Tənəffüs aparatına qoşulu qalmağın “lüksü” - Məclis həvəskarlarının diqqətinə!

Tənəffüs aparatına qoşulu qalmağın “lüksü” - Məclis həvəskarlarının diqqətinə!

Bu qədər xəbərdarlıq edilir, deyilir, yazılır, cərimələr kəsilir, yenə faydası yoxdur sanki. Yenə ölkədə kütləvi xeyir-şər mərasimləri ara vermir. Yenə guya özlərini hamıdan diribaş, ağıllı, çoxbilmiş sayanlar, “ellə gələn bəla”dan qazanc götürməyə çalışan üzdəniraq din xadimləri gizli-aşkar surətdə karantin qaydalarını pozur, özlərinin və başqalarını həyatını böyük təhlükə altına atırlar.

Hərçənd belə qanunsuz məclislərin təşkilatçıları qədər ora gedənlər də eyni məsuliyyət daşıyırlar və eyni sərt cəzaya məruz qoyulmalıdır. Zira, məclisə gedən olmazsa, məclis də olmaz. İctimai şüur məsələsi yəni.

Son günlər xüsusən də bölgələrdən bu xüsusda gələn xəbərlər azalmaq əvəzinə, artıb. Halbuki, dönə-dönə deyilir ki, koronavirusun ən çox yayıldığı yer – yas, toy, nişan, ad günü mərasimləri, qonaqlıqlardır. Artıq təsdiqlənib ki, epidemiyanın sürətli yayılmasına xristian ölkələrində ən çox spirtli içki verilən bar-kafelər, digər bənzər məkanlar səbəbdirsə, Azərbaycanda yas-toy-nişan məclisləridir. Ona görə ki, belə qapalı yerlərdə maskanı çıxarmadan yeyib-içmək, siqaret çəkmək, “dərdləşmək” mümkün deyil. Bu isə virusun yayılması üçün ideal şərait sayılır.

Amma çifayda? Kütləvi şüur təhlükənin ciddiliyini, əfsus ki, tam qəbul eləmir. Bir yandan, epidemiyaya əhəmiyyət verməmək kimi vecsizlik, başqa yandan isə ziyanlı vərdişi tərgitməmək inadı mane olur. Qəribədir, hələ də bu adamlara çatmır ki, pandemiya xəstəxanalarında boş çarpayı artıq qalmayıb. Çünki sağalanlar yoluxanlardan qat-qat azdır, müalicə prosesi uzun, həftələrlə çəkir, böyük xərclər tələb edir, tibb presonalı çatışmır. Bahalı süni tənəffüs aparatları da sonsuz sayda deyil, mütləq əksəriyyəti artıq istifadədədir.

Qısası, səhiyyəmiz minlərlə ağır COVİD-19 xəstəsini stasionar şəraitdə qəbul edib sağaltmaq imkanında deyil. Balaca bir ölkənin təbabəti kritik sayda xəstəyə keyfiyyətli qulluq göstərə bilməz. Allah eləməmiş, bir azdan insanlar öz mənzillərindəcə ölümlə çarpışa, küçələrdəcə can verə bilərlər. Məclis həvəskarları dərk etməzmi?

İlk baxışda yetkin insanlardır, di gəl, anlamırlar ki, belə yas mərasimləri elə orada iştirak edənlərin bəzilərinin ömrünün vaxtsız qırılmasına, yeni yas mərasimlərinə nədən ola bilər. Bu gün yerin üstündə olan sap-sağlam bir insan cəmi on gün sonra yerin altında ola bilər. Nümunə - nə qədər istəyirsən. İçində cavanları da var...

Doğrudan da, “Ən böyük cihad nəfsə qarşı cihaddır” (İslam peyğəmbəri (s)). Görünür, Sədi Şirazi də haqlı imiş deyəndə ki, “Vərdişi tərgitmək xəstəliyə gətirər”. Amma tərgitməliyik. Başqa yol yox. Əgər biz insanların mexaniki cəmi yox, yetkin cəmiyyətiksə onda, cəmiyyət olaraq özünüqoruma instinkti nəhayət, işə düşməlidir.

Məgər pis vərdişdən qurtulmaq əzabı – həftələrlə süni tənəffüs aparatına qoşulu vəziyyətdə, komada qalmaqdan da əzablıdır? Bəhram Bağırzadə də daxil, nə qədər insan bu dəqiqə həmin aparatın ümidinə qalıb. Cəhənnəmi bu dünyada yaşamaq istəməyən Allah bəndəsi bunu heçmi fərq eləməz?

Hətta koronavirus yox olandan sonra da biz bəzi vərdişlərimizi, arxaik adət-ənənələrimizi mütləq tərgitməliyik. Bəlkə də pandemiya bizim kimi müsəlman toplumlara ilahi bir mesaj, unikal fürsətdir. O anlamda ki, israfçılıq məkanları olan toy-yas mərasimlərimizi sadələşdirək, abıra-qaydaya salaq ki, həm Allaha xoş getsin, həm də özümüzə, cibimizə yük olmasın .

Axı əksəriyyətimiz bunu arzulayır. Gəl ki, istək yetərli deyil. Əfsus ki, əmələ gələndə həmişə “pişik asqırır”, “qoy siftəni başqası eləsin, sonra mən” deyib keçirik. Yaxşı işlərdə örnək olmaq üçün növbə gözləyirik. Sözümüzlə əməlimiz düz gəlmir. Beləcə, “Əldən qalan 50 il qalır”.

Qanunlar bir yana, hələ bu, az qala, Allaha üsyan edən mollalar. Amma görün, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Hacı nə deyir?

Sitat: “Əgər Həcc kimi müqəddəs ziyarət təxirə salınıbsa, deməli, vəziyyət təhlükəlidir və yas yerlərində toplaşmaq yolverilməzdir. Bir insan başqasını yoluxdura biləcəyi və ya özü yoluxa biləcəyi bir yerə gedirsə, onun orada iştirakı dini baxımdan haramdır. Quranda açıq-aşkar ayə var və orada bildirilir ki, “Öz əlinizlə özünüzü təhlükəyə atmayın”. Allah canı bizə əmanət verib, cana qəsd isə günahdır. İnsanlar bilməlidir ki, Həcc ziyarəti təxirə düşdüyü halda, yas yerinə getmək olmaz, haramdır”.

Məscidlər bağlı, Həcc ziyarəti ləğv olunub, bizdə isə öz nəfsani istəklərinin əsiri olanlara elə gəlir ki, onlara hər şey olar və heç nə də olmaz, çünki əstəğfürullah, “Allahın bacısı uşaqları”dır. Amma “Allah doğmayıb, doğulmayıb, onun bənzəri də heç vaxt olmayıb” (Qurani-Kərim, “İxlas” surəsi)...(musavat.com)

 

Mənbə: moderator.az