"Bir sual, bir cavab" - Evdən çölə çıxan "COVİD-19" xəstələrini nə qədər həbs gözləyir?

"Bir sual, bir cavab" - Evdən çölə çıxan "COVİD-19" xəstələrini nə qədər həbs gözləyir?

Lent.az -ın "Bir sual, bir cavab" rubrikasında növbəti mövzu koronavirusa yoluxmuş xəstələrin məsuliyyəti ilə bağlıdır.

Aydın məsələdir ki, virusun yayılması məhz daşıyıcıların məsuliyyətsizliyi sayəsində gerçəkləşir. Bəziləri koronavirusa yoluxsalar da, məsuliyyətsizlik edərək, ictimai məkanlara üz tutur və nəticədə daha çox insanın yoluxmasına səbəb olur. Elə bu yaxınlarda "COVİD-19" xəstəsinin marketdə olduğu görüntülər yayıldı və həmin şəxs dərhal saxlanılaraq barəsində cinayət işi açıldı. Bəs görək, həmin şəxslərə hansı maddə ilə cinayət işi açılır və maddədə hansı cəza tədbiri nəzərdə tutulur?

"Müvəkkil" Hüquq Mərkəzinin sədri Səməd Vəkilov Lent.az -a açıqlamasında bildirib ki, məsuliyyətsizlik edərək, insanları yoluxduran şəxslərə 3 ildən 5 ilədək cəza nəzərdə tutulub:

"Bu ilin mart ayında Milli Məclis Cinayət Məcəlləsinə 139-1-ci "Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması" maddəsini əlavə etdi.

Maddənin 1-ci bəndinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

139-1.2. Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda -üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində yerləşdirilir.

Ötən həftə marketə gedən koronavirus xəstəsi tutularaq barəsində cinayət işi açıldı. Onun adı ictimaiyyətə açıqlandı, amma əslində xəstənin razılığı olmadan açıla bilməz. Bu həkimlik sirrinə aid olan məsələdir. Ancaq həmin hadisədə cinayət xarakteri vardı deyə, şəxsin adı açıqlandı.

Koronavirusa yoluxan xəstələrin məsuliyyətli olmağı üçün təkcə cəza deyil, həm də ictimai qınaq göstərmək lazımdır. Onlara çağırış etmək lazımdır ki, məsuliyyətli olsunlar və insanları yoluxdurub həyatlarına bais olmasınlar".

Mənbə: lent.az