Zaqatalada koronavirusun qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə rayonda ardıcıl işlər aparılır. Bu məqsədlə Zaqatalada operativ qərargah fəaliyyət göstərir. Operativ qərargah tərəfindən karantin rejiminin tələblərinə, dövlətin zəruri bildiyi bütün qaydalara, tapşırıq və tövsiyələrə uyğun addımlar atılır, məsul şəxslərə müvafiq tapşırıqlar verilir.
Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə fəaliyyət göstərən 58 mobil qrup və hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən əhalinin sıx olduğu məkanlarda, bütün ictimai-iaşə və ticarət obyektlərində mütəmadi reydlər keçirilir. Nəticədə qaydaları pozan 140 obyekt sahibinə xəbərdarlıq edilib.
Həmçinin sakinlərlə ictimai yerlərdə sosial məsafənin gözlənilməsi şərtilə tibbi maskalardan, dezinfeksiyaedici məhlullardan istifadənin, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyinə dair geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır. Yaradılmış mobil qruplar tərəfindən vətəndaşlara, virusdan qorunma qaydalarını bildirən bukletlər və qoruyucu maskalar paylanılır.
Eyni zamanda, qaydaların pozuntusuna yol vermiş obyekt sahibləri və ya cavabdeh şəxslər barədə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür. 42 fiziki şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2- ci maddəsi ilə cərimə edilib.
Rayonda martın 23-dən iyulun 7-dək 5237 nəfərdən koronovirus infeksiyasına qarşı analiz nümunələri götürülüb, 32 nəfərdə COVID -19 diaqnozu təsdiqlənib. 3 nəfər tam müalicə kursu alaraq evə buraxılıb. Hazırda qeydiyyatda olan 29 xəstə təlimata uyğun olaraq, karantinə alınıb və ev şəraitində müalicə kurslarını davam etdirir. Yoluxanlardan 13 nəfər Diaqnostika Mərkəzində işlədiyi üçün mərkəzin fəaliyyəti məhdudlaşdırılıb.
GEM-in mütəxəssisləri tərəfindən rayonda qeydə alınmış xəstələrin hər birinin yaşadığı ünvanda epidemioloji təhqiqat aparılıb, xəstə ilə təmasda olmuş 183 nəfərdən yaxma götürülərək Şəki regional laboratoriyasına göndərilib.
Həmçinin, infeksiyanın yayılması hallarının qarşısının alınması üçün rayon GEM tərəfindən 61 coxmənzilli binanın girişi və onların həyəti 6 dəfə, tam orta ümumtəhsil məktəbləri və məktəqədər təhsil müəssisələri 2 dəfə, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci, Şahmat məktəbi, Uşaq gənclər idman məktəbi, idarə, müəssisə və təşkilatlar, poçt şöbələri və sahibkarlıq obyektləri, rayonun küçə və meydanları istirahət parkları və 400-dən çox məişət tullantılarının konteyner meydançaları dezinfeksiya edilib.
Rayon sakinlərinin sosial təminatı da daim diqqət mərkəzindədir. Belə ki, karantin müddətində rayonda 4000-dən çox aztəminatlı ailəyə, xəstə və ahıl insanlara ərzaq yardımları olunub. Belə ki, RİH-nin başçısı tərəfindən 600-dən çox, “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondu tərəfindən 500, “Bravo” supermarketi tərəfindən 322, Balakən--Zaqatala dairəsindən deputat seçilmiş Kamilə Əliyeva tərəfindən 60, 110 saylı Zaqatala dairəsi üzrə millət vəkili seçilmiş Elşən Musayev tərəfindən 70, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 80, AHİK tərəfindən 50, Azərbaycan Neft və Sənaye Universitetinin professor-müəllim heyəti tərəfindən 33, Bismak şirkəti tərəfindən 50, rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanları tərəfindən, sahibkarlar, iş adamları, eləcə də ayrı-ayrı müəssisə və təşkilatlar tərəfindən ərzaq yardımları ehtiyacı olan insanlara çatdırılıb. Rayonda Regional İnkişaf İctimai Birliyi tərəfindən “Biz birlikdə güclüyük!” aksiyasına onlayn müraciət etmiş 1598 vətəndaşa ərzaq yardımları çatdırılıb. Eləcə də Heydər Əliyev Fondu tərəfindən sağlamlıq imkanları məhdud 611 uşağa, “Bravo” supermarketi tərəfindən başçısını itirmiş 339 ailəyə yardımlar rayona göndərilib.
Müqəddəs Ramazan ayı ilə bağlı rayon icra hakimiyyətinin başçısı və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti rəhbəri tərəfindən 15 may 2020-ci il tarixdə 150 aztəminatlı ailəyə, xəstə və ahıl insanlara ərzaq yardımları olunub. Azərbaycan dövləti ətrafında sıx birləşmiş vətəndaşlarımız pandemiyaya qarşı mübarizədə mütəşəkkilliklə, bir nəfər kimi iştirak edirlər.

 

İ.HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Xalqqazeti.com

ƏVVƏLKİ XƏBƏR

Dövlətin media siyasəti azad, demokratik jurnalistikanın inkişafını təmin edir

SONRAKI XƏBƏR

Birinci vitse-prezidentin şəhid ailələrinə qayğısına Mingəçevirdən əks-səda