“Adamlar özləri başa düşür ki, maska taxmaq lazımdır”

“Adamlar özləri başa düşür ki, maska taxmaq lazımdır”

İtaliyada həkim işləyən azərbaycanlı: "Qaydalara əməl etmək şərti ilə normal həyata dönürük”
İtaliya uzun sürən təcriddən sonra demək olar ki, karantindən çıxıb. Ölkə üzrə bütün mağazalar, restoranlar, muzeylər, kilsələr, turizm məkanları açıq elan olunub. İnsanlar artıq kafelərin məsafəli şəkildə düzülən stollarında pizza yeyir, buzlu pivənin dadını çıxarırlar. Turistlər Aralıq dənizinin mavi sularının yuduğu sahillərdə sosial məsafəni gözləməklə, günəş vannası qəbul edirlər. Ümumi mənzərə göstərir ki, ölkədə koronavirus tam yox olmasa da, lokallaşdırılıb.
İtaliyanın Milan şəhərində yaşayan, San Rafael Hospitalında diaqnostik-ekoqrafiya kardiologiya sahəsində həkim işləyən, eyni zamanda İtaliya Azərbaycanlılarının Koordinasiya Şurasının Milan üzrə əlaqələndiricisi Bahar Yusifzadə bizimlə söhbətində ölkənin koronavirus pandemiyası ilə mübarizəsində insanların qaydalara riayət etməsini önə çəkdi.

