Karantin qaydalarını pozanlara qarşı ictimai qınağı necə gücləndirmək olar…

Karantin qaydalarını pozanlara qarşı ictimai qınağı necə gücləndirmək olar…

Könül İsmayılova: “Ölkəmizdə ictimai qınaq mexanizmi tam formalaşmayıb, ictimai etirazlar yoxdur”

Qapalı yerlərdə maska taxmayan, məsafə saxlamayan vətəndaşlara qarşı cərimələr nəzərdə tutulsada, hər gün mağazalarda, ictimai nəqliyyatda maskasız insanlarla rastlaşırıq. Sağlamlığımızı risk altına alan bu şəxslər real vəziyyətin ciddiliyinə, kritikliyinə etinasız yanaşır.

Ölkə ictimaiyyətinin ümumi qənaətinə görə, xüsusi karantin rejimi qaydalarını pozan, məsafə saxlamayan, qapalı məkanlarda maskadan istifadə etməyən insanlara qarşı ictimai qınaq mexanizmi həyata keçirilməlidir. Bunu görən başqa vətəndaş o cür məsuliyyətsiz insanları tənbeh etməli və başa salmalıdır. Eyni zamanda hər hansı bir şəxsin yol verdiyi yanlış hərəkətlərin cəmiyyətə bəxş etdiyi mənfi fəsadları insanların diqqətinə çatdırmaq lazımdır.

“Cərimələr və inzibati cəzalarla yanaşı, vətəndaş mövqeyi və ictimai qınaq mütləq olmalıdır”

Psixoloq Könül İsmayılova bildirdi ki, mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirləri bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da xəstələyin yayılma sürətini artırıb. Xəstəliyin sürətlə yayılmasının səbəbi insanların karantin qaydalarına riayət etməməsidir: “Qaydalar isə çox sadədir – lazım olmadıqca evdən çölə çıxmamaq, tibbi maska taxmaq, sosial məsafəni saxlamaq və gigiyenik qaydalara riayət etmək. Ancaq bəzi vətəndaşlar bu qaydalara əməl etmirlər. Onlar ictimai, qapalı məkanlarda olarkən nə sosial məsafə saxlayır, nə də tibbi maskadan istifadə edirlər. Nəticədə isə koronavirusa yoluxanların sayı dayanmadan artır.

Artan yoluxma sayı pandemiyaya qarşı ölkəmizdə həyata keçirilən effektiv tədbirləri minimuma endirir və davam edərsə, daha acı nəticələrlə üzləşəcəyimiz barədə SOS siqnalı verir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, əhali karantin qaydalarına biganə yanaşır: “Cərimələr və inzibati cəzalarla yanaşı, vətəndaş mövqeyi və ictimai qınaq mütləq olmalıdır. İctimai qınaq mexanizmi bir sıra ölkələrdə effektiv mübarizə üsulu kimi özünü göstərməkdədir. Azərbaycanda pandemiyanın ilk günlərindən

dövlət tərəfindən “COVİD 19”la mübarizədə xalqı qorumaq üçün lazımı addımlar atılır. Vətəndaşlar da koronavirusla mübarizəyə eyni həssaslıqla yanaşmalı və əhalinin sağlamlığı üçün tələb olunan karantin qaydalarına əməl etməlidir. Hər şeydən öncə vətəndaşların özlərində qanun pozuntusuna qarşı ictimai qınaq olmalıdır”.

Psixoloqun sözlərinə görə, ölkəmizdə ictimai qınaq mexanizmi tam formalaşmayıb: “İctimai etirazlar yoxdur. Adətən bu, məişət səviyyəsində edilir. Müşahidələrimə əsasən deyim ki, vətəndaşlar kiməsə irad bildirən zaman son dərəcə aqressiv və kobud ifadələrdən istifadə edir. İctimai qınaq edənlər bəzən qarşıdakı adamı təhqir edirlər, bu zaman da aqressiv reaksiya ilə üzləşirlər. Aqressiv, əsəbi şəkildə ictimai qınaq tələb etmək olmaz. İlk növbədə davranmağı və ünsiyyət formamızı hələ bir az formalaşdırmalıyıq. Axı kimsə kimisə qınaq edəndə, hansı reaksiyanı görəcəyini bilmir”.

Qeyd edək ki, ictimai qınaq böyük qüvvədir, sadəcə ortada qınanmalı bir şey varsa... O ki qaldı, karantin rejimində sosial məsafə saxlamağa, burada ictimai qınaq hökmən olmalıdır. Əgər hardasa növbə gözləyəndə, kimsə sosial məsafə tələbinə əməl etmirsə, o zaman sıradakı digər insanlar buna öz etirazını bildirməli, onu sosial məsafə saxlamağa səsləməlidir. Lakin təəssüflər olsun ki, insanların bəzisi ictimai qınaq amilinə o qədər də önəm vermir.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com