“Həmrəylik, xeyirxahlıq bizim ruh halımız, ənənəmiz, mədəni-mənəvi irsimizdir...”

“Həmrəylik, xeyirxahlıq bizim ruh halımız, ənənəmiz, mədəni-mənəvi irsimizdir...”

Azərbaycan Prezidentinin bugünlərdə yerli TV kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər, etdiyi mühüm çağırışlar mediamızın, vətəndaş cəmiyyəti institutlarımızın, ümumən cəmiyyətimizin müzakirə mövzusudur. Bu haqlı müzakirələr üçün, bir Millət vəkili, bir vətəndaş olaraq, cəmiyyətimizə öz minnətdarlığımı çatdırmaq istərdim. Böyük minnətdarlığımızsa, təbii, cənab Prezidentimizədir. Prezidentin koronavirusla mübarizə sahəsində görülən işlər, Azərbaycanın daxili və xarici siyasət məsələləri, ümumən respublikanın mövcud durumu ilə bağlı geniş fikirləri, hadisələrə prinsipial, qəti mövqeyi qürurverici və öyrədicidir. Əlbəttə, bütün bu istiqamətlər üzrə ilk növbədə güclü iqtisadi təmələ istinad edilməlidir. Heç təsadüfi deyil ki, cənab Prezidentin müsahibəsinə xüsusi vurğu edilən sahələrdən biri iqtisadi gücümüz, beynəlxalq iqtisadi əlaqələrimiz və bunlardan güc alaraq, koronavirus və digər məsələlərə münasibətdə qətiyyətli, nümunəvi addımlar atılması ilə bağlı oldu.

Bir yandan qlobal pandemiya, digər yandan neftin qiymətinin ucuzlaşması, əlbəttə, Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmədi. Yəqin hansısa sosial layihə ertələnsə və ya gündəlikdən çıxarılsa, buna anlayış göstərmək mümkün idi; lakin dövlət başçımızın öz sözləri ilə desək, “Heç bir sosial layihə təxirə salınmadı: 2020-ci ildə büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir”. Bax, yalnız bu faktın özü bayaq vurğuladığımız qürur faktorunu əsaslı qılmağa yetərlidir. “Azərbaycan hökuməti birmənalı şəkilkdə tərəddüdsüz, insanların sağlamlığını prioritet elan etdi” deyə fikrinə davam edən cənab Prezidentin, 2020-ci il ərzində

-məcburi köçkünlər üçün rekord (!) sayda binaların tikiləcəyi,

-7 mindən çox köçkün ailəsinin yeni mənzillərlə təmin ediləcəyi,

-şəhid ailələri üçün yenə rekord (!) sayda ( –1500 mənzil) istifadəyə veriləcəyi,

orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərə 400-dən çox mənzilin veriləcəyi

barədə məlumat verməsinin özü, dediklərimizin parlaq sübutudur. Özü də, bu planda, yalnız gələcək zamanda danışmırıq, artıq neçə binanın açılışı olub, neçə mənzilin açarı sakinlərə təhvil verilib. Təkcə, cənab Prezidentin şəxsən açılışını etdiyi “Qobu Park-3” kompleksini xatırlatsaq, mənzərə aydın olar, deyə düşünürəm…

Habelə:

- Ünvanlı sosial yardım alanların sayının artırılaraq, 85 min ailəyə - 300 mindən çox insana çatdırılması;

- işsizlərin, o cümlədən qeyri-formal sahədə işləyənlərin dəstəklənməsi,

-pandemiyadan zərər çəkmiş sahələrdə çalışanlara maddi yardım göstərilməsi (və digər məq-sədlər) üçün təqribən 3 milyard manat vəsaitin nəzərdə tutulması

barədə dövlət başçısının dedikləri, sosial-iqtisadi baxımdan günümüzün, ilimizin mənzərəsini aydın şəkildə göstərməkdədir.

Məhz güclü iqtisadi əsaslar üzərində verilən qətiyyətli, prinsipial qərarlar sayəsində, iqtisadiyyatın (bizdən asılı olmayan qlobal səbəblər üzündən) tənəzzülə uğramasına baxmayaraq, hətta, bəzi sahələrdə inkişaf müşahidə olunur. 2020-ci ilin ilk beş ayının yekunlarına görə:

-kənd təsərrüfatında 3%-dən çox, qeyri-neft sənayesində 16% artım olub.

