sözlərinə görə, artıq bununla bağlı bir neçə hal da müəyyən edilib. İnsanlar imza atdığı iltizama uyğun öhdəliyi yerinə yetirməsə, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Evdə müalicə olunan şəxs vəziyyəti ağırlaşsa, 103-ə zəng etməlidir: "Bu öhdəliyi yerinə yetirməyənlər cinayət məsuliyyətinə cəlb olunacaq. Əgər vətəndaş bilirsə ki, ehtimallar var, virusa yoluxma var, o şəxs evdə qalmalıdır və bu barədə aidiyyatı qrumlara məlumat verməlidir".

190 manat birdəfəlik ödəmə qısa müddətdə ödəniləcək

Ş.Mövsümov deyib ki, 21 iyun tarixindən tətbiq olunan sərt karantində narıncı zonaya aid edilən 8 şəhər və rayonda 190 manat birdəfəlik ödəmələr qısa bir müddətdə hissə-hissə ödəniləcək.

Onun sözlərinə görə, birdəfəlik ödəmələrlə bağlı qərar qəbul olunub və bu, 8 rayon üzrə tətbiq olunacaq: "Bu ödənişlər qısa bir müddətdə hissə-hissə ödəniləcək, məqsəd odur ki, insanlar kütləvi şəkildə bankomatların qarşısında toplaşmasın. Yenidən karantin rejimi tətbiq olunan ərazilərdə 190 manat birdəfəlik ödəmənin verilməsi məsələsinə gəldikdə isə bu məsələ müzakirə olunacaq və yaxın zamanda bunula bağlı müzakirələrin nəticəsi məlum olacaq".

Şahmar Mövsümov həmçinin bildirib ki, rayonlara gediş-gəliş məsələsinə gəldikdə mövcud sanitar-epidemoloji vəziyyət nəzərə alınaraq qərar belədir ki, bu qadağa bir müddətdə qüvvədə qalsın.

Avtobuslarda sərnişin sıxlığına nəzarət ediləcək

Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi deyib ki, pandemiyadan əvvəl metro ilə gündəlik 600 min insan daşınırdı, hazırda isə metroda sərnişindaşıma 170 min ətrafındadır. Onun sözlərinə görə, şəhərə heç bir vacib səbəb olmadan gələnlərin qarşısının alınacağı təqdirdə çətinlik olmayacaq: "Metro bağlandığına görə, ekspres marşrut xətləri də bərpa olundu, sıxlıq olarsa, xəttə əlavə avtobuslar buraxılacaq. Digər tərəfdən də mütəmadi monitorinq aparılacaq, avtobuslarda sərnişin sıxlığına nəzarət ediləcək. Bu məsələdə insanlar da həsas olmalıdır, sıxlıqdan yayınmaq üçün növbəti avtobusları gözləməlidir".

Şəhərdən çıxmaq, rayona getmək virusun artması deməkdir

“Epidemioloji sahədə ixtisaslaşan insanların əsas fikri ondan ibarətdir ki, istənilən epidemiyanın qarşısını almaq üçün o epidemiyanın lokallaşdırılması və izolyasiya olunması lazımdır” – deyən Ş.Mövsümovun sözlərinə görə, ölən 235 insanın məsuliyyəti müəyyən qədər karantin rejimini pozan insanların üzərindədir: "Hər kəs bu məsuliyyəti dərk etməlidir. Bu ümummilli bir problemdir. Çalışmalıyıq ki, bunun öhdəsindən gələk, şəhərdən çıxmaq, rayona getmək virusun artması deməkdir".

Zərər çəkən sahələrin siyahısında dəyişiklik ediləcək

Ş.Mövsümov bildirib ki, ilk növbədə zərər çəkmiş sahələrə dəstəklər göstərildi. Növbəti mərhələdə də bu dəstək davam etdiriləcək. Onun sözlərinə görə, zərər çəkən sahələrin siyahısına dəyişiklik nəzərdə tutulur, çünki bu proses davam edir və bu istiqamətlərdə pandemiya ilə əlaqədar zərərçəkən sektorların siyahısına yenidən baxılmasına ehtiyac var. Bu istiqamətdə işlər gedir, pandemiya davam edir, zərər çəkən sahələr də müəyyənləşdirilir.

