Allahın əmrini yalnız Özü təxirə sala bilər

Allahın əmrini yalnız Özü təxirə sala bilər

Quran hikmətindən bir nümunə

Dünyanı cənginə alan koronavirus indi olduğu kimi, tarixin müəyyən məqamlarında İslam aləmindən də yan keçməyib. Həmin dövrlərdə İslamın ən mühüm atributlarından biri olan həcc ziyarəti də təxirə salınıb. Başqa sözlə, müqəddəs kitabımızda Rəbbimizin "imkanı olanlar bir dəfə həcc ziyarətində bulunsunlar" əmri (fərz), Onun ən böyük sənət əsəri olan insanın sağlamlığına zərər vurduğu halda, həccin müvəqqəti təxirə salınması məsləhət bilinir. Məsələn, islamda donuz əti haram olmasına baxmayaraq, Rəbbimiz onu acından ölməmək üçün qəbul etməyə icazə verir. Dinimizdə hətta təqiyyə də var. Yəni müsəlman imanına görə öldürüləcəyinə əmin olarsa, dil ilə imanından imtina edə bilər. Burada əsas məsələ qəlbin imandan dönməməsidir. Belə istisnaları nəzərə alan Peyğəmbər(ə) buyurub:"Zərurətlər haramları mübah edir". Elə həcc ziyarətinin təxirə salınması da həmin obyektiv səbəblərdən olur. Fikrimizi əsaslandırmaq üçün tarixə müraciət edək.

865-ci ildə İsmail ibn Yusif -As- Saffaq Abbasilər xilafətinə qarşı üsyan edərkən, Məkkəyə daxil olur. Həcc ziyarəti zamanı başlanan üsyan nəticəsində minlərlə zəvvar öldürülüb. Bu səbəbdən də həcc ziyarəti bir il müddətinə təxirə salınıb.

Kəbənin növbəti bağlanması qərmətilərin Məkkəni işğal etməsilə əlaqəlidir. 930-cu ildə qərmətilərin başçısı Əbu Tahir Cənnəbi Allahın əmirinə üsyan edərək bəyan etdi ki, həcc ziyarəti bütpərəstlik adətidir. O, həmin ildə Məkkəyə hücum etdi və 30 min zəvvarı qətlə yetirdi. Onların cəsədi Zəm-Zəm quyusuna atıldı. Məscidülharam qarət edildi, Qara daş Kəbədən çıxarılaraq Bəhreynə aparıldı. Qeyd edək ki, parçalanaraq aparılan bu daş böyük sərvət hesabına yalnız 20 ildən (digər bir mənbəyə görə 10 il) sonra Məkkəyə qaytarıldı. Həmin dövrdə həcc ziyarəti 20 il (alternativ mənbəyə görə 10 il) təxirə salındı.

Qeyd: Qərmətilər İslam dininin Şiə məzhəbinin ən qatı təriqətlərindən biridir. 9-cu əsrin axırlarında cənubi İraqda, Suriyada və Fələstində Xilafətə qarşı barışmaz mövqedə olublar. Onlar hətta nəzəriyyələrini, dünya görüşlərini qəbul etməyənləri məhv edirdilər.

Qərmətilər həccə gedən zəvvarları qarət edib öldürür, bəzən də əsir götürüb satırdılar.

Qərmətilər hərəkatının banisi Həmdan Qəmmətdir.

983-cü ildə müasir İraq və Suriyada hökmranlıq edən Abbasilərlə Misirdə hakim olan Fatimilərin siyasi-hərbi çəkişmələri nəticəsində həmin ildə həcc ziyarəti ləğv edilib. Allahın bu əmri yalnız 8 ildən sonra-991-ci ildə bərpa olunub.

1831-ci ildə dünyada taun xəstəliyi yayıldığı üçün həcc ziyarəti ləğv edilib. Bu virusu Hindistin zəvvarları gətirmişdilər. Bu zaman çoxminli zəvvarların 75 faizi taundan öldü.

1846 və 1858-ci illərdə yayılan vəba xəstəliyindən Məkkədə 15 min müsəlman ölüb. Həcc ziyarəti yalnız 1850-ci ildə bərpa olunub. İkinci epidemiya (1858-ci il) vaxtı da həcc ziyarəti olmayıb. Göründüyü kimi, həcci vacib buyuran Rəbbimiz burada da bəndəsi naminə istisnalar edib.

Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru

Mənbə: paralel.az