Tanınmış həkimdən özəl klinikaların süni qiymət artımına sərt reaksiya

Tanınmış həkimdən özəl klinikaların süni qiymət artımına sərt reaksiya

Koronavirusa qarşı mübarizənin aparıldığı şəraitdə sosial şəbəkələrdə özəl klinikalarda qiymətlərin süni şəkildə artırılması və formal ödəniş qəbzlərinin, yəni VÖEN qeyd edilməyən ödəniş qəbzlərinin verildiyi ilə bağlı məlumatlar paylaşılır.

Mövzu ilə bağlı Bizimyol.info Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayevin fikirlərini öyrənib.

“Ölkə başçısı və dövlət rəsmiləri dəfələrlə bəyan ediblər ki karantin dövrünü müharibə dövrü kimi qəbul etmək lazımdır. Bu dövrdə süni qiymət artımlarına yol vermək qətiyyən olmaz. Bu şərait özəl klinikalara da aiddir”,-deyə N.Abdullayev bildirib.

Nuran Abdullayev

Tanınmış həkim bildirib ki, özəl klinikalarda götərilən tibbi xidmətlər müqabilində xəstələrin ümumi sosial vəziyyəti nəzərə alınaraq qiymətlər ona uyğun təyin edilməlidir: “Karantin şəraitində qiymətlər müvafiq şəkildə hətta aşağı salınmalıdır. Bu vəziyyətdə diaqnostik, xüsusən kompüter tomoqrafiyası və qan analizlərinin qiymətlərinin artırılması yolverilməz haldır. Bu barədə ölçü götürülməlidir. Çünki bu dövrdə insanların sosial problemləri də başlayıb. Ona görə də xəstəxanaya gedəndə əvvəlki kimi büdcələrində kifayət qədər pul olmur ki, xidmətə pul verə bilsinlər. Amma sağlamlıqlarına görə xəstəxanalara müraciət etdikdə bir şəkildə ödəniş etməlidirlər.

Qiymət artımları belə davam edərsə, səhiyyə sisteminə inamsızlıq yaranacaq”.

Nuran Abdullayev bildirib ki, xəstələrə müraciət etdiyi yerin özəl və ya dövlət olması olmasının fərqi yoxdur: “Xəstələr üçün həkim və xəstəxana anlayışı var. Bugünki şəraitdə onlara özəl kliniklarda göstərilən tibbi xidmətin bu şəkildə olması dövlətə və səhiyyəyə inamsızlığı artıra bilər. Ona görə özəl klinikalar müvafiq qurumlar tərəfindən nəzarətə götürülməlidir.

Ümumiyyətlə isə dünya təcrübəsində pandemiya dövründə nəinki tibb sahəsində, eləcə də başqa sahələrdə süni qiymət artımına görə məsul şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar”.

Ramid İbrahimov

Mənbə: www.bizimyol.info