“Daha pis olacaq” deməklə: Virusun yayılmasının qarşısı alınırmı?

“Daha pis olacaq” deməklə: Virusun yayılmasının qarşısı alınırmı?

Bir neçə ay əvvəl koronavirusun yayılmasına qarşı ölkəmizdə aparılan tədbirləri effektiv hesab etmək mümkün idisə, indi aparılan mübarizədən narazılıq artmaqdadır.

İstər TƏBİB-in, istərsə ÜST-ün nümayəndələri daim virus təhlükəsinin artdığından, payızda vəziyyətin daha kritik olacağından bəhs edirlər. Əhalini təşviş içində saxlamağa, ümidlərini üzməyə xidmət edən bu siyasət isə virusun sürətlə yayılmasının qarşısını almır.Əksinə, insanların səhhətində digər problemlərin yaranmasına xidmət edir.

Dənizkənarındakı sərin villasında oturub, insanları evdən çıxmamağa səsləyənlər, rayonlara giriş-çıxışın açmamağa çağırış edənlər heç də sadə vətəndaşların durumunu dəyərləndirə bilmirlər.

Bununla belə, karantin tədbirləri effekt verirmiş kimi onun əhatə dairəsi genişləndirilir.

Xatırladaq ki, bir neçə gün öncə Göygöl şəhəri və Goranboy rayonu da sərt karantin rejiminin tətbiq edildiyi ərazilərin sırasına daxil edilib.

Onu da qeyd edək ki, artıq rəsmən açıqlanan yoluxma sayı ilə bağlı rəqəmlər də bəzən şübhə altına alınır.Belə ki, bir neçə gün öncə həkim infeksionist Vüsalə Yusifova yerli mətbuata açıqlamasında gündəlik yoluxma sayının 1000 nəfərdən artıq olduğunu bildirib.

TƏBİB-dən Cebhe. info-ya verilən açıqlamada isə evdə qalaraq, xəstəliyi ilə bağlı məlumat verməyənlərin ola bilməsi təkzib edilməyib.

Belə olduğu təqdirdə, bu cür tədbirlərin davam etdirilməsi və əhatə dairəsinin genişləndirilməsinə nə ehtiyac var? Bu tədbirlərlə yoluxmanın qarşısını almaq mümkün deyilsə, niyə əhali evlərində qapadılır, rayonlara çıxışa imkan verilmir?

Həkim terapevt Rasif Bağırov deyir ki, əslində, Azərbaycanın bütün rayonlarında koronavirusa yoluxma yüksək dərəcədədir:

“İnsanlarda belə bir düşüncə var ki, rayonlarda yoluxma yoxdur, ancaq Bakıda var. Amma rayonlarda da kifayət qədər yoluxma var. Müəyyən əlaqələrimiz var. Bəzi xəstələri danışdıranda deyirlər ki, kəndimizdə hamı qızdırmalıdır, öskürür. Bir sözlə, rayondakılar “Allahın ümidinə” qalıb. Hesab edirəm ki, rayonlardan Operativ Qərargaha müntəzəm məlumat daxil olmur”.

Həkim terapevt deyir ki, koronavirusla mübarizə tədbirləri bütün ölkəni əhatə etməlidir:

 

“Bütün resurslar prosesə cəlb olunmalıdır ki, onun qarşısı alınsın. İnformasiya bağlılığı güclü təşkil olunmalıdır.Tətbiq olunan karantin tədbirləri isə qənaətbəxş deyil.Aparılan tədbirlər epidemiya ilə mübarizəyə yox, əksinə, onun yayılmasına xidmət edir.Bakı əhalisinin 60 faizindən çoxu metrodan istifadə etdiyi halda onu bağlayıblar.Əvvəl seyrək olan avtobuslar indi dolu olur.Bu isə epidemiyanın yayılması üçün əlverişli şərait yaradır.Məgər bu mübarizə metodurmu?!Əksinə, nəqliyyat vasitələrində seyrəklik yaradılmalıdır.Əgər ictimai nəqliyyatda epidemiyanın yayılmasını istəmirlərsə, ictimai nəqliyyat növlərinin sayını artırmaq, intervalları azaltmaq lazımdır ki, insanlar lazımı formada bundan istifadə edə bilsin.Bu adi bir məsələdir, bunu tətbiq etmək üçün nə Oksford, nə də Harvard universitetlərini bitirmək lazımdır.Adi düşüncə ilə yanaşanda da görürsən ki, bu cür vəziyyətdə infeksiyanın yayılmasının qarşısı alınmayacaq, əksinə, sürətlənəcək”.

Xatirə Nəsirova
Cebhe.inf

Mənbə: cebhe.info