"Bizə zəng edib maraqlanan yoxdur, ancaq qohumlarımız narahat olur"

"Bizə zəng edib maraqlanan yoxdur, ancaq qohumlarımız narahat olur"

“Fairmont Baku” hotelinin ölkənin bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimini pozması və həftə sonu qapılarını istirahətə gələnlərə açması bir neçə gündür ki, gündəmi zəbt edib. Polis məsələyə dərhal reaksiya verərək hoteldə əməliyyat aparıb, qaydanı pozanları cəzalandırsa da, müzakirələr sosial şəbəkədə davam edib.
Bir qrup şəxs sosial şəbəkədə karantin qaydalarını pozaraq istirahətə gedənləri qınayanları təhqir edib. Onlardan biri də xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev olub. Sənətçinin oğlu "Facebook"da “Ay “işverənlər”, sizə ona görə pis təsir edir ki, sizi “Fairmont”a dəvət etməyiblər” sözlərini yazıb.
Cahad Hacıyevin bu sözləri birmənalı qarşılanmayıb və tənqid olunub. B. Dadaşova da oğlunu hədəfə alanları məhkəmə ilə hədələyib və oğlunun zarafat etdiyini qeyd edib. Daha sonra xalq artisti onu və oğlunu tənqid edənləri təhqir etməkdən də çəkinməyib.
Bütün müzakirələrə isə prezident İlham Əliyevin iyulun 6-da televiziya kanallarına verdiyi müsahibə nöqtə qoyub. Dövlət başçısı bildirib ki, “Fairmont Baku” otelində yaşananlar dözülməzdir:
“Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər. Ona görə biz məcbur olub cərimələri artırdıq. Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətlərini dərk etməlidirlər... Dünən məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir...”
Bəs, tanınmışlar gündəmi zəbt edən olayla bağlı nə düşünürlər?
Mövzu ilə bağlı Musavat.com-a danışan deputat Fazil Mustafa bildirib ki, qanun hər kəs üçün eynidir:
“Prezident İlham Əliyevin dediyi o idi ki, imtiyazlı heç kim yoxdur, heç kim qudurğanlıq etməməlidir. Hər kəs, kimliyindən asılı olmayaraq qaydalara əməl etməlidir. Pandemiyadan əsas xilas yolu budur. Kimsə imtiyaz əldə edibsə, fürsət tapıb özü üçün müəyyən mənada uduş əldə etmək istəyirsə, hərislik imkanlarını genişləndirmək istəyirsə, belə şey olmaz. Yoxsulu da, varlısa da eyni qaydada bu prosesdə fədakarlıq etməlidir. Prezidentin dediyi də odur. Dediklərinə əməl etmək hamının borcudur”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, karantin qaydalarına əməl etmək hər kəsin borcudur:
“Prezident açıq-aşkar öz mövqeyini dedi. Əgər, bu günləri prezident öz ailəsi ilə koronanavirusla bağlı qoyulan bütün qaydalara əməl edirsə, maska ilə gəzirsə, o xırdalar, bir milyonluq saat taxanlar niyə riayət etməsinlər? Mən 79 yaşımda, iki otaqlı evdə, 8-ci mərtəbədə otururamsa, çölə çıxmıramsa, qanuna riayət edirəmsə, deməli, hamı edə bilər. Bu bir müharibədir. Biri var, müharibə güllə ilə gəlir, biri də var, düşməni görmədən mübarizə aparırsan. Biz bu müharibədən az itki ilə çıxmalıyıq. Bizə zəng edib maraqlanan yoxdur, ancaq qohumlarımız narahat olur. Bir poliklinika, həkim zəng vurub səhhətimizlə maraqlanmır. Buna baxmayaraq biz qanunlara tabe oluruq. Çölə çıxsaq da, maska ilə çıxırıq. Bizim təmiz havaya ehtiyacımız olsa da, evə qapanmışıq.
N. Cəfəroğlu cərimələrin artırılmasına etiraz edənlərdən də bəhs edib:
“Cərimələrin artırılması insanların xeyrinədir. Heç kim durduğu yerdə cərimə edilmir. Qaydaları pozmasalar, cərimə ödəmək məcburiyyətində qalmazlar. Koronavirusla bağlı qoyulan qaydalar bizim sağlamlığımız üçündür. Hamımız bu qaydalara əməl edək ki, pandemiyadan canımız qurtarsın”.
Musavat.com

Mənbə: www.dia.az