"Fairmont” otelində əməliyyatla polis sübut etdi ki…Koronavirusla mübarizədə kompromissizlik…

"Fairmont” otelində əməliyyatla polis sübut etdi ki…Koronavirusla mübarizədə kompromissizlik…

Polis Bakıda fəaliyyət göstərən "Fairmont Baku" otelində karantin rejimini pozan şəxslərə qarşı əməliyyat keçirib. Qeyd edək ki, Bakının mərkəzində yerləşən "Fairmont Baku" otelində karantin qaydaları ciddi şəkildə pozulub. Oteldə çəkilmiş görüntülər sosial şəbəkələrdə yayılıb və istifadəçilər arasında ciddi müzakirə mövzusuna çevrilib.

Görünən bu olub ki, Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə, Bakı başda olmaqla, 16 şəhər və rayonda xüsusi karantin rejiminin müddəti uzadılsa da, paytaxtın mərkəzində buna əməl etməyənlər də var. "Fairmont Baku" hoteli, hətta müştərilərinə çağırış da edib ki, "Həftəsonunu bizimlə birgə keçirin".

DİN mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Səbail rayonunda otellərdən birində xüsusi karantin rejimi qaydalarına əməl olunmayan, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan görüntülərlə bağlı müvafiq nəzarət-profilaktik tədbir keçirilib:“Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub. Saxlanan şəxslərin hər biri ilə profilaktik, izahedici söhbətlər aparılaraq onların diqqətinə çatdırılıb ki, bu əməllər ölkədə tətbiq olunan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına zidd olmaqla, insanların həyat və sağlamlığı üçün risq daşıyır. Onlar izahatlarında bu hərəkətlərindən səmimi peşmançılıqlarını ifadə ediblər. Saxlanan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb edilib”.

Qeyd edək ki, polisin bu əməliyyatı əhali tərəfindən böyük rəğbətlə qarşılanıb. Xüsusilə də belə əməliyyatın bahalı otledə aparılması göstərir ki, koronavirusla bağlı tədbirlərdə polis kiməsə güzəşt etmir. Bununla bağlı ekspertlər nə düşünür?

Mehman Muradlı: “Çox bahalı oteldə belə əməliyyat keçirilirsə, deməli, karantin qaydalarını pozamaqla bağlı kimlərəsə güzəştlər edilmir və edilməyəcək”

Hüquqşunas, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Mehman Muradlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, pandemiya ilə mübarizə qanunun aliliyi səviyyəsində aparılmalıdır: “Təəssüflə qeyd etməliyik ki, hələ də bunu anlamayan vətəndaşlarımız var. Hələ də bəziləri dərk etmək istəmir ki, məhdudlaşdırıcı addımlar hamı üçündür. Burada xüsusi imtiyaz tanınmır. Dünənki əməliyyatda bir daha gördük ki, koronavirusla mübarizədə polis öz işini layiqincə görürür. Hansısa obyektin böyüklüyünə, kiçikliyinə bağıb seçim etmir. Çox bahalı oteldə belə əməliyyat keçirilirsə, deməli, karantin qaydalarını pozamaqla bağlı kimlərəsə güzəştlər edilmir və edilməyəcək. Polisin bu addımı əhali tərəfindən böyük rəğbətlə qarşılanıb. Bilinməlidir ki, bu məsələdə maddi imkan rol oynamır. “Mənim pulum var, gedim uyğun yer tapıb istirahət edim” prinsipi kənara qoyulmalıdır. Bu artıq bizim təhlükəsizlik məsələmizə çevrilib. Əhalinin sağlamlığı üçün ciddi təhlükə varsa, qanunlara mütləq əməl olunmalıdır. Təəssüf ki, paytaxt və əyalətlərdə olan başqa bahalı məkanlarla da bağlı videolar paylaşılır. Görünür ki, orda da müştərilərə komfortlu istirahət şəraiti yaradıblar. Bu məsələyə sırf hüquqi aspektdən yanaşmalıyıq. Həmin məkanların sahibləri, hüquqi şəxs olaraq, oraya müştəri kimi gedənlərdən daha artıq məsuliyyət daşıyırlar. Həmin məkanların sahibləri ilə də bağlı ciddi hüquqi ölçü götürülməlidir. Artıq bir daha göründü ki, bu məsələdə kiməsə güzəşt yoxdur. Hamılıqla qaydalara əməl etməliyik”.

Bir daha şahid olduq ki, polis bu məsələdə kiməsə güzəşt etmir. Hər halda, bilməliyik ki, bu yalnız fərdə bağlı məsələ deyil. Kütləvi istirahət yerlərində epidemiyanın yayılma risqinin böyük olduğu xüsusilə nəzərə alınmalıdır.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com