Dövlət İmtahan Mərkəzinin əməkdaşları “MoodleMoot Global Online 2020” tədbirində iştirak edirlər

Dövlət İmtahan Mərkəzinin əməkdaşları “MoodleMoot Global Online 2020” tədbirində iştirak edirlər

Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşları beynəlxalq səviyyədə informasiya texnologiyaları sahəsində aparıcı yer tutan “Moodle” platformasının 6-10 iyul tarixlərini əhatə edən “MoodleMoot Global Online 2020” onlayn konfransında iştirak edirlər.

DİM-dən AZƏRTAC-a bildirilib ki, “Moodle” öyrənmə idarəetmə sistemi (LMS) əsasında DİM-in əməkdaşları tərəfindən onlayn imtahanların keçirilməsi üçün “ProctorDİM”, həmçinin “Yüksəliş” müsabiqəsinin imtahan platformaları hazırlanıb.

Tədbirdə iştirakın əsas məqsədlərindən biri yeni yaradılan platformaların daha da təkmilləşdirilməsidir. Habelə öyrənmə və qiymətləndirmə prosesinə texnologiyanın tətbiqi zamanı yol verilə bilən xətaların aradan qaldırılması, digər ölkələr və təşkilatların elektron qiymətləndirmə təcrübəsi, bulud texnologiya sistemləri və “Moodle” tətbiqlərindən istifadə, eləcə də plagin komponentlərinin qiymətləndirməyə tətbiqi barədə yeni məlumatların əldə edilməsi də hədəflər sırasına daxildir.

Qeyd edək ki, “Moodle” təhsil sahəsində onlayn mühit yaradaraq birgə öyrənmə üçün yeni proqramlar, onlayn kurslar və təlim fəaliyyətinə imkan verən dünya miqyaslı açıq təlim platformasıdır. “MoodleMoot” tədbiri təhsil işçilərinin, müəssisələrinin və əksər qurumların “Təhsildə texnologiya” başlığı altında birləşdiyi ən geniş miqyaslı konfransdır.

“Moodle” Komitəsi tərəfindən təşkil olunan “MoodleMoot Global Online 2020” tədbirinə 120-dən çox ölkə və 60-dan çox universitet, 1500-dən çox iştirakçı, tədqiqatçı və müvafiq sahə mütəxəssisləri cəlb olunub. “MoodleMoot Global Online 2020” tədbirinin xüsusiyyətlərindən biri də konfransın sosial tərəfidir. Belə ki, tədbir müxtəlif bölgələrdən “Moodle” istifadəçiləri ilə fikir mübadiləsinə və yeni əməkdaşlıq fürsətlərinə şans yaradır. Tədbir təhsil, texnologiya və rəsmi “MoodleMoots” istiqamətləri üzrə mövzuları əhatə edir.

Tədbirin işçi dilinin ingilis dili olmasına baxmayaraq pandemiya səbəbindən bir çox regional “MoodleMoot” tədbirinin ləğv edilməsi ilə əlaqədar hər gün müəyyən bir dildə də (çərşənbə axşamı - fransız, çərşənbə - alman və s.) spikerlərin çıxışlarına da şərait yaradılır.

Mənbə: azertag.az