Maska ilə bağlı problem yoxdur, dərman məsələsinə də nəzarət artırılacaq

Ş.Mövsümov qeyd edib ki, apteklərdə maska ilə bağlı çatışmazlıq yoxdur, dərmanlarla bağlı da nəzarət artırılacaq. O, bildirib ki, apteklərdə dərman məsələsinə nəzarət artırılacaq, özünümüailicə düzgün deyil: "Özündə COVİD-19 əlaməti hiss edən şəxslər aidiyyatı üzrə müraciət etməlidir. Müalicə prosesi də həkim nəzarəti altında olmalıdır. İnsaların "arbidol" və digər dərmanlarla özlərini özbaşına müalicə etmələri düzgün deyil".

Azərbaycanda koronavirusdan ölüm halları 2 faizdən aşağıdır

Ramin Bayramlı isə bildirib ki, Azərbaycanda koronavirusdan ölüm halları 2 faizdən aşağıdır. Onun sözlərinə görə, bu gün ölkədə COVİD-19-a 583 yeni yoluxma faktı aşkarlanıb, 7 nəfər dünyasını dəyişib. İndiyədək 235 nəfər bu virusdan dünyasını dəyişib, 10820 nəfər sağalıb. Hazırda 59 nəfər süni tənəffüs aparatına qoşulub.

R.Bayramlı qeyd edib ki, hazırda ölkədə 8212 nəfər aktiv xəstə var.

Karantin rejimi tətbiq edilməsəydi...

R.Bayramlı qeyd edib ki, karantin rejimi tətbiq etməsəydik, indiki yoluxma halı daha çox ola bilərdi. Onun sözlərinə görə, tətbiq edilən karantin rejimi ilə vəziyyəti sabit saxlamağa nail olublar: “Xəstəliyin yoluxma sayının tendensiyasının dəyişməsi lazımdır. Mənfi dinamikanın düzəlməsinə ehtiyac var. 15-21 iyun tarixlərində sağalanların sayı yoluxanların sayından 2 dəfə az olub. Karantinin ilk həftəsindən etibarən sağalanların sayında artım var. Bu da karantin rejiminin hesabınadır”.

“Koronavirus xəstəliyi üçün orta ölüm yaşı 62 olsa da, son vaxtlar gənclərdə və yanaşı xəstəliyi olmayan insanlarda da ölüm halları baş verir” – deyən R.Bayramlının sözlərinə görə, xəstəliyin artıq ailələr şəklində ağır keçirilməsi faktları müşahidə edilir.

Ölkədə koronavirusa yoluxmanın 55,1 faizi Bakının payına düşür

R.Bayramlı bildirib ki, ölkədə ümumi yoluxmanın 55,1 faizi Bakının payına düşür. Son günlərdə Bakının Nəsimi rayonunda yoluxma hallarında artım müşahidə edilir. R.Bayramlı qeyd edib ki, karantin rejiminə əməl olunmaması nəticəsində gün ərzində aparılan testlərin nəticəsinin müsbət olma göstəricisi 11 faizə yüksəlib.

TƏBİB sədri yas yerlərində kütləvi yoluxmaların baş verdiyini söyləyib.

Bakıda çarpayıların doluluq səviyyəsi 80-85 faizə çatır

TƏBİB-in sədri deyib ki, Bakı, Sumqayıt və Abşeron rayonu üzrə xəstələrin sayı COVİD-19-a yoluxan xəstələrin əksəriyyətini təşkil edib. Bunun nəticəsidir ki, Bakıda çarpayıların doluluq səviyyəsi 80-85 faizə çatır. Onun sözlərinə görə, Bakı şəhərinin Nəsimi rayonu, Aberon rayonu, Sumqayıt şəhərində yoluxma sürətlə artır: “Oğuz, Ucar, Zərdab rayonlarında vəziyyət qənaətbəxş olsa da, rahatlaşmaq lazım deyil. Biləsuvar, Astara, Ismayıllı rayonları riskli ərazilərdir”.

Tibb içşçiləri arasında da yoluxmalar var

“Təəssüf ki, tibb içşçiləri arasında da yoluxmalar baş verir” - deyən R.Bayramlının sözlərinə görə, xüsusi rejimli xəstəxanalarda tibb işçiləri arasında yoluxma halları çox az olub: “Ötən müddətdə Mərkəzi Neftçilər Xəstəxanasında cəmi 7 nəfər tibb işçisi virusa yoluxub, onların 4-ü evdə virusa yoluxaraq onu xəstəxanaya gətiriblər”.