Dünya bazarlarında neftin qiymətinin kəskin düşməsi, cari ilin altı ay ərzində respublikamızın valyuta ehtiyatlarında yalnız 98 milyon dollar azalmaya səbəb olub – yəni kəskin ucuzlaşma kəskin azalmaya gətirib çıxarmayıb.

Nə gizlədim, şəxsən mənim üçün, elə bilirəm, hər bir həmvətənimiz üçün ağrılı mövzu olsa da, (cənab Prezidentin də toxunduğu kimi), özünü müxalifət adlandıran bəzi nümayəndələrin “neftin qiyməti 14 dollara düşüb, ölkə böyük problemlərlə üzləşəcək” deyə bir-birini təbrik etməsi də günümüzün acı gerçəklikləri sırasındadır… Bu qədər kin-küdurətlə bəslənmək nə o “hissləri keçirənlərə, nə ölkəmizə xeyir gətirməz! Ona görə də, cənab Prezidentin də qeyd etdiyi kimi “Azərbaycan xalqı bu iyrənc mənzərəni görərkən bir daha əmin olur ki, kim kimdir”. – Axı, neftin qiymətinin düşməsi, ilk növbədə və daha çox, vətəndaşlarımızın sosial məsələlərinin həllində özünü göstərə bilər..! Buna necə sevinmək olar? Ən yaxşı təsəllimiz də, güvəncəmiz də, yenə, dövlət başçısının qeyd etdiyi qiymətli fikirlərdə əks olunmaqdadır: “Neftin qiyməti hətta 14 dollar da olsa, Azərbaycan ayaqda duracq. Son illər ərzində yaradılmış böyük iqtisadi-maliyyə potensialı istənilən böhranla bacarmağa imkan verir”.

Əlbəttə, bu təsəlli və güvənc doğuran fikirlər öz dayağını həm də, son illər həyata keçirilən struktur və kadr islahatlarından alır. Məhz bu islahatlar nəticəsində, Azərbaycanda kölgə iqtisadiyyatı, demək olar, önəmli dərəcədə sıradan çıxarıldı və yerdə qalan hissəsi ilə də, hazırda ciddi mübarizə aparılır. O sırada:

- 100 mindən çox “Əmək müqaviləsi” imzalanıb, qeyri-formal məşğulluq ağardılır.

Bir yandan da:

-maarifləndirmə işləri,

-ciddi inzibati addımlar,

-dövlət və biznes qurumları arasındakı konstruktiv, hüquq əsaslı təmaslar…

hazırda qeyri-formal sahədə işləyən digər insanların da, zaman-zaman kölgə iqtisadiyyatından ağ iqtisadiyyata keçəcəklərinin göstəricisi, ilham qaynağı, istinadgahıdır.

Təsadüfi deyil ki cari ilin ilk 6 ayı içində, vergi və gömrük orqanlarımız, dövlət büdcəsinə proq¬nozdan əlavə 423 milyon (!) manat cəlb edə bilib.

Bir sözlə, “Ən böhranlı məqamda da islahatlar davam etdirilir və müsbət nəticələr əldə olunur”.

Beləliklə, gəlirik, koronavirus mövzusuna. Bu, qlobal problemlə mübarizədən danışdıqda, respublikamızın məhz qlobal səviyyədə həmrəyliyə verdiyi əməli töhfələr yəqin, ilk sıralarda gəlir. Dövlətimiz bu günə qədər otuzdan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə verib. – “Azərbaycan humanitar yardımı piar üçün yox, ölkələrə həmrəylik borcu kimi edir”. Bu cənab Prezidentin sözüdür və özündə həm birbaşa, həm də dəruni məna daşıyır. Həmrəylik, xeyirxahlıq bizim xalqın, dövlətin xarakterik xüsusiyyətidir. Bizim ruh halımızdır, ənənəmizdir, mədəni-mənəvi irsimizdir; digər tərəfdən, humanitar və maliyyə yardımı göstəririksə, deməli, ayaqda möhkəm duran ölkəyik! Cənab İlham Əliyevin bu sözü o mənanı da daşıyır ki, humanitar yardımı piar üçün edənlər də var; hətta, hansısa bir ölkənin düşdüyü çətin durumdan yararlanıb, özü üçün nəyisə əldə etməyə çalışanlar var; ayrıca, özünə qapananlar da var, təəsüf ki… bu, indiki dünya birliyinin ruh halsızlığı, ovqatsızlığıdır… Deməli, biz yalnız özümüzü ifadə etmirik, bəlkə nəticə etibarı ilə gələcək nəsillər qarşısında, tarix qarşısında dünyanın 2020-ci il(lər)də susmayan vicdanı oluruq…

