"Biz də əhaliyə, müsəlman bacı-qardaşlarımıza bunu tövsiyə edirik ki..." " "Dünya" informasiya agentliyi

"Biz də əhaliyə, müsəlman bacı-qardaşlarımıza bunu tövsiyə edirik ki..." " "Dünya" informasiya agentliyi


Koronavirus təhlükəsi nəzərə alınaraq Nazirlər Kabinetinin qərarı ilə hələ mart ayından kütləvi tədbirlər, toy məclisləri, yas mərasimlərinin keçirilməməsi tövsiyə olundu, daha sonra isə tamamilə qadağan edildi. Lakin məsuliyyətsiz vətəndaşlar, nişan, kiçik toy, ad günləri keçirənlər, ehsan məclisi düzənləyənlər yenə də tapılır. Belə vətəndaşların cərimə edildiyini, məsuliyyətə cəlb olunduğunu görürük.
Amma sual budur ki, niyə insanlar real təhlükəni görməzdən gəlir? Vəfat etmiş ailə üzvünə, doğmasına ehsan mərasimi keçirən insan bununla daha neçə nəfərin yoluxa biləcəyini niyə düşünmür? Qeyd edək ki, Türkiyədə pandemiya dövrü nəzərə alınaraq yas mərasimləri ilə bağlı konkret qayda tətbiq edilib, mərasimdə kimlərin, neçə nəfərin iştirak edəcəyi müəyyənləşib. Bizdə də belə qaydalar tətbiq edilə bilməzmi?
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli “Şərq”ə açıqlamasında qeyd etdi ki, islam dinində yas mərasimi ilə bağlı ümumiyyətlə xüsusi qaydalar yoxdur:
- Rəhmətə getmiş şəxslə bağlı islam dinində vacib əməl vəfat etmiş şəxsin yuyulması, meyit qüslunun verilməsi, kəfənlənmə, cənazə namazının qılınması və şəxsin dəfn edilməsidir. Dəfnin qaydaları da məlumdur. Bundan sonrası, artıq adət-ənənəyə bağlı məsələdir.
Təbii ki, vəfat etmiş şəxsin yaxınına, ailə üzvünə başsağlığı vermək, onun acısını bölüşmək bəyənilən əməldir. Hər bir müsəlman da bunu etməlidir. Amma ailə üzvü deyəndə yaxın, uzaq qohumların hamısı nəzərdə tutulmur.
Ailə üzvü ailədən biri deməkdir. Bizdə belədir ki, hamı özünü “yaxın” hesab edir, yas evinə başsağlığına getmək istəyir. Pandemiya dövrü olmasa, bu, normal qarşılanar. Lakin nəzərə almalıyıq ki, hazırda təhlükəli bir vəziyyətdir. Bir halda ki, islamın Həcc kimi vacib əməli təxirə salınır, deməli, vəziyyət həqiqətən təhlükəlidir və belə olduğu halda müsəlmanın borcudur ki, məsuliyyətlə davransın, kimsənin yoluxmasına, xəstələnməsinə səbəb olmasın. Bu, Allah qarşısında bir məsuliyyətdir. Çünki biz xeyir əməl etmək istədiyimiz halda, başqasını yoluxdurmaqla əksinə günah qazana bilərik. Ona görə də ağılla, məntiqlə davranmalıyıq. Qafqaz Müsəlmanları İdarəsinin tövsiyəsi var ki, yas mərasimləri keçirilməsin. QMİ din xadimlərinə də yas mərasimlərində iştirak etməyi yasaqlayıb.
Konkret qayda bundan ibarətdir ki, vəfat etmiş şəxsin ailə üzvü yaşadığı ərazidə, yaxud yaxınlıqda yerləşən məscidə müraciət etməlidir. Məscid tərəfindən bir din xadimi dəfn məsələlərini yerinə yetirmək üçün təhkim olunacaq.
Şükür Allaha, indi hər ərazidə məscidlər var, kütləvi tədbirlər keçirilməsə də məscidlər açıqdır və QMİ tərəfindən müəyyən edilmiş din xadimləri dəfn işini həyata keçirir. Daha evdə yas mərasimi təşkil etmək, ehsan süfrəsi açıb qohum-əqrəbanı dəvət etmək, buna şərait yaratmaq olmaz. İndiki zamanda bu, bəyənilməyən əməldir. Biz də əhaliyə, müsəlman bacı-qardaşlarımıza bunu tövsiyə edirik ki, qaydalara riayət etsinlər. Allah-təala bəndədən özünü qorumasını tələb edir. Bu tələbə əməl etməliyik.

Mənbə: www.dia.az