Niderland sənədlərdə cinsiyyəti qeyd etməyəcək

Niderland sənədlərdə cinsiyyəti qeyd etməyəcək

Niderlandda şəxsiyyət vəsiqəsində cinsiyyətin göstərilməsindən imtina etmək qərarına gəlinib.

Modern.az xəbər verir ki, təhsil, mədəniyyət və elm naziri İnqrid van Engelshoven 2024-2025-ci illərdə sənədlərdən müvafiq qrafanın götürüləcəyi ilə bağlı ölkə parlamentinə məktub göndərib.

Amma Avropa İttifaqı qanunları tələb etdiyi üçün pasportlarda cinsiyyəti göstərən qrafa qalacaq. Bununla yanaşı, Maltada və Yeni Zellandiyada pasportlarda cinsiyyətin göstərilməməsinə icazə verilib.

Niderlandda artıq uzun müddətdir ki, LGTB təşkilatları belə bir dəyişikliyin aparılması üçün çıxışlar edirlər. Van Engelshoven hesab edir ki, cinsiyyətin məcburi qeyd edilməsindən imtina demək olar ki, xüsusi bir dəyişikliyə səbəb olmayacaq. Çünki artıq Niderlandda elə vətəndaşlar var ki, sənədlərdə “cinsiyyəti müəyyən edilməmişdir” adlanan kateqoriyanı qeyd edirlər. Lakin bunun üçün onlar məhkəməyə müraciət etməli olurlar.

2018-ci ildə Almaniyada doğum şəhadətnaməsi daxil olmaqla, bütün rəsmi sənədlərə “cinsiyyət” qrafasına üçüncü varinant əlavə olunub. Doğum şəhadətnaməsində kişi və ya qadın deyil, “başqa” cinsin göstərilməsi imkanı hermafrodit doğulmuş insanlar üçün nəzərdə tutulub. Bundan başqa, qanuna əsasən sənəddə cinsiyyət göstəricisini sonradan da dəyişmək mümkündür.

 

Mənbə: modern.az