Füzuli rayonunda pandemiya ilə mübarizə tədbirləri gücləndirilib

Füzuli rayonunda pandemiya ilə mübarizə tədbirləri gücləndirilib

Füzuli, 6 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində verilmiş tapşırıqların icrası ilə əlaqədar Füzuli rayonunda pandemiyaya qarşı mübarizə tədbirləri gücləndirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli rayonunda koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün hər birində 4 nəfər olmaqla 42 mobil qrup fəaliyyət göstərir. Mobil qrupların üzvləri ticarət və ictimai-iaşə obyektlərində, eləcə də ictimai nəqliyyat vasitələrindən istifadə edən sakinlərlə maarifləndirici söhbətlər aparırlar. Vətəndaşlara rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış maarifləndirici bildirişlər paylanılır, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, gigiyenik qaydalara düzgün riayət olunması tövsiyə olunur. Bundan başqa, rayon ərazisində məlumat lövhələri də qoyulub.

Füzulidə Rayon İcra Hakimiyyəti, polis şöbəsi, bələdiyyə işçiləri və ərazi icra nümayəndələrindən ibarət 15 nəzarət qrupları da yaradılıb. Nəzarət qrupları koronovirus pandemiyasına qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti gücləndirmək məqsədilə rayon ərazisində reydlər həyata keçirirlər. Rayonda koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə sanitar-dezinfeksiya tədbirləri də davam etdirilir.

Mənbə: azertag.az