Laçınlı məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə karantin rejimi ilə bağlı reydlər davam etdirilir

Laçınlı məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə karantin rejimi ilə bağlı reydlər davam etdirilir

 

Ağcabədi, 10 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisində koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması üçün həyata keçirilən maarifləndirmə xarakterli reydlər davam etdirilir. Laçın Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə yaradılmış mobil qruplar tərəfindən ərazidəki qəsəbə və obalarda əhalinin sıx olduğu məkanlarda, bütün ictimai-iaşə və ticarət obyektlərində mütəmadi olaraq maarifləndirmə işləri aparılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın Rayon İcra Hakimiyyəti başçısının və rayonun hüquq-mühafizə orqanları rəhbərlərinın iştirakı ilə məcburi köçkünlərin daha sıx məskunlaşdığı Taxtakörpü qəsəbəsi ərazisində növbəti reyd keçirilib. Reyd zamanı ərazidə fəaliyyət göstərən ictimai-iaşə və ticarət obyekti sahiblərinə Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə ciddi əməl olunması barədə müvafiq göstərişlər verilib, xüsusi karantin rejimi ilə bağlı təbliğat işləri aparılıb. Sakinlərlə söhbət zamanı ictimai yerlərdə sosial məsafənin gözlənilməsi şərti ilə tibbi maskalardan, dezinfeksiyaedici məhlullardan istifadənin, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi bir daha geniş izah olunub.

Karantin qaydalarının pozulması hallarına yol vermiş obyekt sahibləri və ya cavabdeh şəxslərə ciddi xəbərdarlıq edilərək belə hallara qarşı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görüləcəyi bildirilib.

Sakinlər koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işlərdən razılıqlarını ifadə edib, həyata keçirilən tədbirlərin onların sağlamlığı və təhlükəsizliyinə xidmət etdiyini bildiriblər.

Mənbə: azertag.az