Məhz ona görə də, cənab Prezident çox əmin şəkildə dedi ki, “Azərbaycan dünyada çox yüksək imicə malik ölkədir”; Prezident ona görə təsdiq etdi ki “Azərbaycan ancaq əməkdaşlıq, xeyirxahlıq, yardım və dəstək hesabına daha çox dost qazandı”.

*

Bildiyiniz kimi, hazırda Azərbaycan Prezidenti iki mühüm beynəlxalq qurumun sədridir. Və hər iki qurum koronavirusla bağlı zəruri addımlar atıb.Qürurverici haldır ki hər iki halda təşəbbüskar Azərbaycan olub.Bu barədə, xeyli mülahizələr, fikirlər yazılıb, bu sətirlərin müəllifi də bir xeyli çıxışlarında, yazılarında bu mühüm mövzuya toxunub; bununla belə, demək də fayda görürəm ki, Türk Şurası və Qoşulmama Hərkatının Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən “Virtual Zirvə”sinin məntiqi sonucu olaraq, artıq “BMT Baş Assambleyasının Xüsusi sessiyası” gündəm mövzusudur. Dünya birliyi bu Xüsusi sessiyaya Azərbaycandan başlanan təşəbbüs və ideyalar işığında gedir!”Hər bir ölkə hər hansı bir təşkilatda fəaliyyəti tam icra etməlidir, bu fəaliyyət formal xarakter daşımamalıdır” deyən cənab Prezidnetin sözü də həm birbaşa mənaya, həm başqa fikir laylarına malikdir. Demək ki, öz mandat-missiyasını yerinə yetirməyən dövlətlər var, təəssüf ki... Təəsüf ki, öz mandat-missiyasının haqqını yerinə yetirməyən dövlətləri biz ATƏT-in Minsk Qrupu həmsədrlərində də görməkdəyik… - Təsəvvür edin: Azərbaycan hansısa münaqişə üzrə, mandat-missiya sahibi olsa, nə qədər məsuliyyət, operativlik və ədalətlə o münaqişənin həllinə çalışar və nail olardı!..

*

Cənab Prezident bu fikiləri paytaxtın Xətai rayonunda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan yeni modul tipli hospitalın açılışında verdiyi müsahibədə deyirdi. Dövlətimiz beynəlxalq həmrəylikdə öz sözünü deməklə yanaşı, ondan geri qalmayan səviyyədə, prinsipal şəkildə, ölkəiçində müvafiq addımlar atıb və atmaqdadır. Dövlət başçısının dediyi kimi, “Xəstəxanaların tez bir zamanda inşa edilməsi hətta seytnot vəziyyətdə lazımi addımların atıldığını təsdiq edir”. Rəqəmlərə, göstəricilərə diqqət edək:

- Yeni modul tipli hospitalda 800 xəstənin yerləşdirilməsi nəzərdə tutulur;

- daha öncə açılışı olmuş “Yeni klinika”da çarpayı sayını 700-750-yə çatdırmaq planlaşdırılır;

- əlavə 10 modul tipli xəstəxananın tikintisi nəzərdə tutulur; onlardan növbətisi – 1300 yerlik tu-tumu olan modul tipli xəstəxana bir ay-ay yarım içində istifadəyə veriləcək;

- hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alır; onlardan 36-sı son vaxtlar ərzində inşa edilib;

- ehtiyac yaranacağı təqdirdə, 5 mindən çox xəstənin yerləşdirilməsi üçün potensial mövcuddur.

