Avropa İttifaqı və Avropa Şurası Azərbaycanda gender bərabərliyinə dair birgə layihə həyata keçirir

Avropa İttifaqı və Avropa Şurası Azərbaycanda gender bərabərliyinə dair birgə layihə həyata keçirir

Avropa İttifaqı və Avropa Şurası Azərbaycanda “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II: Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsini həyata keçirir.

Avropa Şurasının Bakı Ofisindən APA-ya verilən məlumata görə, layihənin ümumi büdcəsi 500 000 Avrodur.

Büdcənin 80%-i Avropa İttifaqı, 20%-i Avropa Şurası tərəfindən maliyyələşdirilir.

Layihə Avropa Şurası tərəfindən həyata keçirilir və 1 iyul 2020-ci il tarixindən 31 dekabr 2021-ci il tarixinə qədər davam edəcək.

Layihənin məqsədi Azərbaycanda Avropa Şurasının “Qadına qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Konvensiyasına (İstanbul Konvensiyası)” və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılmasıdır. Bu layihə Azərbaycanın dövlət qurumlarına İstanbul Konvensiyasının imzalanması və ratifikasiyası, eləcə də milli qanunvericiliyin və siyasətin Avropa Şurası standartlarına uyğunlaşdırılması istiqamətində dəstək göstərməyə çalışır.

Layihə üç əsas fəaliyyət sahəsi üzrə nəzərdə tutulub:

- Qanunvericilik və siyasət çərçivəsində boşluqların təhlili;

- Məlumatlandırma tədbirləri;

- müvafiq tərəfdaşların bacarıqlarının gücləndirilməsi.

Layihədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İnsan Hüquqları üzrə Müvəkkilin Aparatı, Ədliyyə Nazirliyi, Ədliyyə Akademiyası, hüquqşünaslar, vətəndaş cəmiyyəti, qadına qarşı zorakılığın və məişət zorakılığının qurbanları və ümumi ictimaiyyət faydalanacaq.

Layihə İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair biliklərin təkmilləşdirilməsinə nail olmaq məqsədi daşıyır. Həmçinin, dövlət qurumlarının, İstanbul Konvensiyası da daxil olmaqla qadına qarşı zorakılıq və məişət zorakılığının aradan qaldırılması və ona qarşı mübarizə sahəsində Avropa Şurası standartlarına uyğun milli qanunvericilik və siyasətlərin hazırlanmasında dövlət qurumlarının bacarıqlarının gücləndirilməsi, qadına qarşı zorakılıq və məişət zorakılığı işlərində hüquqşünasların və dövlət qulluqçularının İstanbul Konvensiyası və gender bərabərliyi sahəsində Avropa Şurası standartlarına dair bilik və bacarıqları tətbiq etməsi də layihənin hədəfləri sırasındadır.

Qeyd edək ki, bu layihə, Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (II mərhələ, PGGII kimi də istinad olunur) çərçivəsində Azərbaycanla həyata keçirilən birgə layihədir.

 

Mənbə: apa.az