Koronavirusdan müalicə olunan Leyla Əhmədova: Ən çox tibbi personal üçün acıyırsan... - VİDEO

Koronavirusdan müalicə olunan Leyla Əhmədova: Ən çox tibbi personal üçün acıyırsan... - VİDEO

Lmoe.poetry tematik bloqun aparıcısı olan gənc azərbaycanlı şairə Leyla Əhmədova Bakı xəstəxanalarından birində koronavirusdan müalicə olunur. O, xəstəxanada baş verənlərlə bağlı təəssüratlarını oxucuları ilə bölüşmək üçün onlara müraciət etdi və həkimlərin çox çətin fəaliyyətindən danışdı.

Milli.Az Day.Az-a istinadən oxuculara onun müraciətini təqdim edir:

"Koronavirus testimin pozitiv çıxdığı üçün beşinci gündür ki, xəstəxanadayam. Xəstəliyi rahat keçirirəm, amma dolu palatalar, reanimasiya, divarların arxasından bitməyən öskürəklər - bunların hamısı qorxuludur. Ən çox isə tibbi personal üçün acıyırsan...

Hava keçirməyən kostyumlarda, köhnəlmiş eynəklərdə, 16 saatlıq növbəni tərk etməyə, hətta su içməyə və ya yemək yeməyə ixtiyarı olmadan, dayanmadan bir palatadan digərinə qaçırlar, bəzən ağlayırlar, yerə yıxılırlar. Kiminsə anaları, övladları, bacıları, qardaşları, ataları - burada onlar hamısı həqiqi qəhrəmanlardır.

Mənimlə eyni otaqda anası bu xəstəxananın həkimi olan və ağır vəziyyətdə reanimasiyaya yerləşdirilən bir xəstə yatır.

Hər gün gələnlərin sayı artır, yer yoxdur, amma çarpayılar mümkün qədər əlavə olunur.

Gördüyüm hər şeydən sonra sosial şəbəkələrə girdikdə və orada hələ də inanmayan, "xəyali" virus və rəqəmlərdən danışan insanlara rast gələndə, - ağlamaq istəyirəm.

Həkimlərin və xəstələrin gözlərindəki bu yorğunluq, itki və ümidsizlik, uydurma deyil. İnsanlar boğulur, əzab çəkir, klinikalarda yer tapılmır və kiməsə sadəcə vaxt çatmır - təəssüf ki, bu da uydurma deyil!

Evdə oturarkən heç kim ölməz, nə aclıqdan, nə də cansıxıcılıqdan. Əminəm ki, buradakı bütün heyət evdə qalmaqdan və cansıxıcılıq haqqında yazmaqdan məmnun olardı.

Mən özüm bütün təhlükəsizlik tədbirlərinə riayət etmək üçün çox səy göstərdim, amma deyəsən, haradasa ehtiyatsız idim.

Gəlin bir-birimizə və özümüzə qayğı göstərək, şəbəkələrdə yazdıqlarımıza gikir verək və anlayaq ki, adi bir gülüş işarəsi yaxınlarını itirən, xəstəlikdən əziyyət çəkən və ya özlərini gecə-gündüz işləməyə həsr edən, xəstələri xilas etmək və ya xilas etməyə çalışanların ürəyini qırır, onların hər biri sizinlə mübahisə edə və faktları təqdim edə bilərdi, ancaq bunun üçün nə gücü, nə də vaxtı var. Özünüzü qoruyun!"

Milli.Az

Mənbə: news.milli.az