Füzuli rayonunda mobil qruplar maarifləndirmə işlərini davam etdirirlər

Füzuli rayonunda mobil qruplar maarifləndirmə işlərini davam etdirirlər

 

Füzuli, 10 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirilir. Rayonda yaradılmış nəzarət qrupları və mobil qruplar müxtəlif yaşayış məntəqələri üzrə mütəmadi olaraq reydlər və maarifləndirmə işləri həyata keçirirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mobil qruplar tərəfindən növbəti maarifləndirmə işləri məcburi köçkünlər üçün salınmış Qayıdış qəsəbələrində həyata keçirilib. Aparılan profilaktik söhbətlər zamanı qrup üzvləri sakinləri bir daha karantin qaydalarına ciddi riayət etməyə çağırıblar. Qəsəbə sakinlərinə qoruyucu maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə etmək, məsafə saxlamaq, özlərində virusun əlamətlərini hiss etdikləri zaman dərhal Təcili Tibbi Yardıma müraciət etmək tövsiyə olunub.

Qayıdış qəsəbələrində maarifləndirmə işi ilə yanaşı, sanitar-dezinfeksiya tədbirləri də davam etdirilir. Qəsəbə sakinləri onların sağlamlığı və təhlükəsizliyi üçün dövlətimiz tərəfindən həyata keçirilən bütün tədbirləri dəstəklədiklərini bildirib, Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Mənbə: azertag.az