Azərbaycanla əhalisi təxminən eyni inkişaf etmiş ölkələrdə yoluxma və ölüm səviyyəsi bəzən bizdən 8-10 dəfə çox olur…

Azərbaycanla əhalisi təxminən eyni inkişaf etmiş ölkələrdə yoluxma və ölüm səviyyəsi bəzən bizdən 8-10 dəfə çox olur…

Bu gün bəşəriyyət COVID-19 pandemiyasından xilas olmağın yollarını axtarır. Pandemiyanın ilk günlərindən dünyada cərəyan edən proseslər, ölkələrin və ÜST-in müəyyən etdiyi qaydalara və mübarizə metodlarına nə dərəcədə riayət edilməsi göstərdi ki, yoluxma risqi və ölüm faktları müxtəlif ölkələrdə eyni deyil. Maraqlıdır ki, Azərbaycanla, təxminən, eyni demoqrafik göstəricisi olan ölkələrdə pandemik vəziyyət fərqlidir. Hətta statistik göstəricilərə nəzər yetirsək, Azərbaycanda vəziyyəti normal qiymətləndirmək olar.

Belə ki, əhali sayı baxımından Azərbaycanla eyni vəziyyətdə olan ölkələrdə virusa yoluxanların və bu səbəblə dünyasını dəyişənlərin sayı ölkəmizlə müqayisədə xeyli çoxdur.

Qeyd edək ki, iyulun 6-da Prezident İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verib. Müsahibə zamanı Prezident də bu məsələyə toxunub. O qeyd edib ki, bu gün Azərbaycanla digər ölkələr arasında müqayisələr aparılarkən ölkəmizlə əhalisi eyni olan bəzi inkişaf etmiş dövlətlərdə koronavirusa yoluxanların sayının 60-70 min, ölənlərin sayının isə 10 min nəfər olduğu görünür. Ölkəmizdə isə rəqəmlər bundan xeyli aşağıdır: “Bu, onu göstərir ki, heç bir ölkə tam şəkildə özünü sığortalanmış hesab edə bilməz və bu xəstəlik sərhəd tanımır. Ona görə beynəlxalq əməkdaşlığa daha böyük ehtiyac var və Azərbaycan bu istiqamətdə lazımi addımları atır. Bu xəstəlik bir şeyi də göstərib - adətən, hesab olunurdu ki, belə dəhşətli pandemiyalar, epidemiyalar, insanların yoluxucu xəstəliklərdən kütləvi şəkildə həlak olması ancaq geridə qalmış ölkələrdə mümkündür. Amma həyat onu göstərdi ki, bu, belə deyil. Həyat onu göstərdi ki, bu gün pandemiyadan ən çox əziyyət çəkən ölkələr inkişaf etmiş ölkələrdir. Əgər onlar bu məsələyə tam çarə tapa bilmirlərsə, əlbəttə ki, o qədər də inkişaf etməmiş, yaxud da geridə qalmış ölkələrdə vəziyyəti təsəvvür etmək çətin deyil”.

Məlumat üçün bildirək ki, Azərbaycan pandemiyanın ilkin dövründən başlayaraq, önləyici tədbirlərlə yoluxma risqini azaltmağa çalışdı. Sərt karantin qaydaları tətbiq etdi. Əhalinin pandemiyadan qorunması üçün maarifləndirici və dezinfeksiya, sosial izolyasiya tədbirləri davam etdirilir. Azərbaycan atılan hər addımla çalışır ki, pandemiyaya yoluxma tempinin mümkün qədər qarşısını alsın, vəziyyətə nəzarət edərək COVID–19-a qalib gəlsin. Bütün bunların nəticəsidir ki, bir sıra inkişaf etmiş və etməkdə olan ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət yaxşıdır. Ancaq arxayınlaşmaq lazım deyil. Bu işdə vətəndaş məsuliyyətinin daha da artırılması ölkəmizi bu bəladan tezliklə xilas edə bilər.

Onu da vurğulayaq ki, regionun və dünyanın təcrübəsi göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillə bağlıdır. Hər bir ölkə və region üçün bu hal spesifikdir. İndi dünyada bir çox ölkə - Çin, Hindistan, İsrail, Almaniya, İspaniya yenidən məhdudlaşdırıcı tədbirlərə qayıdır. Hətta ölkəmizlə əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 mindir, ölənlərin sayı isə 10 mini ötüb. Bu dəhşətli pandemiyanın Azərbaycanda arzuolunmaz fəsadlar yaratmaması, xəstəliyin ölkə ərazisində geniş yayılmaması üçün dövlətimiz tərəfindən ciddi tədbirlər görülür. Bütün bunların isə bir məqsədi var - ölkə əhalisini pandemiyadan qorumaqla dövlətimizi bu bəladan ən az zərərlə çıxarmaq. Hər birimizin qarşısında bir tələb var: Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, gigiyenik qaydalara riayət etmək, məsafə saxlamaq və qapalı şəraitdə tibbi maskadan və digər qoruyucu vasitələrdən yararlanmaq.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com