Naxçıvanda indiyə kimi 142 yoluxma aşkarlanıb, 126 nəfər sağalıb, 11 nəfər vəfat edib

R.Bayramlı deyib ki, pandemiyanın başlandığı dövrdə TƏBİB əməkdaşları Naxçıvana ezam olunaraq oradakı vəziyyəti qiymətləndiriblər. Onun sözlərinə görə, Muxtar Respublikada test üçün müasr laboratoriya yaradılıb: "Bu günə qədər Naxçıvanda 9 290 test aparılıb. Nəticədə 142 yoluxma aşkarlanıb. Onlardan 126 nəfər sağalıb, 11 nəfər vəfat edib. Hazırda 5 xəstənin müalicəsi davam etdirilir".

TƏBİB sədri özəl xəstəxanaları həmrəyliyə çağırdı

TƏBİB-in sədri qeyd edib ki, bəzən özəl xəstəxanalarda kompüter tomoqrafiyasından keçmiş şəxslərlə bağlı məlumatlar bizə gec daxil olur. O, özəl xəstəxanalara müraciət edərək, onları həmrəyliyə çağırıb: "Bəzən xəstələr qanda saturasiyanın 50-yə düşməsi ilə bizə daxil olur. Bu halda onları dərhal tənəffüs aparatına qoşmaq lazım gəlir. Əks halda, xəstəni itirə bilərik. Ona görə də özəl xəstəxanaları bizimlə həmrəy olmağa çağırıram".

85 minə yaxın icazə ləğv edildi

Ülvi Mehdiyev isə bildirir ki, bəzi təşkilatlar icazə sistemindən sui istifadə edir, lazım olmayan işçilərə icazə alırlar. Bu səbəbdən 85 minə yaxın icazə ləğv edilib. Onun sözlərinə görə, bir sıra əməkdaşlar icazədən aidiyyatı üzrə istifadə etməyib. Bu səbəbdən də 85 minə yaxın icazə ləğv edilib.

Ü.Mehdiyev əlavə edib ki, həftə sonu icazədən istifadə oluna bilməz, icazəsi olan şəxslər həftə sonu icazədən sui-istifadə edib evdən çıxa bilməz, bunun üçün onlar sıravi vətəndaşlar kimi 2 saatlıq icazə alıb çıxa bilərlər.

O əlavə edib ki, xüsusi karantin rejimi tətbiq edilən 2 həftə ərzində 750 minə yaxın icazə alınıb.

İctimai nəqliyyat işləməyən günlərdə işçilər işə necə gedəcək...

Ü.Mehdiyev qeyd edib ki, şənbə və bazar günləri bütün ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırıldığı üçün həmin günlərdə işləmək məcburiyyətində olan müəssisələr özləri işçilərin daşınmasını təşkil etməlidir. Ü.Mehdiyev bildirib ki, müəssilələr işçilərin daşınmasını müəssisənin öz avtomobili, işçilərin fərdi avtomobili və ya taksi xidmətindən istifadə etməklə təmin edə bilərlər.

Fərdi avtomobillərdən istifadəyə hansı halda icazə var?

Ü.Mehdiyev icazə alan şəxslərin avtomobillərinin də icazəli olması məsələsinə aydınlıq gətirib. Agentlik sədri deyib ki, iş üçün icazə alınan şəxslərin avtomobilləri barədə də elektron sistemə məlumat daxil edilir və onların avtomobilləri də icazəlidir.

SMS icazə ilə müvəqqəti çıxan şəxslərin avtomobillərinə gəlincə isə 5 iyul tarixindən etibarən avtomobillərə də icazə almaq mümkündür. O qeyd edib ki, bu istiqamətdə texniki düzəliş edilir: “SMS icazə vasitəsilə icazə alan zaman şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə bərabər, avtomobilin də nömrəsini eyni SMS vasitəsilə göndərməklə avtomobildən istifadə etmək mümkün olacaq”.

Qeyd edək ki, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.

Mənbə: www.baki-xeber.com