Verilən qərarların hirsini onlardan çıxmayın!

Verilən qərarların hirsini onlardan çıxmayın!

Kubra Məhərrəmova yazır...

Karantin hamımızı bezdirib. Evdə oturmaq, küçə-baca, qohumları-dostları görməmək, iqtisadi çətinliklər...

Kimsə biznesini itirir, kimsə işini, kimsə xeyli müddətdir yaşadığı evin kirayəsini ödəyə bilmir. Kimsə uşağına çörək ala bilmir. Bəli, bunun hamısını bilirik.

Amma bütün bunların acığını cəmiyyət olaraq niyə həkimlərdən çıxırıq ki?

Niyə sosial şəbəkələrdə onları incidəcək sözləri yazırıq?

Niyə onların çəkdiyi əziyyəti heç edirik?

Bununla öz cılız eqomuzu təmin edirik?

Axı məhz onların sayəsində xeyli vətəndaşımız sağalıb, evinə dönüb. Elə tanışlarımız arasında xeyli sağalan insanlar var. Hamımız bilirik ki, səhiyyə sistemimiz nə vəziyyətdədir. Bu gün olmayan sistemlə həkimlər nəyisə tənzimləməyə çalışırlar. Demirəm, bütün səhiyyə sistemində çalışan həkim və tibb personalı mələkdir. Amma bu dəqiqə bu dəhşətin qabağını alan kifayət qədər peşəkar, bilikli, ləyaqətli həkimlərimiz və tibb işçilərimiz var. Onları niyə təhqir edirsiniz?

Niyə TƏBİB-in, operativ qərargahın sizi, bizi qane etməyən qərarlarının heyfini onlardan çıxırsınız? Çünki onların cavab verməyə vaxtı yoxdu? Yoxsa elə bilirsiniz, istəsələr, onları təhqir edənləri polisə verə bilməzlər? Bilərlər, sadəcə bəziləri “evdə canım sıxıldı, girim “Facebook”a görüm hansı həkimi linc edirəm” düşünəndə, onlar kiminsə həyatını xilas edir.

Amma onların yerinə mən cavab vermək istədim. Ey gözəl, ulu, gözəl millətin bəzi nümayənləri!

Birincisi, bu həkimlər artıq dörd aydır ki, dayanmadan virusun ən çox olduğu məkanda - xəstəxanalarda çalışırlar. Birbaşa virusla təmasdadırlar.

8-10 saat növbə çəkirlər. Qoruyucu geyimlərdə, maskalarda, üz sipərlərində... Yorulurlar. Tərin-suyun içində... Yemirlər-içmirlər. Xəstənin vəziyyəti ağırlaşanda təcili tədbirlər görürlər, çünki xəstənin “pause” düyməsi yoxdu. Dərhal onu vəziyyətdən çıxarmağa çalışırlar. Daşdan-dəmirdən deyillər. Nə qədər psixoloji güclü olsalar, bir gün çökürlər. Onların da immum sistemi zəifləyir. Bunu başa düşürsünüz, ya yox?

Əgər kimsə bu növbənin çətinliyinə şübhə edirsə, belə “ürəkli” adamdırsa, buyursun, getsin, bir gün həkimlərə kömək etsin. Heç nə yox, elə ortalığı təmizləsin. Sonra o adamın halına baxarıq. Əgər o adam iki saatdan sonra oradan qaçmasa, nə deyirsiniz, deyin.

“Həkimlərin canı çıxsın, onlara buna görə maaş yazırlar” deyənlər... Burdan sizə deyirəm ki, Allah sizin qəlbinizə mərhəmət versin! O cəhənnəmdə beş nədir, 20 mislin sizə versələr, dayana bilməzsiniz. Birincisi, sizin elə savadınız yoxdur, olsaydı, oxuyub daha ziyalı olardınız. Belə axmaq-axmaq fikirlər yazmazdınız.

İkincisi, Allahdan istəyirəm, həkimlər bir günlük fonendaskopu qoyalar yerə, deyələr ki, onsuz da “qrip kimi xəstəlikdir”, özünüz yola verin. Limonlu çay için düzələcək. Xəstəxanaları tərk edib, evlərinə gedələr. Dörd aydır görmədikləri övladlarının, valideynlərinin yanına... Daha gecə-gündüz nalə çəkən xəstələrin səsini eşitmədən...

Hə, onda xəstə yiyələri üzərilərinə benzin töküb yandıracaq ki, “ay camaat, bizi qırırlar! Qoymayın, həkimlər getdi”. Bir saat Azərbaycanda fəaliyyət göstərən həkimlərin hamısı işini dayandırsa, bircə saat... Qırılıb gedərsiniz, hamınız!

Heç olmasa, sakit oturun. Həkimlərə minnətdarlıq göstərməyə qabiliyyətiniz çatmırsa, heç olmasa, onların xətirlərinə dəyməyin. Onlar sizin yazdığınız təhqirləri oxuyurlar. Və yenə də böyüklük göstərib, yenidən növbəyə yollanıb, xəstələri müalicə edirlər. Kiminsə həyatını xilas edirlər.

Vacib qeyd: koronavirus epidemiyası ilə mübarizə aparan Azərbaycan əhalisinin hər 10 min nəfərinə 32 həkim, 54 tibb işçisi düşür. Bu, Statistika Komitəsinin yanvarın 1-nə olan məlumatıdır. Bu gün həkim və tibb işləri arasında virusa yoluxma sayı durmadan çoxalır. Biz hər gün hansısa həkimin yoluxması, ya da vəfatı barədə eşidirik.

Davanız varsa, gedin, operativ qərargaha, TƏBİB-ə yazın. Həkimlərdən əl çəkin! Vəzifəsindən sui-istifadə edənlər varsa, yazın, şikayət edin.

Amma səkkiz saatlıq cəhənnəmdə, “qırmızı zonada” çalışandan sonra fotosu çəkilən həkimlərlə işiniz olmasın! Onlara əl uzatmayın!

Vicdanınız varsa, heç olmasa, onlar üçün dua edin.

Bu gün pandemiya ilə mübarizə aparan hər bir həkim, reanimatoloq, anestezioloq, pulmonoloq, tibb işçisinə bir vəfa borcum var. 65 yaş deməyib Təcili Tibbi Yardım briqadalarında xəstə müayinəsinə gedən yaşlı həkimlərə vəfa borcumuz var. Bu istidə bircə qurtum su içə, qoruyucu geyimlərin altında nəfəs ala bilməyənlərə vəfa borcumuz var.

Tanrı sizi qorusun! Tanrı sizi həm koronavirusdan, həm də ikiayaqlı viruslardan qorusun! Amin.

Mənbə: www.oxu.az