Melburn şəhəri altı həftəlik təcrid rejiminə keçəcək

Melburn şəhəri altı həftəlik təcrid rejiminə keçəcək

COVID-19 xəstəliyinin yenidən artması səbəbindən Avstraliyanın Viktoriya ştatının Melburn və daha bir neçə şəhərində təcrid rejimi altı həftəlik bərpa olunur.

AZƏRTAC “Sydney Morning Herald” tabloidinə istinadla xəbər verir ki, bu barədə Viktoriya ştatının Baş naziri Deniel Endryus deyib.

Bu ərazilərdə yaşayan əhaliyə iki nəfərdən çox toplaşmaq, qonaq getmək və həmin zonanı tərk etmək qadağan olunub. Bundan sonra iaşə müəssisələri yalnız evlərə çatdırılma xidməti göstərəcək. Təhsil müəssisələrində məşğələlər dayandırılıb və dərslər distant rejimdə davam edəcək. Həmçinin mağaza və gözəllik salonlarının fəaliyyətinə müştəri sayı və sosial məsafə ilə bağlı məhdudiyyətlərlə icazə verilib.

Karantin zonalarında yaşayan əhali evlərini yalnız işə, həkimə və mağazaya getmək, həmçinin idmanla təklikdə məşğul olmaq üçün tərk edə biləcək.

İyulun əvvəlindən başlayaraq Melburn və ətraf yaşayış məntəqələrində çıxışa məhdudiyyətlər qoyulub. Viktoriya və Yeni Cənubi Uels ştatları arasında sərhəd gecə yarısından bağlanacaq. Bundan sonra Yeni Cənubi Uelsdən Viktoriya ştatına qayıdanlar iki həftəlik karantin rejimində qalmalı qalacaq.

Qeyd edək ki, martın 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 12:40-a olan məlumatına əsasən, dünyada 11 milyon 756 min 483 yoluxma və 541 min 86 ölüm faktı qeydə alınıb, 6 milyon 753 mindən çox insan COVID-19 xəstəliyindən sağalıb.

Avstraliyada koronavirusa yoluxanların sayı 8 min 755 nəfərə çatıb, 106 nəfər isə həyatını itirib. Hazırda 1194 xəstənin müalicəsi davam edir.

Mənbə: azertag.az