“İnzibati xəta törətmiş adamların görüntüsünü yaymaq şəxsi həyata müdaxilədir”

 

Hüquqşünas: "Medianın Daxili İşlər Nazirliyi və ya başqa dövlət orqanlarının təqdim etdiyi kimi məlumatı çatdırması media etikasına uyğun deyil”

Pandemiya dövründə karantin rejimi qaydalarını pozmaqda ittiham olunub, inzibati məsuliyyətə cəlb edilənlərin videogörüntüləri çəkilib, sosial mediada, televiziya kanallarında nümayiş etdirilir.

Bu çəkilişləri həyata keçirən də, yayan da Daxili İşlər Nazirliyinin tabeliyində olan strukturlardır. Həmin videolar nazirliyin "Facebook” səhifəsində də yayılır.Son günlərdə polis əməkdaşlarının rayonlarda evlər kirayələmiş Bakı sakinlərinə, paytaxtda "Baku Fairmont Hotel”də dincələnlərə qarşı keçirdikləri əməliyyatların görüntüləri də yayılıb.

Bəzi kadrlarda adamların hotel dəhlizlərində yarıçılpaq vəziyyətdə üzünü tutub gizlənməyə çalışdıqları görünür.Hüquqşünas-ekspertlər deyir ki, hətta qanunu pozmuş olsalar belə, insanlara qarşı bu cür davranışın özü qanun pozuntusudur.

Media hüququ üzrə mütəxəssis Xalid Ağaliyev bildirib ki, daxili işlər orqanlarının inzibati xətaya yol verdiyi iddia olunan şəxslərin bu vəziyyətdə görüntülərini yayması aşkar şəkildə şəxsi həyata müdaxilədir. Hüquqşünas vurğulayır ki, şəxsi həyata müdaxilə (şəxsi məlumatların, belə məlumatlar olan sənədlərin, video və fotoların, səs yazılarının yayılması, toplanması) cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 156.2.1 maddəsində vəzifəli şəxs tərəfindən şəxsi həyatın toxunulmazlığını pozmağa görə iki ilədək azadlığın məhdudlaşdırılması və ya elə o müddətdə həbs cəzası nəzərdə tutulub.

Xalid Ağaliyev

"Bunu rəsmilərin etməsi daha ağır cəza doğurur. Azərbaycanda insanlar adətən belə məsələləri məhkəmə qaydasında mübahisələndirməyə həvəs göstərmirlər. Nəticədə hüquq-mühafizə orqanları daha da sərt şəkildə şəxsi həyata müdaxiləyə davam edirlər. Avropa Məhkəməsi prizmasından da bu, konkret olaydan asılı olaraq, həm şəxsi həyata müdaxilə, hətta təqsirsizlik prezumpsiyası hüququnun pozuntusu kimi dəyərləndirilir”, - deyə ekspert bildirib.Hüquqşünasın sözlərinə görə, belə durumlarlarda medianın da məsuliyyət məsələsi ortaya çıxır. Çünki medianın Daxili İşlər Nazirliyi və ya başqa dövlət orqanlarının təqdim etdiyi kimi məlumat və görüntüləri ictimaiyyətə onların yaydığı formada çatdırması media etikasına uyğun deyil.

Criminal.az

ƏVVƏLKİ XƏBƏR

Çin Honkonqda “Oruel ruhu” yaradır - Pompeo

SONRAKI XƏBƏR

"İranın Natanz AES-də baş verən partlayışa görə İsrail məsuliyyət daşıyır" - Aviqdor Liberman