BDU-da virtual elmi seminar keçirilib

BDU-da virtual elmi seminar keçirilib

İyulun 6-da Bakı Dövlət Universitetində (BDU) Mexanika-riyaziyyat fakültəsinin təşkilatçılığı ilə onlayn elmi seminar keçirilib.

Seminarda İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının müdiri, professor Hamlet Quliyev “Hiperbolik tənlik üçün sərhəd məsələsində iki aralıq müşahidə anları olan başlanğıc idarəetmə məsələsi” adlı məruzə ilə çıxış edib. Məruzədə ikitərtibli xətti hiperbolik tənlik üçün qarışıq məsələdə iki aralıq müşahidə anları olan kvadratik funksionallı başlanğıc idarəetmə məsələsindən danışılıb. Funksionalın infimumunun sıfıra bərabər olduğu hal, qoşma məsələnin daxil olunması və variasional bərabərsizlik şəklində optimallıq üçün zəruri və kafi şərtlərin alınması haqqında geniş məlumat verilib.

Videobağlantıya qoşulan rektor Elçin Babayev iştirakçıları salamlayaraq bildirib ki, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar davamlı olaraq Bakı Dövlət Universitetində konfranslar, seminarlar, ustad dərsləri, müzakirələr, iclaslar onlayn formada keçirilir. Hazırkı dövrümüz elm və texnikanın tərəqqisi əsasında bəşəriyyətin maddi və mənəvi həyatında baş verən mühüm dəyişikliklərlə əlamətdardır. Elm və texnika cəmiyyətin həyatında getdikcə daha böyük rol oynayır, onun inkişafı üçün hədsiz imkanlar açılır.

Mexanika-riyaziyyat fakültəsinin əldə etdiyi elmi uğurlardan danışan E.Babayev fakültədə kadr potensialının daha da yaxşılaşdırılması yönündə görülən işlərə, fakültənin elmin tərəqqisinə, ictimai həyatın bütün istiqamətlərinə verdiyi töhfələrə və qazandığı nailiyyətlərə diqqət çəkib. Rektor riyaziyyat sahəsində ikili diplom proqramları istiqamətində aparılan işlərin sürətləndirilməsi ilə bağlı öz tövsiyələrini verib.

Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov kompüter elmlərinin sürətli inkişafının riyaziyyatın yeni tətbiq sahələrini əhəmiyyətli dərəcədə artıraraq təbiət və cəmiyyətin müxtəlif sahələrində yeni riyazi üsulların yaranmasına imkan yaratdığını nəzərə çatdırıb. Fakültənin elmi-pedaqoji kadrların hazırlanmasına verdiyi tövhələrdən danışan N.İsgəndərov sonda fakültənin 2020-ci ilin ilk yarım ili ərzindəki elmi və pedaqoji fəaliyyəti haqqında ümumi hesabatı təqdim edib.

Elmi seminarın moderatoru, BDU-nun elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Məmməd Rəcəbov keçirilən onlayn elmi seminarların, ustad dərslərinin elm və tədqiqat işlərinin onlayn formada davam etməsinə böyük töhfələr verdiyini bildirib. “Microsoft Teams” platforması üzərindən təşkil olunmuş elmi seminar sualların cavablandırılması ilə yekunlaşıb.

 

Mənbə: bsu.edu.az