İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Rusiyada keçirilən beynəlxalq onlayn konqresdə iştirak ediblər

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Rusiyada keçirilən beynəlxalq onlayn konqresdə iştirak ediblər

 

Bakı,10 iyul, AZƏRTAC

Rusiyanın Sankt-Peterburq şəhərində “Elm, mühəndislik və texnologiya sahəsində yeni trendlər” mövzusunda IV beynəlxalq konqres keçirilib. Onlayn tədbirə Azərbaycan da daxil olmaqla ABŞ, Rusiya, İtaliya, Türkiyə, Gürcüstan və digər ölkələrdən onlarla alim və tədqiqatçı qoşulub. Konqresdə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları - şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, baş mütəxəssis Tamilla Bayramova və böyük elmi işçi Roza Şahverdiyeva məruzələrlə çıxış ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd son illərdə elm, mühəndislik və texnologiya sahəsində aparılan yeni tədqiqatları təqdim etmək, eləcə də alim, mühəndis və gənc tədqiqatçılar arasında əməkdaşlıq imkanlarını genişləndirməkdir.

Onlayn konqresdə proqram mühəndisliyi, elektrik mühəndisliyi, təhsil texnologiyaları, nanomühəndislik, nanotexnologiyalar, texnologiya və innovasiya mövzularında müzakirələr aparılıb.

Mənbə: azertag.az