Naxçıvanda yaşıllıqların götürülməsi Qaydası təsdiq edilib

Naxçıvanda yaşıllıqların götürülməsi Qaydası təsdiq edilib

“Naxçıvan Muxtar Respublikasında yaşıllıqların götürülməsi Qaydası” təsdiq edilib.

APA-nın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərar verib.

Bu Qayda meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, muxtar respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir.

Yaşıllıqların götürülməsi bu Qaydada göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir.

Yaşıllıqların götürülməsi Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir.

Yaşıllıqların götürülməsinə dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, qanunvericiliyə uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda, ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda, texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda aşağıdakı yol verilir. Bu Qaydada nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır.

Fiziki və hüquqi şəxslər (Ərizəçi) bu Qaydada nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər.

Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün bu Qaydada göstərilən sənədlər əlavə olmaqla, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur.

Bu Qaydada nəzərdə tutulan texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda halları ilə bağlı yaşıllığın götürülməsinə dair NMR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyinin verilməsi müddəti də daxil olmaqla, 3 təqvim günü ərzində yaşıllığın götürülməsi haqqında qərar qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir.

İstifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanı, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən yaşıllığın götürülməsi haqqında qərarının və yaşıllığın götürülməsi vərəqinin surəti 2 gün müddətində məlumat üçün NMR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilir.

Naxçıvanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqların götürülməsinə dair rəy istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə 2 gün müddətində təqdim edilir.

Bu Qaydada texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda halları NMR Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır, dərhal təqdim olunmuş sənədlər yoxlanılır, yerli qurumlar tərəfindən bir gün müddətində yaşıllığa yerində baxış keçirərək nəticəsi barədə Naxçıvanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilir. NMR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir təqvim günü ərzində yaşıllıqların götürülməsinə dair müvafiq rəy verilir və istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə həmin gün təqdim edilir.

Yaşıllığın götürülməsi vərəqi yaşıllıqlara dövlət nəzarətini həyata keçirən Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının işçilərinin və ictimai nəzarəti həyata keçirən şəxslərin tələbi ilə ərizəçi tərəfindən maneəsiz təqdim edilməlidir. Yaşıllığın götürülməsi vərəqi yaşıllığın götürüldüyü ərazidə hamının tanış ola biləcəyi yerdə yerləşdirilməlidir.

Yaşıllıqların yerinin dəyişdirilməsində (kökündən çıxarılmasında) ağac və kolların yeri dəyişdirilərkən (kökündən çıxarılarkən) onların kök sisteminin zədələnməməsi və yeni şəraitə uyğunlaşma qabiliyyətinin artırılması üçün gövdənin diametri 5 sm-ə qədər olan ağac və kolların torpaq topasının kvadratının diametri və ya tərəflərin ölçüləri 70 sm-dən az olmamalıdır. Gövdəsinin diametrinin hər bir santimetr böyüməsinə müvafiq olaraq torpaq topasının ölçüləri 10-13 sm artırılmalıdır. Diametri 15 sm-dən böyük olan ağacların yeri dəyişdirilərkən (kökündən çıxarılarkən) torpaq topasının ölçüləri 2,4х2,4х0,95 metr olmalıdır (ağac və kolların nisbi sükunət dövrlərində köçürülməsi zamanı onların kök ətrafı torpaq topası ilə birlikdə köçürülməsi zəruri deyil), vegetasiya dövründə yeri dəyişdirilən (kökündən çıxarılan) ağacların çətiri və kök sistemi boy stimulyatorları ilə işlənməlidir, sağlam, yaxşı inkişaf etmiş, böyük mexaniki və donvurma zədələri, quru təpəsi olmayan, eyni zamanda çətirinin 10-15 faizindən çox sahəsi qurumamış ağacların yeri dəyişdirilə (kökündən çıxarıla) bilər, bu Qaydada nəzərdə tutulan texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda halları istisna olmaqla, iyun, iyul və avqust aylarında və havanın temperaturu 25-dən yuxarı olan vaxtlarda ağac və kolların yeri dəyişdirilə (kökündən çıxarıla) bilməz, qurumuş, təpəsi qurumuş, çürümə, nekroz-xərçəng xəstəliklərinin əlamətləri olan, təhlükəli zərərvericilərlə sirayətlənmiş, diametri 25 sm-dən və hündürlüyü 9 metrdən böyük olan və 4 metr hündürlüyə qədər budaqlanmayan ağacların yeri dəyişdirilə (kökündən çıxarıla) bilməz, ağac və kolların yeri dəyişdirilən (kökündən çıxarılan) zaman forma vermə, sanitar və cavanlaşdırma məqsədi ilə onlar budanmalı, yeri dəyişdirilən (kökündən çıxarılan) ağac və kolların əkilməsi üçün torpaq sahələri əkinə ən azı 10-15 (on-on beş) gün qalmış hazırlanmalı tələbləri nəzərdə tutulur.

Bu Qaydada göstəriklən şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda (yaşıllığın binanın inşasından əvvəl salınması halı istisna olmaqla), ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda, texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda bərpa dəyəri ödənilmir.

Bu Qaydada göstərilən dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda halında yaşıllıqların götürülməsi bunu zəruri edən layihənin hesabına həyata keçirilir. Götürülən yaşıllığın bərpa edilməsi şərtilə kəsilməsi qanunvericiliyin tələblərinə uyğun bərpa edilir.

Mənbə: apa.az