- Hazırda koronavirus pandemiyası ilə bağlı İtaliyada vəziyyət necədir?
- İnfeksiyanın yayılması ilə bağlı vəziyyət xeyli yaxşılaşıb. İtaliya normal həyata qayıdır. Hamı küçəyə çıxır, heç bir qadağa yoxdur. Ötən həftə koronavirusa yoluxanların sayı 8 nəfər idi. Əlbəttə, bu, kiçik rəqəmdir və bizi çox sevindirir. Bu da insanların gediş-gəlişinin normallaşmasına, turizmin açılmasına kömək edir. Düzdür, ölkə karantinə gec daxil olmuşdu. Amma o durumdan qurtulmaq üçün vacib tədbirlərə əməl olunmağa başlandı. Hazırda ölkədə pandemiya ilə bağlı vəziyyət nəzarət altındadır. Yenə də iki-üç ay əvvəlki kritik vaxtda olduğu kimi, sosial məsafənin qorunması, maska taxılması kimi tədbirlərə ciddi əməl olunur. Onu da qeyd edim ki, Azərbaycanda karantin qaydaları ilk dəfə tətbiq olunanda yaxşı nəticə verdi. Amma sonradan Bakıdakı dost-tanış karantinlə bağlı yumşalmaların tətbiq olunduğunu dedilər. Bu isə yoluxma ilə bağlı vəziyyətin çətinləşməsinə, xəstələrin sayının artmasına səbəb oldu. - Koronavirusun mövcudluğu ilə bağlı insanlarda şübhəli fikirlər var. Bir həkim kimi fikirləriniz maraqlıdır. - Koronavirus, əlbəttə, var. Bir həkim kimi deyə bilərəm ki, insanlar özlərini virusdan qorumalıdırlar. İtaliyada bunu hamı başa düşür və qorunma ilə bağlı qaydalara maksimum riayət etməyə çalışırlar. Polis infeksiyanın daha çox yayıldığı vaxt müəyyən məhdudiyyətlər tətbiq edirdi. İndi belə qadağalar yoxdur. Heç kimə də deyilmir ki, maska geyinməlisən. Adamlar özləri başa düşür ki, maska taxmaq lazımdır. Çoxları əlinə əlcək də geyinir. Səhər-səhər iş yerinə gəldikdə, həm işçilərin, həm də kənardan gələn xəstələrin temperaturu ölçülür. Mərkəzləşmiş formada kameranın qarşısından keçilir, əgər kimdəsə temperatur varsa, həmin adam geri qaytarılır. Sonrakı nəzarət çərçivəsində təbii ki, tədbir görülür. İşçi birbaşa iş gedə bilməz. Bu proseslər hamısı nəzarət altındadır. Kimdə simptomlar vardısa, onların hamısını, təbii ki, koronavirusa yoluxmuş hesab etmək olmaz. Fəsillə əlaqədar qriplər də vardı. Onlar da birinci, ikinci stadiyada tampon edilirdi. Neqativ çıxırdısa, o adam yenidən işə dönməli idi. Və ya koronaviruslu xəstələrlə ünsiyyətdə olanlar təzədən yoxlamadan keçirilir və şöbələrə dönürdülər. Əsas məsələ hər yerdə məsafə və qorunma qaydalarına riayət olunmasıdır. Qaydalara əməl etmək şərti ilə normal həyata dönürük. Bu qaydalar qəbul şöbəsindən başlayır. Məsələn, əvvəl 15-20 xəstə qəbula gələndə bir-birinin yanında oturardı, indi isə hər yerdə - ambulatoriyalarda, xəstəxanada, avtobusda məsafələrlə hərəkət edirlər. Həkimin müayinəsinə daxil olarkən bir metr məsafə gözlənməlidir. Xəstəxanadan çıxdıqdan sonra mərkəzləşdirilmiş qaydada temperatur yenə də ölçülür. Biz hələ də maskadan, əlcəkdən nə vaxt qurtulacağımızı bilmirik. İş yerlərində də bir otaqda işləyənlər mütləq maska taxırlar. Əvvəllər 4 adam oturan yerdə indi 3 adam oturur. Bu cür məsafənin gözlənməsi hər yerə aiddir. - İtaliya turizmi, təkcə öz vətəndaşlarına deyil, əcnəbi turistlər üçün də acıq elan edib. Bu, virusla bağlı yoluxma riskini artırmır? - Turizm açıq elan olunub. Dövlət ölkəyə girişi qadağan eləmir. Amma bütün bunlar ciddi nəzarət altında həyata keçirilir. Turizmin açıq elan olunması o demək deyil ki, insanlar istədikləri formada hərəkət edəcəklər. Burada insanlar qaydalara riayət edirlər. Bakıdan dost-tanışdan eşidirəm ki, polis insanlardan maska geyinməyi tələb edir. Axı hər bir insan özü düşünməlidir ki, onun sağlamlığı, ilk növbədə özü, daha sonra ailəsi və ətrafı üçün lazımdır. - Necə bilirsiniz, virus həyatımızdan necə çəkiləcək? Vaksinin tapılmasına hələ çox var? - Vaksinin tapılması barədə konkret söz demək çətindir. Ancaq vaksinin olması o demək deyil ki, yoluxma daha olmayacaq. Bu, mənə ciddi fikir kimi görünmür. Bütün qrip növlərinə yoluxduqda, vaksinasiya edənlər də olur. Virusun qorunma yolları var. İnsanlar yalnız gigiyenik qaydalara riayət etməli, tövsiyələri nəzərə almalıdırlar. Lap karantin qaydaları ləğv olunsa, qadağalar aradan qaldırılsa belə, bilməliyik ki, hər zaman ətrafımızda virus və yoluxma təhlükəsi var. - Bəs infeksiyanın ikinci dalğası haqqında fikirləriniz nədir? - İnfeksiyanın ikinci dalğası barədə İtaliyada insanlar arasında ciddi fikirlər dolaşmır. Eyni zamanda, eşidilən bu fikirlər insanlar arasında heç bir təşviş yaratmır. Bu cür fikirlər insanların psixologiyasına da pis təsir edir. Sadəcə, adamlar bu vəziyyətin nə vaxt bitəcəyini gözləyirlər.
Söhbətləşdi
Təranə Məhərrəmova

 

Mənbə: kaspi.az