Gürcüstan nə edib ki, orada koronavirusa yoluxanların və ölənlərin sayı azdır?

Gürcüstan nə edib ki, orada koronavirusa yoluxanların və ölənlərin sayı azdır?

FED.az xəbər verir ki, Gürcüstanda bir çox məhdudiyyətlər indi qaldırılıb, amma qapalı ictimai yerlərdə maska taxmaq tələbi qüvvədə qalmaqdadır.

Gürcüstan koronavirusa yoluxma riski baxımından sərhədlərini açmaq üçün kifayət qədər təhlükəsiz sayılan və Avropa İttifaqına daxil olmayan 15 ölkədən biridir. Eyni zamanda, Gürcüstan həm də bu statusa nail olan yeganə keçmiş Sovet respublikasıdır.

Əhalisinin sayı 3,7 milyon olan Gürcüstanda Covid-19-a yoluxma hadisəsi 1000-dən azdır, ölən isə 15 nəfərdir.

"Üç müşketyor" adı verilən bir qrup ictimai elm adamı, Gürcüstanın pandemiyaya qarşı strategiyasına uğurlu rəhbərlik etdiyi üçün alqışlanır.

Şəklin alt yazısı,

Gürcüstanın koronavirusa cavab strategiyasının "üç muşketyoru": (soldan sağa) Paata İmnadze, Tenqiz Tsertsevadze və Amiran Qamkrelidze.

Müqayisə üçün, parametrləri oxşar ölçüdə olan qonşu Ermənistanda koronavirus tüğyan edir.

Orada hər gün yüzlərlə yeni Covid-19 hadisəsi qeydə alınır, infeksiyaya yoluxanların ümumi sayı 26 minə və ölənlərin sayı təqribən 500-ə yaxındır.

Gürcüstan bunu necə etdi?

Gürcüstanın ilk Covid-19 hadisəsi fevral ayının sonunda qeydə alınıb. Hökümət dərhal buna cavab verib.

Martın ortalarına qədər bütün məktəblər, universitetlər və zəruri olmayan müəssisələr bağlandı, ictimai nəqliyyat isə dayandırıldı.

Martın 21-də fövqəladə vəziyyət rejimi tətbiq edildikdən sonra böyük yığıncaqlar və şəhər daxilində səyahətlər qadağan edildi. Gecələr komendant saatı tətbiq edildi.

Şəklin alt yazısı,

Mart ayında Gürcüstanda gecələr komendant saatı tətbiq edilib.

Gürcüstanın ən vacib dini bayramı olan Pravoslav Pasxası zamanı rəsmilər fərdi nəqliyyat vasitələrindən istifadəni qadağan etdi və qəbristanlıqları bağladılar.

"Birinci təsdiqlənmiş yoluxma hadisəsindən bir ay əvvəl pandemiya təhdidini nəzərə aldıq, - Baş nazir Giorgi Qaxaria elektron poçtla BBC-yə bildirib. - Ölkəmizin yerləşdiyi yer və ölçüsünün kiçik olması kimi xüsusiyyətləri nəzərə alaraq digər ölkələrin təcrübəsindən yararlana bilmədik".

Məlumatlandırma kampaniyası və müntəzəm olaraq yeniliklərin çatdırılması işinə ölkənin ən yaxşı alimləri və Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzi (NCDC) rəhbərlik edib.

NCDC-in Lugar Laboratoriyasını Rusiya ABŞ-ın gizli bio-silah proqramının bir hissəsi olmaqda müntəzəm olaraq günahlandıraraq daimi hədəfə almışdı.

Lakin onun alimləri ölkənin pandemiyaya qarşı mübarizəsinə rəhbərlik edib.

“Muşketyorlar” kimlərdir?

Gürcüstanda NCDC alimləri pandemiyaya qarşı seçdikləri strategiyaya görə geniş hörmət qazanıblar.

Üçlüyün tərkibinə NCDC-in rəhbəri Amiran Qamkrelidze, Lugar laboratoriyasının müdiri Paata İmnadze və baş virusoloq, Tbilisi yoluxucu xəstəliklər, QİÇS və immunoloji tədqiqat mərkəzinin rəhbəri Tenqiz Tsertsvadze daxil idi.

Şəklin alt yazısı,

Marina Ezuqbaya Covid-19-a qarşı Gürcüstan səhiyyəsinin cavab strategiyasını istiqamətləndirən əsas fiqurlardan biridir.

Digər bir populyar fiqur, ictimai səhiyyə kampaniyasının siması, Tbilisi yoluxucu xəstəliklər xəstəxanasının tibbi müdiri Marina Ezuqbaya idi.

Gürcüstanda indi koronavirusa qarşı test keçirən 19 laboratoriya fəaliyyət göstərir.

İyunun 30-da NCDC rəhbəri Amiran Qamrexelidze Gürcüstanın uğuru barədə ətraflı izahat verib.

Qızıl standarta uyğun olaraq əhalimizin hər milyon nəfəri hesabı ilə təxminən 30000 PCR testi keçirdik. Sağalma dərəcədi 86% -ə yüksəldi, amma təəssüf ki, 15 ölüm hadisəsi oldu ki, bu da 1,6% təşkil edir. Qlobal göstəricilərlə müqayisədə bu çox azdır."