Bəs bütün bunlar hansı bazis üzərində pərvəriş tapıb? – Prezidentin sözlərinə və yazının girişindəki qeydlərə istinad etsək, ən ümumiləşmiş şəkidə təkrar etsək:

-ölkəmizdə ilk günlərdən qabaqlayıcı tədbirlər görülməsi,

-durumun nəzarətdə saxlanılması,

-qərarlar qəbul olunarkən mövcud durumun dərindən təhlil olunması,

-mütəxəssislərlə məsləhətləşmələr aparılması,

-insanlarımızın həyatını, sağlamlığını bu qlobal pandemiyadan qorumağın dövlətin əsas məqsəd kimi müəyyənləşdirməsi qeyd olunmalıdır.

Yəqin başqa ölkələrdə baş verənlərlə tanışlıq, mövzud problemlə bağlı daha aydın mənzərə yaranmasına kömək edər: hazırda, bir çox ölkə yenidən məhdudlaşdırıcı tədbirlərə, sərt karantin rejiminə qayıdır; hələ heç bir ölkə özünü tam şəkildə sığortalamış hesab edilə bilməz; nə qədər paradoksal görsənsə də, bu gün pandemiyadan ən çox əziyyət çəkən ölkələr, məhz ən çox inkişaf etmiş ölkələrdir; nəhayət, əhali sayı bizim respublikamızla eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 min(!), ölənlərin sayı isə 10 min(!) nəfərdir.

Fikirlərimizi toparlamağa çalışarkən, bir az da, ÜST “COVİD-19”u qlobal pandemiya elan etdikdən bəri keçilmiş qısa yola nəzər salaq:

-fevral ayında Azərbaycanda toplam 6 laboratoriya vardısa, hazırda laboratoriya sayı 23 vahid artaraq 29-a çatıb və bununla da, yetinilməyərək, daha 15 yeni laboratoriya sifariş edilib, beləliklə, az müddət keçdikdən sonra, laboratoriyaların ümumi sayı 44-ə çatacaq. – Bu isə 7 dəfədən çox fərq deməkdir. Test sayı 500 mini ötüb və adambaşına düşən testlərin sayına görə Azərbaycan, təqribən 15-dən çox ölkəni qabaqlayaraq, 40-cı yerdə qərarlaşıb.

*

Əlbəttə, qarşıdakı aylarda məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı addımlar qaçınılmazdır, duruma uyğun şəkildə yeni addımlar atıla bilər. Burada, bir önəmli məqamı qeyd etməliyik. Bu da, ondan ibarətdir ki, bütün mövcud və gələcək qaydalar insanların, (o cümlədən karantin rejimini pozanların!) sağlamlığının qorunması üçündür; qayda-qanunlar, karantin rejimi tələbləri vəzifəsindən, cəmiyyətdəki nüfuzundan asılı olmayaraq, hər kəs üçün eynigüclü (əsas) olmalıdır;

qaydaları pozanlar daha məsuliyyətli davranarsa, infeksiyanı nəzarətdə saxlamaq daha sərrast şəkil (xarakter) alacaqdır.

Çox şükür, bir müddət bundan öncə yoluxma sayında müşahidə edilən sürətli artış hazırda özünün eniş mərhələsinə girməkdədir; buna müqabil, sağalma sayı artmaqdadır. –Operativ Qərargahın məlumatına görə bu sətirlərin yazıldığı gün: ölkəmizdə 537 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 453 indiyədək müşahidə edilmiş ən yüksək sağalma faktıdır və son dönəm ərzində, yoluxma faktı ilə aradakı fərqin ən az olduğu günlərdən birini yaşamaqdayıq! Cənab Prezidentin fikirləri işığında yazdığım bu yazını elə bu müsbət dinamika ilə də yekunlaşdırmaq istərdim. Dövlətin yüksək siyasi iradəsi, yetərli iqtisadi imkanlar, fədakar həkimlərimiz, sərt karantinə anlayış göstərən vətəndaşlarımız varkən, daha müsbət nəticələr uzaqda deyil!

Millət vəkili Qənirə Paşayeva

Mənbə: moderator.az