Həkim və tibb işçiləri çatışmayan vaxt kütləvi istefa - Ağciyər İnstitutunda nə baş verir?

Həkim və tibb işçiləri çatışmayan vaxt kütləvi istefa - Ağciyər İnstitutunda nə baş verir?

"İnstitut pandemiya üçün ayrılsa da orada işçilərə tibbi maska və geyim verilmir. Xəstəxanada çalışan işçilər öz səhhətlərini təhlükəyə atmamaq üçün işdən öz ərizələri ilə uzaqlaşırlar"

BAKI, 6 iyul — Sputnik. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda işçilər işdən çıxmaq üçün ərizə yazırlar. Bu barədə Sputnik Azərbaycan-a ictimai vəkil Samir Zeynalov məlumat verib.

O bildirib ki, bu İnstitutda vəziyyət günbəgün pisləşməkdədir: "İnstitutun direktoru Həqiqət Qədirova institutun fəaliyyətini viran edib. Xəstəxana pandemiya ilə mübarizə aparmaq iqtidarını çoxdan itirib. Artıq işçilər mövcud vəziyyətə etiraz əlaməti olaraq işdən azad edilmələri haqqında ərizə yazırlar".

Ərizə

S.Zeynalov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, İnstitut pandemiya üçün ayrılsa da orada işçilərə tibbi maska və geyim verilmir. Xəstəxanada çalışan işçilər öz səhhətlərini təhlükəyə atmamaq üçün işdən öz ərizələri ilə uzaqlaşırlar. Vəkil institutda işçilər arasında koronavirusa yoluxma hallarının artdığını da bildirib.

İnstitutun direktoru Həqiqət Qədirova isə Sputnik Azərbaycan-a açıqlamasında işdən çıxma hallarının kütləvi olmadığını bildirib. O deyib ki, işdən çıxma kütləvi xarakter daşımır.

"İşdən çıxmaq üçün ərizə yazdığı deyilən qadın 60 yaşdan yuxarı yaşı olan kiçik tibb işçisidir. O koronaviruslu xəstələrə qulluq etdiyi üçün bu virusa yoluxmaq riski olduğu ilə bağlı bizə müraciət etdi. Biz də onun yaşını nəzərə alıb ərizəsini qəbul etdik. Amma qeyd edim ki, işdən çıxmalar kütləvi xarakter daşımır. Biz işçiləri lazımi tibbi avadanlıqlarla, geyimlərlə tam təmin edirik. Hələ indiyədək koronaviruslu xəstələrlə işləyən bir tibb işçimiz bu virusa yoluxmayıb. Digər işçilər arasında yoluxma olsa da bu xəstəxanada olmayıb. Onlar bu virusa yas yerlərində yoluxublar.

Çox təəssüf ki, bizim kollektivdən bir nəfər İnstitutla bağlı yalan məlumatlar yayır. Həmin şəxs istəyir ki, İnstitutun adı hər zaman qalmaqallarda hallansın. Amma reallıqda bu belə deyil. Bizim İnstitutda işçilərə geyim, maska - bütün zəruri qoruyucu vasitələr verilir. Biz istəmərik ki, işçilərimiz bu virusa yoluxsunlar. Çünki ən savadlı, ən təcrübəli pulmonoloqlar bizim İnstitutda çalışırlar. İndiki dövrdə onları qorumaq bizim borcumuzdur!" - deyə H.Qədirova bildirib.

Mənbə: sputnik.az