Deputat: “Karantin qaydalarını pozan kiçik bir qrup işi daha təhlükəli vəziyyətə gətirə bilər”

Deputat: “Karantin qaydalarını pozan kiçik bir qrup işi daha təhlükəli vəziyyətə gətirə bilər”

“Bu gün Azərbaycanda koronavirusla mübarizədə kifayət qədər effektiv tədbirlər görülür. May ayına qədər tətbiq edilən karantin rejimindən çox müsbət nəticələr əldə etmişdik. Düşünürəm ki, növbəti iki həftəlik sərt karantin rejimindən də müsbət nəticələr əldə edəcəyik”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Mlli Məclisin deputatı Musa Quliyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, pandemiyanın qarşısının alınması üçün atılan qətiyyətli və çevik addımlara münasibət bildirərkən deyib.

O bildirib ki, bu gün tək Azərbaycan deyil, əksər dünya ölkələri də pandemiya ilə mübarizəsini davam etdirir:

“Birinci mərhələdə karantin rejimi bizə müsbət nəticələr verdi. Təəssüf olsun ki, may ayında karantin rejiminin yumşaldılması əks effekt verdi. Bəzən bu məsələdə yalnız vətəndaşları qınayırlar. Doğrudur, vətəndaş məsuliyyətsizliyi çox müşahidə edilirdi. Əhalinin bir faizi karantin qaydalarını pozsa, riayət etməsə, bu, təxminən 100 min insanın yoluxma riski ilə qarşı-qarşıya qalması deməkdir. Məsuliyyətsiz davranışlara yol vermək olmaz. Amma düşünürəm ki, əks effekt almağımızın digər səbəbi də COVID-19 virusunun xarakterinin dərindən öyrənilə bilməməsidir. Təəssüf ki, bu gün heç bir ölkədə alimlər virusu dəqiq xarakterizə edə bilmir. Dünyanın bir çox ölkələrində ilkin karantin rejimləri çox müsbət nəticə versə də, digər mərhələlərdə eyni effekt əldə edilə bilməyib. Bu da virusun dəyişkən xarakterli olması ilə əlaqələndirilir.

Yumşalmadan sonra ölkəmizdə də ayrı-ayrı ocaqlar alovlanmalar başlandı. Buna konkret səbəblər demək olmur, ikinci dalğanın başlamasına səbəb olan ehtimallar çoxdur. Ümumiyyətlə belə bir vəziyyətlə kompleks mübarizə aparılarsa, müsbət nəticələr əldə edilə bilər. Çünki virus yeni olduğu üçün konkret mübarizə üsulu seçmək çətindir. İnsanlar arasında da təəssüf ki, virusa inanmayanlar oldu. Bunu hansısa bir şəkildə siyasiləşdirməyə çalışdılar. Amma indi sosial şəbəkələrdə inanmayan insanların paylaşımlarının kütləvi şəkildə azaldığını görürük. Bu gün hər kəs bir-birini karantin rejiminə riayət etməyə çağırır. Bu, çox gözəl addımdır”.

M.Quliyev onu da əlavə edib ki, mövcud vəziyyətdə cəmiyyətin hər bir fərdinin eyni cür düşünməsini gözləyə bilmirik:

“Cəmiyyətin hər bir üzvünün karantin qaydalarına intizamlı, məsuliyyətli davranmasını gözləmirik, bu, mümkün də deyil. Lakin, ciddi məsələ ondan ibarətdir ki, qaydaları pozan kiçik bir qrup işi daha təhlükəli vəziyyətə gətirə bilər. Odur ki, hər kəs özünə və ətrafındakı insanlara görə məsuliyyətli olmalıdır ki, biz bu bəlaya qalib gələ bilək. Son iki həftədən pozitiv nəticələr gözləyirəm. Çünki artıq ictimai qınaq önə çıxıb və qoruyucu vasitələrdən istifadə etməyən insanların sayı nəzərəçarpacaq dərəcədə azalıb”.

“Ölkə başçısının tapşırığı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bir illik əmək haqqlarını bu fonda köçürülməsi təqdirəlayiq addımdır. Bu, çox böyük çağırış idi və ölkədə fəaliyyət göstərən bütün qurumlar fonda vəsait köçürməklə pandemiyaya qarşı mübarizəyə öz dəstəyini verdi. Qısa müddət ərzində dezinfeksiyaedici məhlulların lazımı səviyyədə təminatı, tibb işçiləri üçün qoruyucu kombinezon tipli geyimlərin, əlçək, maska və digər zəruri olan qoruyucu vasitələrin təmin edilməsinin təşkil olunması müsbət haldır. Prezidentin tapşırığı ilə ölkə ərazisində pandemiya ilə mübarizə üçün 10 modul tipli xəstəxananın tikilməsi Azərbaycanda vətəndaşların sağlamlığına ayrılan diqqətin əyani sübutudur. Mövcud vəziyyətdə sahibkarlara dəymiş ziyanın nəzərə alınaraq, onlara dəstək verilməsi, işsiz şəxslərə birdəfəlik müavinətlərin ödənilməsi dövlətin çətin zamanda da xalqın yanında olmasını göstərir”, - deyə M.Quliyev fikirlərinə əlavə edib.

Könül Cəfərli

Mənbə: www.oxu.az