Gəncədə maarifləndirmə xarakterli reydlər davam edir (FOTO)

Gəncədə maarifləndirmə xarakterli reydlər davam edir (FOTO)

Bakı. Trend:

Gəncədə koronavirus pandemiyası ilə mübarizədə sakinlərin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı həyata keçirilən maarifləndirmə xarakterli reydlər davam edir.

Trend-in məlumatına görə, növbəti reyddə Gəncə Şəhər İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramil Orucov, Milli Məclisin deputatları Naqif Həmzəyev və Müşfiq Cəfərov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları, şəhərin Nizami və Kəpəz Bələdiyyələrinin sədrləri Qoşqar Məmmədov və Yaşar Abdullayev iştirak ediblər.

Reyd zamanı şəhərin Heydər Əliyev, Şah İsmayıl Xətai prospektlərində, Şeyxzamanlı qəsəbəsində fəaliyyət göstərən bank, supermarket, aptek, ödəniş məntəqələrinə və və insanların toplandığı digər ictimai məkanlara baş çəkilib, ictimai nəqliyyat vasitələrinə baxış keçirib, sözügedən məkanlarda xüsusi karantin rejimi qaydalarına əməl olunmasının vəziyyətini araşdırıblar.

 

Vətəndaşlarla sanitar və epidimioloji qaydalara mütləq şəkildə riayət olunması ilə bağlı maarifləndirici söhbətlər aparan reyd iştirakçıları bildiriblər ki, sosial məsafə, tibbi maska, əlcək və tibbi spirtdən istifadə qaydalarına hər bir sakin riayət etməlidir və yalnız bununla koronavirusu lokallaşdırmaq, insanların sağlamlığını təmin etmək mümkün olacaq.
Qeyd edək ki, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən kompleks tədbirlər bundan sonra da davam etdiriləcək.

Mənbə: az.trend.az