Könüllülərin pandemiya sınağı... - Hərəkat bu ilin 6 ayında da öz fədakarlığı ilə seçilməyi bacardı

Məlum olduğu kimi, ölkə başçısının sərəncamı ilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan olunub. Azərbaycan xalqının əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatdığını nəzərə alaraq verilən bu qərar könüllülük fəaliyyətinin daha da geniş təşviqi məqsədi daşıyır.

Sərəncamda da vurğulandığı kimi, insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatı kimi qeyd olunan könüllülük fəaliyyəti həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

 

 

Sözsüz ki, dünyanı bürüyən koronavirus epidemiyası Azərbaycanda da bir çox sahələri böyük çətinliklərlə üz-üzə qoydu. Xüsusilə səhiyyə sisteminin qarşılaşdığı çətinliklərlə bağlı hökumət mümkün olan tədbirləri görsə də, bu işdə vətəndaş cəmiyyətinin üzərinə də böyük məsuliyyət düşdü. Bu mənada pandemiya Azərbaycanda mövcud olan könüllülər hərəkatı üçün də bir sınaq oldu. Söhbət birbaşa tibb müəssisələrinin fəaliyyətinə kömək göstərilməsilə yanaşı, epidemiya ilə bağlı təbliğat və təşviqat işlərinin aparılmasındam gedir. Bu baxımdan könüllülərin fəallığı xüsusilə nəzərə çarpır.

Bilindiyi kimi, ilin ilk 6 ayı ərzində koronavirus pandemiyası səbəbindən ölkəmizdə bir sıra beynəlxalq tədbirlər, idman yarışları təxirə salınıb. Lakin bununla belə bu dövrdə könüllülər ölkədə pandemiyaya qarşı mübarizədə hökumət qurumlarına dəstək fəaliyyəti həyata keçirib, müxtəlif şəhərlərdə maarifləndirmə işlərində yaxından iştirak ediblər. Hazırda tibb sahəsində xeyli sayda könüllülər çalışır, eyni zamanda digər sahələrdə də könüllü fəaliyyətləri mövcuddur.

Məsələn, Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən start verilən “Bir-birimizi qoruyaq!” adlı kampaniya cəmiyyətdə böyük marağa səbəb oldu. Kampaniyanın məqsədi insanların kütləvi toplaşdığı yerlərdə sosial məsafə və digər davranış qaydaları barədə ictimai maarifləndirmənin aparılması, bu işdə dövlətə dəstək verilməsi, həm də “COVID-19” pandemiyası ilə mübarizədə gecə-gündüz çalışan vətəndaşlarımıza könüllülərin dəstəyini nümayiş etdirməkdən ibarət oldu.

Kampaniyanın yeni mərhələsində könüllülər vətəndaşlar tərəfindən ara məsafəsinin qorunmasının təbliğ və təşviq edilməsi məqsədilə, yeni maraqlı aksiya reallaşdırıblar. Respublikanın şəhər və rayonlarında, o cümlədən Bakının 12 rayonunda keçirilən aksiya çərçivəsində əhalinin çox olduğu məkanlarda könüllülər asfalt üzərində dairələr çəkərək, vətəndaşların öz növbələrini həmin dairələr üzərində duraraq gözləmələrini, sosial məsafənin qorunmasını təbliğ ediblər. Həmçinin, könüllülər özlərinin nümunəsində əyani şəkildə sosial məsafə saxlamağın vacibliyini nümayiş etdiriblər.

Qeyd edilməlidir ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, “Formula 1 Azərbaycan Qran Prisi” Könüllülük Proqramı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” Təşkilatı, “Ekokönüllüləri” Qrupu, “AFFA və Avro-2020” Könüllülər Proqramı, “Gənc Könüllülər” Hərəkatı və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilir.

Ümumiyyətlə, AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib. Bu dövrdə AKƏM-in təşkilatçılığı ilə keçirilən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu”, “Könüllü donor” aksiyalarında minlərlə könüllü iştirak edib.

Bir sözlə, könüllülər hərəkatının aktivliyi göstərir ki, 2020-ci ilin “Könüllülər ili” elan olunması təsadüfi deyil və bu hərəkat ölkəmizin, xalqımızın sınağa çəkildiyi indiki dövrdə öz fədakarlığı ilə xüsusi seçilir.

Azpolitika.info

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Pandemiya dövründə kölgə iqtisadiyyatı ilə mübarizə

SONRAKI XƏBƏR

Dünyanı gözləyən iki ssenari – Biri nikbin, digəri bədbin