Polisin ölümünə sevinən "insan"lar...

Polisin ölümünə sevinən "insan"lar...

Bütün dünyanı bürüyən koronavirus aylardır ölkəmizdə də həyatımızı alt-üst edib.

Hər gün yüzlərlə insan bu virusa yoluxur, onlarla insan dünyasını dəyişir. Vaxtaşırı ətrafımızda olan tanıdığımız insanlardan kiminsə virusa yoluxma xəbərini eşidirik.

Açığını deyim ki, koronavirus ilk yayıldığı vaxtlarda bəzi gözləntilərim var idi. Bəli, koronavirusun bəzi şeyləri yaxşıya doğru dəyişəcəyinə ümid edirdim.

Düşünürdüm ki, virusdan sonra insanlar dəyişəcək, müharibələr bitəcək, dünyada sevgi, insanlıq, mərhəmət höküm sürəcək. Amma çifayda...

Əksinə olaraq insanlıq daha çox korlandı, hamı bir-birinin ölümünə, virusa yoluxmağına sevinəcək qədər vəhşiləşdi.

Səbəb nədir?

Deməli, dünən Azərbaycanda karantin rejiminə nəzarət edən üç polis əməkdaşının virusdan dünyasını dəyişməsi ilə bağlı xəbər yayımladıq. Polis əməkdaşlarının ölümü mənə çox pis təsir etdi. Çünki aylardır polislərimiz gecə gündüz demədən yollarda, qalın “batinka”larda ayaq üstündə insanların keşiyində dururlar. Bəli, keşiyində!

Amma çox təəssüf ki, bəziləri bunu görməyəcək qədər kordur!

Təsəvvür edirsiniz, polislərin ölümü ilə bağlı hazırladığımız xəbərə sevinən “insan”lar oldu. Bunu görəndə dəhşətə gəldim. Bir gəncin ölümünə necə sevinmək olar? Bu qədərmi vəhşiləşmişik? Bu qədərmi insanlıqdan çıxmışıq? Necə ürəyiniz gəlir bir Azərbaycan polisinin ölümünə sevinməyə? O polis ki, aylardır bizim üçün küçələrdədir. O polis ki, dara düşən kim üstünə qaçırıq. Kim deyə bilər ki, polisin köməyinə ehtiyacı olmayıb və ya polisin ona köməyi dəyməyib.

Lap tutaq ki, heç vaxt polisdən kömək istəməmisiniz. Axı söhbət bir insan həyatından gedir. Onun da sizin kimi ailəsi, övladı, sevdikləri var. Təsəvvür edin, sizin ölən polis haqqında yazdığınızı, sevinməyinizi onun bir doğması oxuyur. Nə hisslər yaşadığınızı təsəvvür edə bilirsiniz? Olmaz, belə... İnsan olmağı, sevməyi öyrənək. Çünki bu çətin günlərdən bizi sevmək, dəyər vermək, bir olmaq qurtaracaq, parçalanmaq, bir-birimizə düşmən kəsilmək yox. Bizim bir düşmənimiz var – ermənilər!

Mahir Xəttab / Redaktor.az

 

 

Mənbə: redaktor.az