Dövlət Komitəsinin 18 illiyi ilə bağlı videokonfrans keçirildi

Dövlət Komitəsinin 18 illiyi ilə bağlı videokonfrans keçirildi

İyulun 4-də Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 18-ci ildönümünə həsr edilmiş beynəlxalq videokonfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Komitəsinin sədri Fuad Muradovun və Milli Məclisin üzvü, akademik Rafael Hüseynovun moderatorluğu ilə təşkil edilən virtual tədbirdə xaricdə və ölkəmizdə yaşayan tanınmış elm, mədəniyyət xadimləri, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının, Azərbaycan evlərinin, həftəsonu Azərbaycan məktəblərinin rəhbərləri, diaspor nümayəndələri iştirak edib.

Konfrans dünyada yaşayan azərbaycanlılara həsr olunmuş musiqinin (sözləri Rafael Hüseynovun, müsiqisi Faiq Sücəddinovundur) - Diaspor himninin səsləndirilməsilə başlayıb.

Tədbir iştirakçılarını salamlayan Rafael Hüseynov bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin yaranması ölkənin ictimai-siyasi həyatına əlamətdar hadisə kimi daxil olub. Çünki Azərbaycan diasporunun birliyi və mütəşəkkilliyi çox vacib və zəruri amildir.

Dövlət Komitəsinin sədri Fuad Muradov bu əlamətdar hadisə münasibətilə tədbir iştirakçılarını və diaspor hərəkatına töhfə verən hər bir soydaşımızı təbrik edib. Bu qurumun görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını xatırladan natiq bildirib ki, məhz böyük öndərin dünya azərbaycanlılarının eyni amal və məqsəd ətrafında birləşdirilməsi naminə əsasını qoyduğu diaspor siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən hesabat xarakterli videoçarxının nümayiş etdirilməsi və COVID-19 koronavirus pandemiyası ilə mübarizədə xarici ölkələrdə xüsusi fəaliyyətləri ilə fərqlənən 7 soydaşımızın təşəkkürnaməyə layiq görülməsi barədə məlumatın verilməsilə davam edib.

Beynəlxalq videokonfrans bədii hissə ilə yekunlaşıb.Tədbirin bədii hissəsində Türkiyədə yaşayan dirijor, bəstəkar, pianoçu, Əməkdar artist Turan Manafzadə çıxış edib. Tanınmış ifaçı Dövlət Komitəsinin fəaliyyətinə, dünya azərbaycanlılarına və ürəyində Azərbaycan sevdası olan hər bir şəxsə həsr etdiyi musiqi parçasını da təqdim edib.

Mənbə: qafqazinfo.az