"Bank kartımdan 3000 manat çıxarılıb, 1 aydır polisdən məlumat ala bilmirəm" - ŞİKAYƏT

"Bank kartımdan 3000 manat çıxarılıb, 1 aydır polisdən məlumat ala bilmirəm" - ŞİKAYƏT

“May ayının 25-dən Nəsimi Rayon polis idarəsinin 20-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişəm, amma bu barədə Polis Bölməsindən mənə məlumat verilmir”.

Bu iddianı

Yeniavaz.com-a müraciət edən Nəsimi rayon sakini K. Ə. səsləndirib. O bildirir ki, bu il may ayının 23-də onun icazəsi olmadan “Bank Respublika”ya məxsus hesabından 3 min manat çıxarılıb:

“Lakin mən bir gün sonra mağazada ödəniş edərkən hesabımdan pulun çıxarıldığını anladım. Əvvəlcə 102-ə zəng vurdum. Bildirdilər ki, sizin ərazi Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsidir, oraya müraciət edin. Mən də may ayının 25-də 20-ci Polis Bölməsinə getdim və bölmənin təhqiqatçısı Tuqay Məmmədova izahat təqdim etdim. Lakin görülən tədbirlər barədə mənə heç bir məlumat verilməyib. Sahə inspektoru ilə bir neçə dəfə əlaqə saxladım. Mənə deyirdi ki, “indi öyrənib deyərəm”. Amma faktiki olaraq mənə heç bir məlumat verilməyib.

Daha sonra Tuqay Məmmədova zəng vurdum. Mənə dedi ki, kargüzarlıqla əlaqə saxlayım. Kargüzarlıqdan mənə bildirildi ki, iş, araşdırılması üçün Zamir Əliyevə verilib. Amma Z. Əliyevin əlaqə nömrəsini mənə vermədilər. Mən təkrar sahə inspektoru ilə əlaqə saxladım. O isə bildirdi ki, iş başqa adam verilib. Əlaqə nömrəsi istədim, dedi “verəcəyəm”. Amma heç bir əlaqə nömrəsi vermədi.

İyun ayının 30-da bir daha polis bölməsi ilə əlaqə saxladım və bildirdim ki, mənə məlumat verilməsə şikayət ərizəsi yazacağam. Həmin gün axşam isə Daxili İşlər Nazirliyinin rəsmi saytı vasitəsilə şikayət ərizəsi ünvanladım”.

Məsələ ilə bağlı 20-ci Polis Bölməsinin əməkdaşı Tuqay Məmmədovla əlaqə saxladıq. O Yeniavaz.com-a bildridi ki, sözügedən məsələ Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsinə verilib və hazırda araşdırılır.

Mənbə: www.yeniavaz.com