Bu niyə nəticə verdi?

Gürcüstan hökuməti göstərişlərinə əməl etdiyinə görə xalqa təşəkkür etdi.

Fövqəladə vəziyyət zamanı qaydaları pozanlara qarşı böyük cərimələr təyin olunmuşdu - fiziki şəxslər üçün 1000 dollar və müəssisə və şirkətlər üçün 3000 dollar.

Şəklin alt yazısı,

Gürcüstanda karantin rejimi tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət edilib

"Evdə qal" xəbərdarlığına avtobus dayanacaqlarında rast gəlmək və mobil telefon operatorlarının göndərdiyi mesajlarda oxumaq olurdu.

Siyasi qütbləşmənin yüksək dərəcəsinə baxmayaraq, Gürcüstan cəmiyyəti epidemiya ilə mübarizə səylərini geniş şəkildə dəstəklədi.

Baş nazir gürcülərin əməkdaşlığa hazır olmalarını və onların "bütün müvafiq təlimat və tövsiyələrə əməl edilməsində nümunəvi sosial məsuliyyət" nümayiş etdirməsini yoluxma halları statistikasının durdurulmasına kömək etdiyini söyləyib.

Pasxa bayramı günləri ciddi sınağa çevrildi, çünki ölkə boyu kilsələrdə gecə yarısı kütləvi ibadət mərasimlərində minlərlə adamın iştirak edəcəyi qorxusu var idi.

Şəklin alt yazısı,

Pasxa bayramı günlərində kilsələrdə ibadətlər keçirildi, gürcülərin çoxu isə hökümət göstərişinə uyğun olaraq evdən bayıra çıxmadı.

Ölkənin nüfuzlu pravoslav kilsəsi bayram ibadəti mərasimlərini keçirməkdən qalmadı, lakin insanların çoxu alimlərin məsləhətinə əməl edərək evdə qaldı.

Qonşu ölkələr

Covid-19-a 27000-ə yaxın yoluxma hadisəsi qeydə alınan Ermənistanda, aprel ayının sonundan başlayaraq karantin rejimi tədricən yumşaldılmağa və may ayında iqtisadiyyat yenidən açılmağa başladı.

Ermənistanın səhiyyə naziri Arsen Torosyan BBC-yə açıqlamasında bildirib ki, yeni infeksiyaların sayı getdikcə artır, lakin ölkənin bir daha bağlanmağa imkanı yoxdur.

"Biz statistikaya əhəmiyyət vermədən virusla yaşamaq qərarına gəldik. Son məqsədimiz onu yox etmək deyil. Çünki bu mümkün də deyil. Sərhədlərimizi və müəssisələrimizi aylarla və illərlə bağlı saxlasaq digər səbəblərdən öləcəyik".

Qonşu Azərbaycanda da hər gün yüzlərlə yeni yoluxma hadisəsi qeydə alınmaqdadır.

Şəklin alt yazısı,

Ermənistan yoluxma hallarının yüksək olmasına baxmayaraq sərhədlərini və iqtisadiyyatını açmalı oldu.

Onun tənqidçiləri hökuməti pandemiya ilə mübarizədə avtoritar üsullardan istifadə etməkdə ittiham edir və həmin üsullar pandemiya ilə mübarizədə uğur gətirmir. Sosial mediada geniş yayılan görüntülərdə polisin karantin rejimini pozanları evlərindən alt paltarda sürükləyib çıxardığı əks olunub.

Məhdudiyyətlər qaldırılıb

Gürcüstanda bir çox müəssisə və restoran işini bərpa edib. Tibbi maskaların geyilməsi qapalı ictimai məkanlarda məcburidir və böyük yığıncaqlarda təbiq edilən məsafə gözlənilməsi və məhdudlaşdırma ilə bağlı sərt qaydalar mövcuddur.

Gürcüstan hökuməti iyulun 1-dən beynəlxalq turistlər üçün sərhədlərini aça biləcəyinə ümid edirdi. Lakin hələlik bu addım təxirə salınıb və buna görə də bu il ölkənin turizm sektorunun perspektivləri ürəkaçan deyil.

Şəklin alt yazısı,

Gürcüstan ictimaiyyəti səhiyyə qaydalarına riayət etdiyinə görə təriflənib

NCDC rəhbəri sayıqlıq ruhunda qalmaqdadır.

"Əgər Gürcüstan ətraf ölkələr arasında bir adaya və oazisə bənzəyirsə, bu, bizə bir dəqiqə belə arxayın olub istirahət etməyə haqq qazandırmır", - doktor Qamrexelidze 30 iyunda keçirdiyi mətbuat brifinqində bildirib.

"Gündəlik yeni yoluxma hadisələrinin sayının təkrəqəmli göstəricilərlə ifadə olunması bizə özümüzü rahat hiss etmək hüququ vermir. Biz daima hazır vəziyyətdə olmalıyıq." (bbc)

Mənbə: fed.az